“Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) olaraq dünən axşam və bu gün də hadisə yerində olmuşuq. Dünənə baxmayaraq hazırda ərazidə sakitlikdir və heç bir narahatlığa əsas yoxdur”.
Bu sözləri Modern.az-a açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev deyib. O, qeyd edib ki, baş verən hadisələr Rusiyada yaşayan hər bir azərbaycanlını narahat edib.
““Pokrov” meyvə-tərəvəz bazası bağlanılıb. Bizə deyiblər açılacaq, amma bilinmir nə vaxt. Burada bütün millətlərdən nümayəndələr var və azərbaycanlılar üstünlük təşkil edir. Bazanın bağlanması nəticəsində nə qədər insan işsiz qalıb. Eyni zamanda bu Moskva və ətraf bölgədə meyvə-tərəvəzin bahalaşmasına səbəb olub. Çünki Moskva və ətraf bölgələrə meyvə-tərəvəz buradan paylanılırdı. Moskva polisi bazarı gücləndirilmiş iş rejimində qoruyur, çünki hər zaman təhlükə var. Rusiyada bəzi siyasətçiləri var ki aranı qarışdırırlar. Məsələn, bu gün Vladimir Jirinovski insanları hücuma çağırır”.
İ. Hacıyev bildirib ki, təhlükə təkcə azərbaycanlılar deyil, bütün qafqazlılar üçün var. “Saxlanılan miqrantlar arasında azərbaycanlı yoxdur. Amma deyim ki, məlum hadisədən sonra bütün bazarlarda yoxlamalar aparıldı”.
Qeyd edək ki, Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed” Qərbi Biryulevo rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və meyvə-tərəvəz bazarına hücum ediblər. “Skinhed”lər ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantlara hücum edərək onları ölümcül döyüblər. Hadisə yerinə xüsusi-təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər. Rus millətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Rusiya hüquq-mühafizə orqanları qətli törədən şəxsin tapılması istiqamətində geniş miqyaslı əməliyyat tədbirləri həyata keçirib. Bu səbəbdən paytaxtın bütün ticarət bazalarında kompleks yoxlamalara başlanılıb. Qətldə şübhəli bilinən azərbaycanlı Orxan Zeynalov saxlanılıb.
Aytən Əliyeva