Modern.az-ın məlumatına görə, Qarabağ Azadlıq Təşkilatı da Rusiyanın rəsmi dairələri və mətbuatının azərbaycanlı Orxan Zeynalovla bağlı apardığı qərəzli kampaniyanı və antiazərbaycan təbliğatını qətiyyətlə pisləyib.
”Biz günahı məhkəmə qərarı ilə sübut olunarsa, Orxan Zeynalovun istənilən cəzanı çəkməsinin tərəfdarıyıq. Lakin heç bir sübut olmadan Orxan Zeynalovun artıq cinayətkar elan olunmasını və bu hadisə üzərindən Azərbaycana qarşı çirkin kampaniyanın aparılmasını, Rusiyada antiazərbaycan əhval-ruhiyyəsinin yaradılması və gücləndirilməsini yolverilməz hesab edirik”-deyə QAT-ın bəyanatında bildirilib.
QAT daha sonra bəyan edib:
”Rusiya hökuməti və mətbuatının nəzərinə çatdırırıq ki, etnik ruslar 200 ilə yaxındır ki, Azərbaycana gəliblər, onlar Azərbaycanda bu günə qədər heç bir təzyiq, təhdid və ayrıseçkiliyə məruz qalmayıblar, hətta ayrı-ayrı yaşayış məntəqələri də tam onların ixtiyarına verilib, onlara öz dini, milli, etnik tələblərinə, yazılmamış “qanunları”na uyğun yaşamalarına şərait yaradılıb. Bir nəfər rusun belə qalıb yaşamadığı Ermənistandan fərqli olaraq 100 min nəfərdən artıq rusun Azərbaycanda yaşaması Azərbaycan xalqının tolerantlığının göstəricisidir. Ermənistanda etnik təmizləməyə məruz qalıb qovulan rusların da bir hissəsi yaşamaq üçün Azərbaycana gəlib. Rusiya dövləti dəfələrlə Azərbaycana qarşı cinayətlər törədib, biz Qarabağ hakimi İbrahim xanın ailəsi, o cümlədən uşaqlar və qadınlarla birlikdə xaincəsinə qətlə yetirilməsini, Gəncə hakimi Cavad xanın məhv edilməsini, 1918-1920-ci illərdə azərbaycanlıların qətliamında rusların iştirakını, 1990-cı il 20 Yanvar qırğınını, 366-cı rus alayının Xocalı soyqırımındakı rolunu və digər hadisələri unutmamışıq, lakin bütün bunlara baxmayaraq rus xalqı və dövləti ilə normal qonşuluq münasibətlərini saxlamışıq.
Biz rus hökuməti və xalqına bildiririk ki, Azərbaycan xalqının səbri tükənməz deyil, bizi adekvat addımlar atmağa məcbur etməsinlər. Azərbaycanlılar Rusiyaya qaçaq yolla, gizli şəkildə deyil, Rusiya qanunları əsasında gedir və həmin qanunlara uyğun olaraq işləyirlər. Əgər azərbaycanlıları sevmirlərsə, qoy qanun qəbul etsinlər, ondan sonra azərbaycanlılar bir də Rusiyaya getməyəcəklər.
Biz Rusiyada azərbaycanlılara qarşı çirkin, rasist, irqçi kampaniyanın aparılmasını, azərbaycanlılara qarşı təzyiq və təqiblərin təşkilini, onların ticarət və digər müəssisələrinin dağıdılmasını, talan edilməsini, Orxan Zeynalovun saxlanılarkən zora məruz qalmasını, təhqir edilməsini, məhkəmə qərarı olmadan cinayərkar elan edilməsini qətiyyətlə pisləyir və hesab edirik:
1. Azərbaycan hökuməti bu cür antiazərbaycan siyasəti yeridən Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır.
2. Rusiya hökuməti antiazərbaycan kampaniyasına dərhal son qoymalıdır, əks halda Azərbaycanda yaşayan ruslara qarşı atılacaq hər hansı adekvat addımın məsuliyyəti Rusiya hökumətinin üzərinə düşəcəkdir.
3. Rusiya hökuməti azərbaycanlıların obyektlərinə hücum və talan təşkil edənləri yalançı cərimələrlə deyil, ciddi şəkildə cəzalandırmalı, azərbaycanlılara dəyən zərəri ödəməlidir.
4. Orxan Zeynalovu saxlayarkən vəhşiliklər törətmiş və işgəncələr vermiş şəxslər aşkarlanmalı və cəzalandırılmalıdır.
5. Rusiya hüquq-mühafizə orqanlarının, xüsusilədə Daxili işlər nazirinin qərəzli mövqeyini əsas götürərək və Orxan Zeynalovla bağlı obyektiv araşdırmanın aparılacağına heç bir inamın olmadığını nəzərə alaraq onun dərhal Azərbaycana ekstradisiya olunması təmin edilməlidir.
6. Azərbaycanlı hüquq müdfiəçiləri və ombudsman dərhal Orxan Zeynalovla görüşməli, istintaqın gedişi, onun saxlanma şəraiti ilə tanış olmalıdır. Azərbaycan dövləti tərəfindən O. Zeynalova vəkil tutulmalıdır.
7. Qarabağ Azadlıq Təşkilatı Rusiya hökumətinin apardığı antiazərbaycan kampaniyasının ermənipərəst mövqenin göstəricisi olduğunu, işğalçı Ermənistanın maraqlarına xidmət etdiyini, erməni lobbisinin sifarişi ilə həyata keçirildiyini və buna görə də hadisələrin gedişini diqqətlə izlədiyini, Azərbaycan dövlətinə, xalqına qarşı atılacaq istənilən addımla bağlı Azərbaycandakı Rusiya səfirliyi və rus əhalisinə münasibətdə adekvat tədbirlərin görüləcəyini bəyan edir”.