Modern.az

Rasim Musabəyovla Aslan İsmayılov arasında QALMAQAL

Rasim Musabəyovla Aslan İsmayılov arasında QALMAQAL

Təhsil

17 Oktyabr 2013, 12:52

Millət vəkili Rasim Musabəyov hüquqşünas Aslan İsmayılovun onun haqqında yalan məlumat yayması məsələsinə aydınlıq gətirib. Modern.az xəbər verir ki, bu barədə millət vəkili öz Facebook səhifəsində paylaşıb.

“Bir neçə gün əvvəl Aslan İsmayılov öz Facebook səhifəsində mənim fəaliyyətimi təftiş etməyə cəhd göstərdi, barəmdə yalan məlumat yazmaqla hüquqşünasa yaraşmayan hərəkət etdi. Burdan ona cavab vermək qərarına gəldim. 
Aslan İsmayılov, Sənin məndən xoşun gəlməyə bilər (bu qarşılıqlıdır), lakin bu əsas vermir ki, mənim barəmdə üç cümlədə dörd yalan yayasan.

1-ci yalan. Mən Azərbaycanda 1990-91-ci illərdə Bakı şəhər Partiya Komitəsində şöbə müdiri olmuşam. Həmin dövrdə çalışanlar yaxşı bilirlər ki, Azərbaycan Kommunist Partiyasında az saylı insanlardan biri olmuşam ki, açıq-aşkar Pribaltika respublikaların modeli üzrə islahatlar tərəfdarı kimi çıxış edirdim. Yəni, heç də sənin söylədiyin kimi sovet quruluşun müdafiəçisi olmamışam (həmin dövrə aid çoxsaylı məqalə və müsahibələrimin sürətlərini göndərə bilərəm).
2-ci yalan. Mən heç vaxt Vaqif Hüseynovun köməkçisi olmamışam. Uzaq 1974-76 illərdə, Vaqif Hüseynov Azərbaycan komsomolunun 1-ci katibi olanda mən tələbə-gənclər şöbəsinə rəhbərlik etmişəm. Moskvada Mərkəzi Komitənin aparatında çalışdığım dövrdə də onun tabeçiliyində olmamışam. 1981-ci ildə Vaqif Hüseynov Bakıda şəhər Partiya Komitəsinin 
1-ci katibi təyin olanda məni yanına işə dəvət etsə də, onun təklifini qəbul etmədim və Moskvada qaldım. 1990-cı illərdə vətənə dönəndən sonra mənim Vaqif Hüseynovla nə xidməti, nə də ki şəxsi münasibətim olmayıb. O, öz memuarlarında bizim heç də yaxşı münasibətlərimiz olmadığı barədə yazıb. Dediklərimdə əmin olmaq istəsən “Vikipedia”da olan bioqrafiyalarımıza və Vaqif Hüseynovun memuarlarına müraciət edə bilərsən. Onlar internetdə var. 
3-cü yalan. Mən heç vaxt İsa Qəmbərə müşavirlik etməmişəm, 1995-2005-ci illərdə Müsavatın Divan üzvü olmuşam. Müsavat funksionerləri təsdiqləyə bilərlər ki, başqanın yaxın ətrafına daxil olmağa çalışmamışam və məsafəni saxlamışam. 2000-ci illərin əvvəllərində İsa Qəmbərin müavini olmaq təklifini qəbul etməmişəm. Çox vaxtı Divanın müzakirələrində mən xüsusi mövqe tutmuşam. Müsavat Partiyasının üzvü olsam da, müsavatçılıq ideologiyasını bölüşmədiyimi gizlətmirdim. O vaxtı partiyada liberallarla millətçilərin arasında gedən diskussiyalarda qəzetlər bu barədə yazıblar. 2005-ci il parlament seçkilərində Zəminə Dünyamalıyevanın xeyrinə namizədliyimi geri götürməkdən imtina etdim. “Azadlıq” blokunun birliyinə xələl gətirməmək üçün və İsa Qəmbərin şəxsi xahişini nəzərə alaraq, mən Müsavat sıralarını tərk etdim. Bütün bunlar KİV-də geniş işıqlandırılıb. Həvəsin olsa tanış ola bilərsən.
4-cü yalan. Doğrudur, mən Soros Fondunun İdarə Heyətinin üzvü olmuşam. Lakin xatırlamıram ki, Fond Heydər Əliyevə qarşı yönələn hər hansı bir kitabın nəşrinə dəstək versin və kimsə belə bir təkliflə çıxış eləsin. Fondun nəşriyyat proqramı çox cüzi olduğuna görə, o, əsasən qərbin tanınmış politoloq və iqtisadçılarının kitablarının tərcüməsinə və Hikmət Hacızadənin elektron kitabxanasının dəstəklənməsinə yönəlmişdi. Soros Fondunun İdarə Heyətinin üzvlərinin adları məlumdur və onlar sənin də ətrafında var (Arif Əliyev və Rəşid Hacılı). Mənim və Fondun fəaliyyəti haqqında onlardan maraqlana bilərsən”.

R. Musabəyov Aslan İsmayılovu şayiələrə deyil, faktlara söykənməsini məsləhət bilib.

“Axı sən özünü az qala Azərbaycanın bir nömrəli hüquqşünası hesab edirsən. Belədirsə, şayiələrə yox, faktlara söykənməlisən. Hər halda, nəyisə iddia etməmişdən əvvəl bu və ya digər məlumatların gerçək olduğunu yoxlamaq lazımdır. Ona görə də, zəhmət çək, söylədiklərini mənim qeydlərimlə müqayisə et - mənbələr üzrə yoxlama da apara bilərsən. Əgər peşəkarlığın qalıbsa, onda cəsarət tapıb təkzib verərsən. 
Ölkədə gedən siyasi proseslər və onun iştirakçıları olan siyasətçilər haqqında fikir bildirmək mənim öz işimdir. Səndən fərqli olaraq mən heç vaxt kiminsə haqqında yalan və şayiə yaymamışam, birbaşa və əsaslandırılmış fikir səsləndirmişəm”.

Qeyd edək ki, Aslan İsmayılov 9 oktyabr prezident seçkilərinin nəticələri ilə bağlı Facebook səhifəsində Rasim Musabəyovun keçmiş fəaliyyətinə toxunaraq hadisələrə reaksiyasını şərh edib.

“Rasim Musabəyovun bu mövzuda canfəşanlıq etməsi isə insanda ürəkbulandırması qaldırır. Sovet hakimiyyəti dövrü bu gün YAP-çılardan bərk bağıran Rasim Musabəyov sədaqətlə keçmiş “KQB”-nin sədri Vaqif Hüseynova qulluq edirdi və onun ən fəal köməkçisi idi. Yeni dövrdə o, tez missiyasını dəyişib Müsavat başqanı İsa Qəmbərin müşaviri oldu. Mən özüm dəfələrlə onun İsa Qəmbərin arxasından boylanıb kadra düşməyə cəhd etdiyinin şahidi olmuşam. Özünü ən qatı antiəliyevçi kimi aparırdı. Soros Fondunda Şura üzvü olan vaxtlar daim təklif edirdi ki, elə kitabların çapına pul ayırmaq lazımdır ki, Heydər Əliyevin hakimiyyətini və siyasətini ifşa etsin. İndi isə Heydər Əliyev hakimiyyətinin deputatı və vuran əlinə çevrilib. Yadıma “Baharın 17 anı” filmindən epizod düşdü. Filmdə Mülleri göstərərkən diktor kadr arxasında deyir: “Əvvəllər bu, sosial demokratların sırasında nasistlərə qarşı amansız mübarizə aparırdı. İndi isə nasistlərin sırasına girib keçmiş kolleqaları - sosial demokratları ifşa edir”. Necə də Rasim Musabəyovun hərəkətlərinə oxşayır. Yazır ki, Cəmil Həsənlinin resursu yoxdur. Bəli, düz deyir Cəmil Həsənlidə hakimiyyətdə olan milyardlar yoxdur, ancaq əvəzində ona milyonların, xüsusilə gənclərin məhəbbəti var! Bu isə milyardlardan üstündür! Rasim Musabəyov isə hakimiyyət resurslarına hafizlərlə, arazlarla, zahidlərlə birgə daxil olub. Bəli, onların fərqi var. R.Musabəyov onlardan intellektcə yuxarıdır. Ancaq hamısı eyni mənbədən mükafatlandırılırlar. Cəmil Həsənlini Lalə Şövkətlə müqayisə etməsi isə məntiqsizdir. Lalə xanım Rasim Musabəyovdan fərqli olaraq heç vaxt mövqeyini dəyişmədi”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat