Modern.az

Azərbaycanın Cənubi Afrikadakı səfiri: “Kim deyir ki, CAR-da azərbaycanlılar üçün yaşamaq çətindir” - MÜSAHİBƏ

Azərbaycanın Cənubi Afrikadakı səfiri: “Kim deyir ki, CAR-da azərbaycanlılar üçün yaşamaq çətindir” - MÜSAHİBƏ

Müsahibə

18 Oktyabr 2013, 10:04

Bu gün Azərbaycanla Cənubi Afrika Respublikası (CAR) arasında ikitərəfli sazişlər olmasa da, siyasi əlaqələr çox intensivdir. Tərəflər arasında əlaqələrin inkişafı üçün səmərəli danışıqlar aparılır. Əfsuslar olsun ki, iqtisadi sahədə əlaqələr siyasi əlaqələr kimi ürəkaçan deyil. Ən azı bunu iki ölkə arasında ticarət əlaqələrinin statistik göstəricilərindən də görmək olar. Belə ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 500 min dollardan da az olub. Bu da öz regionlarında lider ölkələr üçün çox aşağı göstəricidir. CAR-dan Azərbaycana əsasən meyvə-tərəvəz idxal olunub. Azərbaycandan isə kimya sektoru sahəsində məhsullar ixrac edilib. Bu gün ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün çox böyük potensial var, hazırda mövcud olan münasibətlər əsasən müdafiə sənayesinə aiddir.

Azərbaycanın Cənubi Afrika Respublikasındakı fövqalədə və səlahiyyətli səfiri Elxan Poluxov  Modern.az aytına müsahibəsində ölkələrarası münasibətlərin bu günündən və gələcək planlardan danışdı.

- CAR Azərbaycanla hansı sahələrdə əməkdaşlığa maraqlıdır?

- Nəzərə alsaq ki, ölkələr coğrafi baxımından biri-birdən çox aralı yerləşib, bu, əməkdaşlıq sahələrinə öz təsirini göstərir. Ümumi yanaşmada hər iki ölkənin müxtəlif sahələrdə böyük təcrübəsi var. CAR dünyada mədən, kənd təsərrüfatı və turizm ölkəsi kimi tanınır. Azərbaycan isə öz növbəsində enerji, yüksək texnologiyalar, sərmayəçilik və bu kimi sahələrdə artıq dünyada öz adını qazanıb. Bununla yanaşı, mədəniyyət, incəsənət, təhsil, idman və digər istiqamətlər ikitərəfli münasibətlərdə hər zaman diqqət tələb edir.         

- Ölkələr arasında siyasi əlaqələri necə qiymətləndirirsiniz?

- Birmənalı olaraq demək olar ki, ikitərəfli siyası əlaqələr yüksək səviyyədədir və ölkələr müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Bu, xüsusən ölkəmizin BMT-in Təhlükəsizlik Şurasında təmsil olunmağından irəli gəlir və CAR tərəfi Afrika qitəsində bir çox münaqişələrin həllində aparıcı rol oynayan ölkə kimi Azərbaycanla sıx əlaqələrin qurulmasında maraqlıdır. İkitərəfli münasibətlərdə də əməkdaşlıq gedir – keçən və bu il ərzində CAR-dan üç rəsmi heyət Azərbaycanda işgüzar səfərdə olub, bu il mədəniyyət və turizm naziri Əbülfəs  Qarayev CAR-da bir günlük işgüzar səfərdə olub, Milli Məclisin deputatı Adil Əliyev də bu ölkəni ziyarət edib.
Oktyabr ayının sonunda Bakıda keçirilən III Bakı Humanitar Forumun işinə CAR nümayəndələri də qatılacaq, o cümlədən CAR parlamentinin mədəniyyət və incəsənət komitəsinin sədri xanım Sunduza.

- CAR-da Azərbaycanı necə tanıyırlar?

- Əfsuslar olsun ki istədiyimiz səviyyədə hələ tanımirlar. Ölkəmizi daha çox təhsil ocaqları, beyin mərkəzləri, dövlət qurumlarında tanıyırlar, lakin arzumuz, Azərbaycanı hər kəsə tanıtmaqdır. Ona görə bu istiqamətdə intensiv işlər aparılır. Keçən ilin ortalarında CAR-da “Azərbaycanın Afrikadakı Dostları” qeyri-hökumət təşkilatı təsis edilib. Bu təşkilat CAR vətəndaşları tərəfindən yaradılıb və onu üzvləri həqiqətən Azərbaycanın sevən insanlardı. Mən sizin oxucularınızı görülən işlərin sadalanması ilə yormaq istəməzdim, lakin qeyd etmək istərdim ki, qisa müddət ərzində bu təşkilat Səfirliklə birlikdə 15-dən artıq kütləvi tədbir keçirib. Sonuncu ən böyük tədbirimiz ulu öndərimiz Heydər Əliyevin 90 illiyinə həsr edilmiş ilk CAR- Azərbaycan kiqboksinq turniri olub. Çox böyük maraqla qarşılanan bu turnir, CAR aparıcı kütləvi informasiya vasitələri tərəfindən işıqlandirıldı. Sevindirici haldır ki, idmançılarımız qonaq olmalarına baxmayaraq, ev sahiblərinə 8-2 hesabı ilə qalib gəldilər. İlin sonuna kimi qarşımızda bir necə digər planlar durur, o cümlədən CAR Milli Kitabxanasında Heydər Əliyev Fondundun nəşrlərindən ibarət Azərbaycana və ulu öndərə həsr edilmiş sərgi keçirmək və xüsusi guşə yaratmaq.  


- CAR-da Qarabağ münaqişəsi barədə ətraflı məlumatlar varmı?

Afrika qitəsi özü-özlüyündə dünyanın ən çoxsaylı münaqışələrini cəmləşdirib və bu münaqişələrin bir çoxunun tənzimlənməsində CAR mühüm rol oynayır. Bu baxımından qarşımızda CAR-ın dövlət təşkilatları, yerli beyin mərkəzləri və KİV-lə sıx əlaqə quraraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların yayılmasından ibarətdir və bu istiqamətdə artıq bir çox işlər həyata keçirilib.
CAR dövlətinin münaqişəyə dair birmənalı mövqeyi, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımaqdan və münaqişəni sülh yolu ilə həll etmə arzusundan ibarətdir.              

- CAR və Afrikanın digər ölkələrində azərbaycanlılar yaşayırlarmı? “Orada diasporumuz var” deyə bilərkmi?

- CAR-da yaşayan azərbaycanlıların sayı çox azdır və ətraf ölkələrdə də demək olar ki, yalnız bir neçə adam yaşayır. CAR-dan sonra azərbaycanlıların ən çox yaşadığı ölkə Anqoladır və orada da onların sayı 10-dan çox deyil, lakin Səfirliyimiz hər birisi ilə daim əlaqə saxlayır, tədbirlərimizə dəvət edir və bütün məsələlərdə köməklik etməyə çalışırıq.      

- Azərbaycan Cənubi Afrika Respublikasına investisiya qoymaqda maraqlı tərəf kimi çıxış edirmi? Yaxud onlar Azərbaycanda biznes qurmaqda maraqlıdırlarmı?

- CAR Afrika qitəsinin ən böyük iqtisadiyyatına malik ölkədir və böyük 20-liyin üzvüdür. Bu baxımından ölkədə sərmayə potensiyalı böyük və əlverişlidir. Misal kimi Norveçin Neft Fondunu gətirmək olar – onlar öz valyuta ehtiyatlarının bir hissəsini Yohannesburq Birjasında saxlayırlar və kifayət qədər böyük gəlirlər əldə edirlər. Bununla yanaşı, ölkəmizin enerji sahəsində geniş təcrübəsi olmasını nəzərə alaraq, CAR tərəfi bu təcrübənin mübadiləsində maraqlıdır və ölkənin qaz sektorunda Azərbaycan sərmayəçilərini görmək istərdilər. Lakin əməkdaşlıq yalnız yuxarıda göstərilən iki sahə ilə məhdudlaşmır və digər istiqamətlərdə də geniş imkanlar var, o cümlədən nəqliyyat, kənd təsərrüfatı və sair.

- CAR təbiətinə və mətbəxinə necə öyrəşdiniz, çətin olmadı ki? CAR-ın adət-ənənələri bizə yaddır. Azərbaycanda CAR mədəniyyət günləri keçirilə bilərmi?

- Mən deməzdim ki, CAR-da azərbaycanlılar üçün yaşamaq çətindir, sadəcə olaraq həyat tərzi fərqlidir, biz qarşımızda məqsəd qoyanda həftənin 7 gününü və günün 24 saatını işləməyə hazır olan insanıq. Burada da isə həyat axını çox rahat və tələsmədən keçir. Ola bilsin ki, bu yerli təbiətlə bağlıdır – insanı həyata fəlsəfə noqteyi-nəzərdən baxmağa sövq edir. Sözsüz ki, bu bir zarafatdır. Yerli təbiət çox gözəldir, qışı mülayim, yayı isə isti olmur. Həmçinin ölkəni üç tərəfdən iki okean əhatə edir və bu da təbiətə əlavə gözəllik verir. O ki qaldı mətbəxə, çox dadlıdır, lakin bizim aşımızın, ləvəngimizin yerini verə bilməz!

Və sonda fürsətdən istifadə edərək bütün Azərbaycan xalqını və müsəlman dünyasını müqəddəs Qurban bayramı münasibəti ilə ürəkdən təbrik etmək istəyirəm.


İradə CƏLİL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər