Modern.az

Azərbaycanda həbs olunmuş nazirlər - ARAŞDIRMA

Azərbaycanda həbs olunmuş nazirlər - ARAŞDIRMA

Ölkə

18 Oktyabr 2013, 11:56

Modern.az saytı həbsxana həyatı yaşamış nazir və keçmiş nazirlər barədə kiçik araşdırma aparıb.

Başlayaq, oktyabrın 14-də Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı ilə azadlığa buraxılmış sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevdən.
Fərhad Əliyevin ulduzu Heydər Əliyevin dövründə parlayan məmurlar sırasına daxildir. Bir neçə il özəl sahədə çalışan F.Əliyev 1997-ci ildə ticarət nazirinin müavini vəzifəsinə irəli çəkilib. Bir qədər sonra isə Azərbaycan Respublikasının ticarət naziri vəzifəsinə təyin olunub.
1999-2001-ci illərdə isə o, dövlət əmlak naziri vəzifəsində çalışıb. 2001-ci ildə mərhum prezident Heydər Əliyevin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradıldı və Fərhad Əliyev nazirliyin başçısı təyin olundu.
Fərhad Əliyev bu postda islahatçı nazir imci qazanaraq gələcəkdə ölkənin baş naziri olmağa iddialı şəxslərdən birinə çevrilə bildi. Təəccüblü olsa da, o, dəfələrlə inhisarçılığı, məmur özbaşınalığını, korrupsiyalaşmış məhkəmə sistemini açıq çıxışlarda tənqid edir, bu problemlərin Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinə əngəl olduğunu vurğulayırdı.
2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edildi. Bu zaman isə artıq prezident Heydər Əliyev deyildi.
Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla həbs edilsə də, sonralar ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürüldü. 
2007-ci il oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxarılmış hökmə əsasən, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum edildi. O, hazırda Binədə yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində 8 il məhkumluq həyatı yaşayandan sonra əfv olundu.

2005-ci ildə Fərhad Əliyevlə yanaşı, nazir postunu tutmuş daha iki nəfər cinayət məsuliyyətinə cəlb olundu.Onlardan biri sabiq səhiyyə naziri Əli İnsanovdur. O, mərhum prezident Heydər Əliyevin ən inanılmış nazirlərindən biri sayılırdı. Əmək fəaliyyətinə Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunda həkim-ordinator kimi başlayan Əli İnsanov sonralar vəzifə pilləsində tədricən yüksəlib. 1985-ci ildə həmin institutun direktoru olan Ə.İnsanov Heydər Əliyev hakimiyyətə gələndən sonra - 1993-cü ildə səhiyyə naziri vəzifəsinə təyin edildi. 1995-ci ildə isə Milli Məclisə deputat seçildi. Əməkdar elm xadimi olan sabiq nazir Azərbaycanın ilk dərman preparatı "İnsanovin"i hazırladı. O, Heydər Əliyev dövründə, 2001-ci ilin iyulunda Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü də seçildi. Əli İnsanov Heydər Əliyevin şəxsi həkimlərindən biri idi.
Hakimiyyətə yeni prezidentin gəlişindən az sonra İnsanovun da “kitabı bağlandı”. 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilən Əli İnsanovun bir çox titulları, o cümlədən akademik fəxri adı geri alındı.
Əvvəlcə dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən sabiq nazir, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilindi. 2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanov hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Sabiq maliyyə naziri Fikrtət Yusifov da Əli İnsanov və Fərhad Əluyevlə birgə həbs olunanlar sırasında idi. da həbs olundu. F.Yusifov onlarla əlbir olaraq dövlət çevrilişi hazırlamaqda da təqsirli bilinirdi. Əslən Naxçıvan MR-nın Şərur rayonunun Danzik kəndindən olan f.Yusifov 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilib. Hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirib. 1987-ci ildə Moskvada namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alan F.Yusifov sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlayıb. 1992-ci ilin sonlarınadək institutda dekan müavini vəzifəsində işləyən F.Yusifov oktyabr ayında Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Heydər Əliyev Hakimiyyətə gələnən sonra, 1994-cü ildə onu nazir postuna irəli çəkib. F.Yusifov 5 il maliyyə naziri kreslosunda əyləşib. Amma onu elə H.Əliyevin özü vəzifədən kənarlaşdırıb. Belə ki, 1999-cu ilin iyul ayında F.Yusifov maliyyə naziri vəzifəsindən çıxarılıb.
F.Yisifovun adı bir də 2005-ci ildə hallandırıldı. O zaman F.Yusifov hüquq-mühafizə orqanlarına ifadə verdi ki, sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev və “Azərkimya” istehsalat şirkətinin sabiq prezidenti Fikrət Sadıqov eks-spiker Rəsul Quliyevlə əlbir olaraq Azərbaycanda hakimiyyət çevrilişi etmək istəyiblər. Elə bu ifadələrindən sonra cəmiyyətdə ona antipatiya bir qədər də artdı. Həmin il onu da adları çəkilən şəxslərlə birgə həbs etdilər, Lakin 2 ildən çox həbsdə saxladıqdan sonra azadlığa buraxdılar. Və F.Yusifov 2009-cu ildən Azərbaycanı tərk edərək qonşu Rusiyaya köçdü.
Hazırda Rusiyada biznes işlərilə məşğul olduğu söylənilən sabiq nazirin Azərbaycana buraxılmadığı bildirilir.

Keçmiş daxil işlər naziri İsgəndər Həmidov da ömrünün 10 ilə yaxın müddətini dəmir barmaqlıqlar arasında keçirib. 65 yaşlı sabiq nazir 1988-ci ildə başlanan milli azadlıq hərəkatının fəallarından biri olub. 1992-ci ilin may ayının 16-dan 1993-cü ilin aprel ayının 16-na qədər daxilli işlər naziri postunda çalışıb. 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusu həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında Prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa buraxılanlardan biri də İsgəndər Həmidov olub.

1992-93-cü illərdə nazir postu tumuş daha bir şəxs isə Rəhim Qazıyevdir. Hazırda 70 yaşı olan Qazıyev müstəqillik illərində Azərbaycanın müdafiə naziri olmuş ilk və son mülki şəxsdir. Qazıyev 1995-ci ildə Cinayət Məcəlləsinin 3 maddəsi üzrə ittiham edilərək, ölüm cəzasına layiq görülüb. Sonradan onun ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə prezident İlham Əliyev tərəfindən əfv olunub. Rəhim Qazıyevin nazir postunda çalışması cəmi 11 ay çəkib-17 mart 1992-ci ildən 20 fevral 1993-cü ilə qədər.

Həbsxana həyatı yaşamış sabiq nazirlərdən biri də Pənah Hüseyn olub. Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn isə həm baş nazir həm də dövlət katibi kimi mühüm postlarda çalışıb. 1992-ci ildə dövlət katibi, 1993-cü ilin aprel iyun aylarında iki aylıq müddətdə baş nazir olan Pənah Hüseyn III çağırış Milli Məclisin deputatı da (2005-2010) olub.
1988-1991-ci illərdə azadlıq hərəkatında iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuş Pənah Hüseyn Cəbhə Hakimiyyəti yıxılandan sonra bir müddət həbsdə qalıb. O, sonralar, 2003-cü ildə - prezident seçkiləri zamanı keçirilmiş aksiyanın iştirakçısı kimi həbs olundu. Və... bir müddət məhbəs həyatı yaşayandan sonra azadlığa buraxıldı.

Sabiq baş nazir Surət Hüseynovun da yolu həbsxanadan düşüb. O, 1993-cü ildə qanuni hakimiyyətə qarşı qiyam qaldırıb və bunun nəticəsində demokratik seçkilərdə qalib gələn Əbülfəz Elçibəy vətəndaş müharibəsinin qarşısını almaq üçün hakimiyyətdən getməli olub. Gəncə hadisələrindən sonra Azərbaycan Respublikasının prezidenti seçilmiş Heydər Əliyevin 1993-cü il iyunun 30-da verdiyi fərmanla Surət Hüseynov baş nazir təyin olunub. Amma Heydər Əliyevə qarşı da qiyama cəhd göstərən S.Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən azad edilib, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. Oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul edib. O, həbs olunsa da, həbsxanadan qaça bilmişdi. Azərbaycandan qaçıb getmiş S.Hüseynov Rusiyada həbs olunaraq məhkəmə qərarı ilə ömürlük həbs cəzasına məhkum edilmişdi. Qarabağ müharibəsində uğursuzluğun səbəblərindən biri də birbaşa Surət Hüseynovun fəaliyyətilə bağlanılır.
Prezident İlham Əliyevin 2004-cü il 17 mart tarixli əfv fərmanı ilə həbsdən azad olunub.
S.Hüseynovun hazırda biznes fəaliyyətilə məşğul olduğu bildirilir. Onun gah Azərbaycanda, gah da xarici ölkədə olduğu deyilir.

“Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqov nazir statuslu vəzifə tutub. Mərhum prezident Heydər Əliyevin dövründə əməkdar mühəndis, texnika elmləri doktoru kimi yüksək titullar əldə edən Fikrət Sadıqov Heydər Əliyev dönəmindən sonra “vuruldu”.
F.Sadıqov Heydər Əliyevin prezidentliyinin əvvəlindən “Azərkimya” Dövlət Şirkətinin prezidenti postunu tutmuş, onun dövründə həm də Milli Məclisin deputatı seçilmiş, orden və medallarla təltif olunmuşdu.
Heydər Əliyev dönəmi başa çatandan sonra F.Sadıqovun da taleyi bəd gətirdi. O, 2005-ci ildə sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev, habelə Prezidentin İcra Aparatının işlər müdiri olmuş Akif Muradverdiyevlə birgə dövlət çevrilişinə cəhddə ittiham olunaraq vəzifədən çıxarıldı. Amma F.Sadıqov bir neçə gün istintaq təcridxanasında saxlanıldı, sonra isə ev dustağı edildi.
F.Sadıqovun iş yeri hazırda AMEA-nın Kimya Problemləri İnstitutundadı. Bu institutda qrup rəhbəri vəzifəsi tutan F.Sadıqov siyasətdən tamamilə uzaqlaşıb.

Həbsxana həyatı görmüş sabiq nazirlərdən biri də eks-milli təhlükəsizlik naziri Nəriman İmranovdur. O da Heydər Əliyev iqtidarında nazir karyerası qısa olan sabiq məmurlardandır. 1944-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun (indiki Ermənistan Respublikası) Şişqaya kəndində anadan olan N.İmranov 1961-1969-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1975-ci ildə Naxçıvan MR-da komsomolun 1-ci katibi vəzifəsindən SSRİ DTK-nın Ali məktəbinə oxumağa göndərilib. Məktəbi bitirdikdən sonra DTK orqanlarında fəaliyyət göstərib, 1986-cı il oktyabrın 4-də Azərbaycan DTK sədrinin müavini təyin edilib. 1988-1993-cü illərdə SSRİ təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
1993-cü ilin mart ayında Bakıya qayıdıb. 1993-cü ilin iyun ayında AXC hakimiyyətinin süqutu nəticəsində iqtidara Heydər Əliyev gəlib. Az bir müddət sonra, iyul ayının 3-də Nəriman İmranov milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilib. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilib.
1994-cü il oktyabr ayının 15-də N.İmranov bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib.
O, həbsxanadan prezident İlham Əliyev tərəfindən buraxılıb. 2002-ci ildə prezident N.İmranovu əfv edib.

Bu günlərdə daha bir sabiq həbs olunub. Eks-xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev. Rəsmi məlumata görə, Nicat Quliyev avqustun 7-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə tutulub. Məhkəmənin qərarı ilə avqustun 8-də Nicat Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə haqqındadır. Məcəlləyə görə, bu əməl 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Səbail Rayon Məhkəməsinin oktyabrın 1-də Nicat Quliyevin həbs müddətini daha iki ay uzadıb.


İntiqam Valehoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı