Modern.az

ÜAK Moskvadakı azərbaycanlılarla bağlı son vəziyyəti açıqladı

ÜAK Moskvadakı azərbaycanlılarla bağlı son vəziyyəti açıqladı

21 Oktyabr 2013, 14:14


“Hazırda Rusiya paytaxtında sabitlik hökm sürür. Qərbi Birülyovada baş verənlər bir qrup insanın fikirləri öz üzərindən yayındırmaq üçün atdığı addım idi”. Bu sözləri Modern.az-a açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev deyib. O, qeyd edib ki, iğtişaşların törədilməsində “üçüncü tərəf”in əli var və burada mənfur qonşumuz ermənilər də iştirak edir.

“Artıq bu gün ölkə rəhbəri Vladimur Putinin çıxışında miqrantlar məsələsinə toxunub, bildirib ki, Rusiyanın miqranta ehtiyacı var və onlar Rusiyada qanun çərçivəsində fəaliyyət göstərməlidir. Doğrudur, indi Rusiya ərazisində müvəqqəti yaşayan miqrantların sənədləri, iş icazələri yoxlanılır. Bununla bağlı narahatlıqlar var. Amma bu, təkcə azərbaycanlılara deyil, bütün miqrantlara aid kampaniyadır”.

İ. Hacıyev bildirib ki, qurumun fəaliyyət göstərən “Qaynar xətt”inə daxil olan bütün müraciətlər anındaca araşdırılır və lazımi tədbirlər görülür. “Ümumrusiya Azərbaycanlıları Konqresi müraciət edən hər bir kəsə yardım göstərməyə çalışır. Hər bir zəng bizim vacibdir. Biz öz dəstəyimizi əsirgəmirik. Yerlərdə azərbaycanlılara qarşı qanun pozuntusu olursa, qeyri-qanuni təzyiq göstərilirsə, təbii ki, bunun qarşısını alırıq”.

İcraçı direktor qeyd edib ki, “Qaynar xətt”ə ən çox müraciət azərbaycanlıların Rusiyaya daxil ola bilmələri ilə bağlıdır. “Keçən həftə Dumada miqrantlarla bağlı yeni qanunun qəbulu onların Rusiyaya daxil olmasını bir az da çətinləşdirib. Hazırda Rusiyanı tərk edənlər burada qalmaq vaxtı bitənlər və sənədləri qaydasında olmayanlardır. Son hadisələrə görə ölkəni tərk edən azərbaycanlılar yoxdur. Bir hadisə idi, oldu və bitdi, insanlar iş başındadır, uşaqlar məktəbə gedir. İndi baş verənlər müvəqqətidir, hər şey öz axarına düşəcək”, – deyə ilqar Hacıyev vurğulayıb.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat