Təhsil Nazirliyi Pedaqoji Universitetdə tələbələrin keçirdiyi aksiyada səsləndirilən fikirlərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-a açıqlamasında bildirib ki, hər bir universitetdə semestr imtahanlarının keçirilməsi forması universitetdə çalışan professor-müəllim və tələbə heyətinin birgə müzakirəsindən sonra seçilə bilər və bu forma nazirlik tərəfindən təsdiq olunur.
“Azərbaycan Dövlət Pedaqoji Universitetində bir qrup tələbənin semestr imtahanları ilə əlaqədar aksiya keçirməsi barədə müxtəlif informasiya agentliklərində məlumatlar yayılıb. Təhsil Nazirliyinin rəsmi mövqeyi belədir ki, hər bir universitetdə semestr imtahanlarının keçirilməsi forması universitetdə çalışan professor-müəllim və tələbə heyətinin birgə müzakirəsindən sonra seçilə bilər və bu forma nazirlik tərəfindən təsdiq olunur. Təhsil Nazirliyi olaraq bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən semestr imtahanlarının keçirilməsi formasında hər hansı dəyişikliyi nazirlik təsdiq etməyib”.
Qeyd edək ki, bu gün Pedaqoji Universitetin (ADPU) tələbələri ali məktəbin həyətində semestrlərin imtahanlarının yazılı aparılmasına etiraz ediblər. Onlar imtahanların test üsulu ilə keçirilməsini istəyirlər.
Universitetin rektor Yusif Məmmədov isə tələbləri şikayətlərini dinlədikdən sonra bildirib ki, hazırda imtahanın hansı formada keçirilməsi ilə bağlı qərar yoxdur. Bununla bağlı qərarın Təhsil Nazirliyi tərəfindən veriləcəyini deyən Y.Məmmədov əlavə edib ki, sabahdan başlayaraq tələbələrlə görüşlər keçiriləcək və bununla əlaqədar məsləhətləşmə aparılacaq: “Məqsədimiz odur ki, imtahanlar şəffaf keçirilsin”.
Aytən ƏLİYEVA