Modern.az

“Tələbələr elə başa düşüb ki, test üsulu ləğv olunacaq” - Aksiya keçirilən universitetdən İZAHAT

“Tələbələr elə başa düşüb ki, test üsulu ləğv olunacaq” - Aksiya keçirilən universitetdən İZAHAT

21 Oktyabr 2013, 17:35


“Sabahdan başlayaraq, universitet rəhbərliyi hər bir fakültənin müəllim və  tələbələri ilə görüşlər keçirəcək, onların imtahanın formasının müəyyən edilməsi ilə bağlı fikirləri dinləniləcək və sonda rəylər nəzərə alınacaq”. Bunu Modern.az-a açıqlamasında Pedaqoji Universitetin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirib.

Qeyd edək ki, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində (APU) əla qiymət almaq istəyən tələbə eyni fəndən iki dəfə imtahan verməli olur. Belə ki, kompüter imtahanında yüksək bal toplayan tələbə “4 və 5” qiymətləri almaq üçün ikinci dəfə həmin imtahanı yazılı surətdə verir. Təbii ki, bu da imtahanqabağı stress yaşayan tələbələrin imtahan yükünü daha da artırır. Tələbələr də etiraz edərək bildirirlər ki, əla qiymət üçün iki imtahan verməyə ehtiyac yoxdur. Elə bu səbəbdən də bu gün tələbələr universitet qarşısında aksiya keçiriblər.  Pedaqoji Universitetin sözçüsü Mənsur İbrahimov bildirib ki, 2007-ci ildən başlayaraq universitetdə imtahanlar test üsulu ilə kompüter vasitəsilə keçirilir. Test üsulunun tətbiqində məqsəd insan amilinin prosesdə iştirakına yol verməmək, kənar müdaxilənin qarşısını almaqdır.

“2011-2012-ci tədris ilinin yay imtahan sessiyasından başlayaraq imtahanların iki mərhələli keçirilməsinə başlanılıb. Test üsulu imtahanın obyektivliyini təmin edir. Amma test üsulunda tələbə bir növ əzbərçiliyə aludə olur. Onların yazı qabiliyyəti, vərdişləri zəifləyir. Buna görə də universitetin elmi şurasının müvafiq qərarı ilə 2011-2012-ci ilin yay imtahan sessiyasından etibarən imtahanların iki mərhələli keçirilməsinə başlanılıb. Mexanizm isə belədir ki, tələbələr kompüterlə imtahan verdikdən sonra “4” və “5” almaq, əlaçı olmaq istəyirlərsə ikinci mərhələdə, yazılı imtahandan keçmək üçün kompüterin müvafiq düyməsini basaraq ikinci mərhələyə keçirlər. Eyni fəndən həmin gün imtahan verirlər. Əyani şöbədə 5, qiyabi şöbədə 3 sual cavablandırılır. Bu, sadəcə tələbələrin öz fikirlərini yazılı formada təkmilləşdirməkdir”. APU tələbələrinin bugünkü aksiyasına gəldikdə isə universitet rəsmisi bildirdi ki, Universitet rəhbərliyi fakültə dekanlarının, kafedra müdirlərinin, elmi-tədqiqat laboratoriya müdirlərinin və digər struktur rəhbərlərinin iştirakı ilə toplantı keçirib.
“Həmin iclasda test üsulu ilə yanaşı, yazılı imtahanın aparılması ilə bağlı fikirlər səsləndirilib. Orada rəsmi qərar verilməyib ki, test üsulu ləğv olunur, artıq yazılı imtahan olacaq. Sadəcə tələbələrə düzgün məlumat  verilmədiyinə görə, yanlış anlaşılma olub. Tələbələr elə başa düşüb ki, test üsulu ləğv olunacaq. Universitetin rektoru Yusif Məmmədov tələbələrlə görüş keçirib, onları maraqlandıran sualları cavablandırdı. Belə qərara gəlindi ki, sabahdan başlayaraq universitet rəhbərliyi hər bir fakültənin müəllim və  tələbələri ilə  görüşlər keçirəcək, onların imtahanın formasının müəyyən edilməsi ilə bağlı fikirləri, rəyləri  dinləniləcək və nəzərə alınacaq”.  

Gültəkin ƏLƏSGƏR  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat