“Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycana dəyən itki və tələbatların beynəlxalq səviyyədə qiymətləndirmə standartları var”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Xanhüseyn Kazımlı bildirib. “Ermənilər 1988-ci ildən başlayaraq azərbaycanlılara qarşı soyqırımı törədiblər. Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. Lakin son 21 ildə Azərbaycan çiçəklənməkdə, insanların sosial həyatı yaxşılaşmaqdadır. Cənab Prezidentin də bildirdiyi kimi, hələ də bəzi problemlər qalmaqdadır. Bunlardan da biri Ermənistan tərəfindən Azərbaycana qarşı olan silahlı təcavüzdür. Azərbaycanın işğal nəticəsində itirdiyi varidatın valyuta dəyəri ilbəil artmaqda davam edir”.
Deputat qeyd edib ki, Azərbaycana dəyən itkilər beynəlxalq ekspertlərin iştirakı ilə qiymətləndirilməlidir. “On ildir ki, Avrasiya Qiymətləndirmə Birlikləri Assosiasiyası idarə heyətinin üzvüyəm. Dünyada bütün beynəlxalq səviyyəli konfranslarda çıxış edərək deyirəm ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün BMT-nin qətnamələri var. Ancaq bu qətnamələr icra olunmur. Ona görə də Azərbaycan xalqı öz Prezidentinin ətrafında yumruq kimi birləşməlidir. Biz Ermənistana deməliyik ki, sən silahlı təcavüzün nəticəsində ölkəmizə 550 milyard dollar ziyan vurmusan, bu da beynəlxalq ekspertlərin rəyidir. İtirdiklərimiz vahid rəqəmə gətirilməlidir. Əgər tutalım, Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirilirsə, bu da hesaba alınmalıdır. 1 milyon 200 min qaçqın və məcburi köçkün üçün mənzillərin tikilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün vəsait lazımdır. Bunların hamısı erməni təcavüzünün nəticəsidir və məntiqlə itkilər hesaba daxil edilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 dekabr 2011-ci il tarixli sərəncamı ilə Baş nazir Artur Rasizadəyə ünvanladığı məktubda göstərilir ki, qiymətləndirmə ilə bağlı peşəkar mütəxəssislər cəlb edilməli və peşəkar qrup yaradılmalıdır. Beynəlxalq ekspertlərdən qiymətləndirmə ilə bağlı rəy alınmalı və dünya səviyyəsində prezentasiyalar verilməlidir. Buna müvafiq olaraq Baş nazir Artur Rasizadə 281 s saylı sərəncam imzalayıb ki, burada işçi qrupunun yaradılması və onların şərait və yerlə təmin edilməsi nəzərdə tutulub”.
Ulduz İBRAHİMOVA