Ötən gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin etiraz aksiyası keçirməsinə hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən reaksiya verilib. Modern.az xəbər verir ki, YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bu aksiyanın başqa bir problemi də üzə çıxardığını deyib.
“Bir problem başqa bir problemin mövcudluğunu üzə çıxartdı. Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin etiraz aksiyası keçirməsi barədə xəbərlər yayıldı. Bildirildi ki, tələbələrin aksiya etmələrinə səbəb onlardan yazılı imtahan götürülməsidir. Bundan öncə tələbələr testlə imtahan versələr də, indi universitet rəhbərliyi imtahanların yazılı olacağını bildirib. Tələbələr isə bir neçə dəfə bununla bağlı narazılıq etsələr də, cavab ala bilməyiblər.
Sonradan problemin həll edildiyi və imtahan formasının seçilməsində tələbələrin fikrinin nəzərə alınacağı barədə əlavə informasiya yayıldı.
Diqqət edilsə, tələbələr imtahanların ədalətsiz keçirilməsindən deyil, onun yazılı formada götürülməsindən narahat olublar. Onların qaldırdığı problem həll edilsə də, başqa bir problemin mövcudluğu üzə çıxartdı.
Təəssürat yaranır ki, tələbələr biliklərini yazılı şəkildə bildirməkdə maraqlı deyillər. Maraqlı deyillər, yoxsa zəif bacarırlar? Ali məktəbə testlə daxil olan, imtahanları testlə verən yeni gəncliyimiz, fikirlərini sərbəst ifadə edə bilmirlər. Bu problem, özü də ciddi problem deyilmi?”.
Deputat qeyd edib ki, bu günü tələbəsi, sabahın rəhbəri həyatı ancaq hazır test cavablarının içindən düzgününü seçməkdə görür.
”Hansı ki, sabah müxtəlif həyat məsələlərinə onlar ətraflı və əsaslandırılmış cavablar verməyi bacarmalıdırlar. Bu cavab isə eyni zamanda fikrini səlis, dərin məzmunla, gözəl Azərbaycan dilində ifadə etməyi bacarmaq deməkdir.
İndiki gənclik isə həyatı dörd variantdan birini seçməkdə görür. Onun belə düşünməsində bizlər səhv etmişik. Səhvi harda buraxmışıq ?”-deyə YAP-çı deputat sual edib.
Aqşin Kərimov