Modern.az

Milli Məclis Artur Rasizadənin Baş nazir olmasına razılıq verdi - TƏQDİMAT

Milli Məclis Artur Rasizadənin Baş nazir olmasına razılıq verdi - TƏQDİMAT

Təhsil

22 Oktyabr 2013, 12:05



Modern.az saytı xəbər verir ki, Milli Məclisin bu güngünkü iclasında Artur Rəsizadənin yenidən Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyinin irəli sürüldüyü bildirilib. Bu barədə parlamentdə spiker Oqtay Əsədov məlumat verib.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb və A.Rasizadənin əleyhinə 2, lehinə 112 deputat səs verib.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 118-ci maddəsinə görə, Azərbaycan Respublikasının Baş nazirini Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Baş nazir vəzifəsinə namizəd təklifini Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisin müzakirəsinə təqdim edir.

Milli Məclis isə Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir.

Modern.az saytının məlumatına görə, Prezident İlham Əliyevin yenidən Baş nazir təyin etməyə hazırlaşdığı Artur Rasizadənin 78 yaşı bu ilun fevralında tamam olub. 1996-cı ildən Baş nazir postunda əyləşən Artur Rasizadə nə az, nə çox, düz 17 ildir eyni vəzifədə çalışır.

Artur Tahir oğlu Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib.

İş fəaliyyətinə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ «AzİNMAŞ»-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib.

1973-1975-ci illərdə «Azneftsənayemaş» birliyində baş mühəndis, 1975-1977-ci illərdə «İttifaqneftmaş» ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə «AzİNMAŞ» Neft maşınqayırması ETİ-nin direktoru olub.

1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində çalışıb. 1992-1994-ci illərdə İqtisadi Islahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə «DEKA-B» şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.

1996-cı ildə Prezident Heydər Əliyev onu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edib.
1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, elə həmin ildə Baş nazir təyin edilib. 2003-cü ilin avqust - noyabr aylarında Baş nazir səlahiyyətlərinin İlham Əliyevə verilməsilə əlaqədar Artur Rasizadə hökumət rəhbərinin birinci müavini vəzifəsini icra edib.

2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə qaytarılıb.

Prezident İlham Əliyev 2010-cu ildə baş nazir Artur Rasizadəyə 75 yaşının tamam olması münasibətilə “Şərəf” ordeni verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat