Modern.az

Eks-deputat Pedaqoji Universitetin etirazçı tələbələrinin müdafiəsinə qalxdı

Eks-deputat Pedaqoji Universitetin etirazçı tələbələrinin müdafiəsinə qalxdı

Təhsil

22 Oktyabr 2013, 15:30

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələr semestr imtahanlarının həm yazılı, həm də kompüterlə keçirilməsinə etiraz ediblər. Onlar imtahanların yalnız test üsulu ilə keçirilməsini dəstəklədiklərini rektor Yusif Məmmədovun diqqətinə çatdırıblar. ADPU rektoru məsələnin Təhsil Nazirliyi ilə birgə çözüləcəyini vəd edib.

Test üsulunun xüsusi özəllikləri barədə Modern.az-a danışan tələbələr müəyyən səbəblərə görə adlarının çəkilməsini istəməsələr də, bildiriblər ki, Azərbaycan təhsil sistemində test üsuluna keçid rüşvətin qarşının alınmasında əsas meyardır. “Semestr boyu əldə etdiyimiz bilikləri yazılı imtahan zamanı ortaya qoyarkən problemlər ortaya çıxır. Bəzən zəif nəticə göstərən tələbə yüksək qiymət alır. Halbuki həmin tələbə semestr boyunca o qədər də yaxşı oxumayıb. Bu zaman rüşvətin müxtəlif formaları ortaya çıxır. Bu səbəbdən də imtahanların test üsulu ilə aparılması hər bir tələbənin istəyidir”.

Universitet tələbələrinin sözlərinə görə, bir çox ali məktəblərdə semestr imtahanlarının test üsulu ilə keçirilməsinə başlanılmayıb. Bu da həmin ali məktəblərdə arzuolunmaz nəticəyə gətirib çıxarmaqla yanaşı, rüşvətə də yol açır.

Təhsil üzrə ekspert Şahlar Əsgərov da Modern.az-a açıqlamasında təhsil sisteminin çox konservativ sahə olduğunu dedi. “Təhsildə qayda-qanunu tez-tez dəyişmək arzu olunan hal deyil. Elə etmək lazımdır ki, təhsil öz məqsədinə xidmət edə bilsin, tələbənin qiymətini düz versin. Tələbələr arasında etiraz varsa, deməli, düzlük çox azdır. Təhsilin on min il yaşı var. Orda yenilik etmək çox çətindir. İmtahan götürməklə hər bir gəncin biliyi qiymətləndirilir. Elə qiymətləndirmək lazımdır ki, imtahan verən də, imtahan götürən də razı qalsın. Əvvəllər imtahanı üzbəüz götürürdülər. Bu zaman haqsızlığın genişlənməsi cəmiyyətin yazılı imtahana olan etibarını azaltdı. Cəmiyyət həmin imtahan formasına şübhə ilə baxmağa başladı. Müxtəlif yollarla, süni, saxta qiymətlər yazılırdı. Bu səbəbdən də test üsulu daha düzgün qiymətləndirmə ortaya qoydu. Məncə, ADPU-də tələbələrin etirazına səbəb olan imtahanların yazılı formaya keçirilməsi haqqında yaranan söhbətləri Təhsil Nazirliyi araşdırmalıdır”.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat