Vaxtilə Müdafiə Nazirliyində çalışmış, hazırda isə hərbi ekspert qismində çıxış edən istefada olan polkovnik-leytenan Üzeyir Cəfərov müdafiə naziri vəzifəsilə bağlı kadr dəqyişikliyinə münasibət bildirib.
Modern.az-ın məlumatına görə, Ü.Cəfərov bildirib ki, Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən çıxarılmasına sevinənlərə bəd xəbəri var: “Məndə olan məlumata görə çox yaxın vaxtlarda onu indikindən az əhəmiyyətli olmayan bir vəzifəyə təyin edəcəklər”.
Ü.Cəfərov deyib ki, müdafiə naziri postunda çalışdığı müddətdə S.Əbiyevi kadr təyinatları, ordu quruculuğu sahəsindəki boşluqlara və digər məsələlərə görə ən çox tənqid edən şəxslərdən biri olub.
”İndi onu vəzifədən çıxarıblar deyə, yeni bir şey demək istəmirəm. Amma, hesab edirəm ki, yeni müdafiə naziri general-polkovnik Zakir Həsənovun Müdafiə Nazirliyində normal və sərbəst çalışması üçün mütləq mənada Baş Qərargah rəisi, ambisiyası bu gün də bütün sədləri aşan, Nəcməddin Sadıqov yaxın vaxtlardan postundan çıxarılmalıdır. MN-nin adının mənfi halda hallanmasında misilsiz xidmətləri olan, Azərbaycan ordusunun ən təsadüfü generallarından biri olan Çingiz Məmmədov də oradan uzaqlaşdırılmalıdır. Bir sözlə, yeni müdafiə naziri Zakir Həsənov üçün çox çətin və məsuliyyətli bir dönəm başlayır”.
O ki qaldı, əsgər ölümlərinə, hərbi ekspertin fikrincə, vəziyyətin dəyişməsi üçün yerlərdə komandir və rəislər öz vəzifə borclarına məsuliyyətli yanaşmalıdırlar. “Səfər Əbiyevin guya Amerikanın ölkəmizdəki səfiri Riçard Morninqstarın səsinin yazılmasına görə qurban verilməsi məsələsinə, bu məqam da ortalıqda var, amma o qədər də ciddi olmayan bir səbəbdir”.
Ü.Cəfərovun fikrincə, yaxın həftələrdə Səfər Əbiyevin yeni vəzifəyə təyinatı da ciddi müzakirə mövzusuna çevriləcək.
Modern.az