Modern.az

Ad günü ərəfəsində yeni nazirin təqdimat mərasimi keçirildi

Ad günü ərəfəsində yeni nazirin təqdimat mərasimi keçirildi

Təhsil

23 Oktyabr 2013, 12:36

Prezidentin sərəncamı ilə yeni kənd təsərrüfatı naziri təyin edilmiş Heydər Əsədovun hazırda təqdimat mərasimi keçirilir. Modern.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyində keçirilən mərasimdə qurumun bütün vəzifəli şəxsləri toplaşıb.

Xatırladaq ki, nazir vəzifəsinə təyin olunana qədər Heydər Əsədov Hesablama Palatasının sədri vəzifəsini icra edirdi.

Qeyd edək ki, sabah Heydər Əsədovun həm də ad günüdür. O, 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilmiş, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifələrində işləyib.

2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninin kavaleridir (2011).

Ailəlidir, üç övladı var.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat