“Ermənistan BMT-yə Dağlıq Qarabağda narkotraffiklə bağlı yoxlamalar aparması üçün müraciət edib”. Modern.az saytı xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə Ermənistanın baş naziri Tiqran Sərkisyan BMT baş katibinin müavini, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin rəhbəri Yuri Fedotovla görüş zamanı məlumat verib.
T.Sərkisyan qeyd edib ki, bu yoxlamalar Azərbaycan tərəfinin Dağlıq Qarabağın narkoticarətdə tranzit ərazi kimi istifadə olunması ilə bağlı ittihamlarını rədd etmək üçün atılır.
Xatırladaq ki, Dağlıq Qarabağda narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı rəsmi Bakı dəfələrlə bəyanatlar verib. Bir müddət öncə isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfəri ifşa edib. Saxlanılan şəxslərdən 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.
Nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı məlumata görə, müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiya, yəni əkilməsi, yetişdirilməsi və toplanması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilib. Sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib. “Artıq necə illərdir ki, Azərbaycanın işğal altında qalmış ərazilərində insan alveri, narkotik maddələrin yetişdirilməsi, terrorçu qrupların hazırlanması kimi bəşəriyyət əleyhinə olan cinayətlər davam etdirilir. Dağlıq Qarabağ və ona bitişik 7 rayonun nəzarətsiz qalması məhz belə cinayətlərin daha da genişlənməsinə şərait yaradır. Məlumat üçün qeyd edək ki, bir sıra beynəlxalq təşkilatların da hesabatlarında belə faktların mövcudluğu öz əksini tapıb. Yəni, nəzarətsiz qalan Qarabağda iri narkotika plantasiyalarının olması artıq təsdiqini tapıb. Bu işlərin başında kimlərin dayandığı da heç kimə sirr deyil.
Bu gün nəzarətsiz zona olan Dağlıq Qarabağ həm də dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevrilib. Azərbaycan Xüsusi Xidmət Orqanlarının apardığı araşdırmalar, o cümlədən əməlyyat xəbərlərinə görə, narkotacirlərin bu gün istifadə etdikləri ən təhlükəsiz marşrut məhz Ermənistan ərazisindən keçir. Bu marşrutlar Əfqanıstan-İran-Ermənistan-Rusiya, Qarabağ-İran-Azərbaycan-Rusiya, Qarabağ-Ermənistan-Rusiyadan ibarətdir. Əgər nəzərə alsaq ki, Ermənistan və separatçı Qarabağ rəhbərliyi narkotika ticarətinə birbaşa himayə edirlər, onda bu marşrutların həqiqət olma ehtimalı daha böyükdür. Azərbaycan rəsmi nümayəndələri də dəfələrlə Qarabağ ərazisinin narkotik vasitələrin əsas tranzit məkanı olduğunu bildiriblər. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu məsələyə də ikili standartlarla yanaşırlar. Məsələn, BMT-nin illik hesabatında da qeyd edilib ki, narkotik vasitələrin Azərbaycandan istifadə edilməklə hərəkət marşrutu müəyyən edilib. Belə ki, BMT bölgəmizdə narkotik vasitələrin 3 hərəkət marşrutunu – Əfqanıstan-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycan və Əfqanıstan-İran-Azərbaycan marşrutlarını tanıyıb. Təbii ki, bu marşruta Ermənistanın adının salınmaması erməni lobbisinin və xaçpərəst dünyanın tutduğu ikili mövqe ilə izah etmək olar. Lakin danılmaz faktdır ki, Dağlıq Qarabağ həm narkotik vasitələrin becərilməsi, həm tranziti, həm də terrorçu qruplaşmalar hazırlayan düşərgələrin yerləşdiyi əsas ərazilərdən biridir. Beynəlxalq qurumlar öz maraqları ucbatından Dağlıq Qarabağda narkotika ticarətinin və terrorçuluğun qarşısını almağa cəhd göstərmir. Beynəlxalq təşkilatlar başa düşmək istəmirlər ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hələ də işğal altında saxlanılması və bu ərazilərdən müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün istifadə edilməsi faktı nəinki ölkəmizin, eləcə də bütün Avropanın təhlükəsizliyini ciddi təhdid edir. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər 7 rayonun ərazisində – milli və beynəlxalq nəzarətdən kənar bu «boz zona»da narkotiklərin becərilməsi, emalı və daşınması təkcə Azərbaycan deyil, bəşəriyyət üçün təhdiddir. Aşkar edilmiş cinayət faktları deməyə əsas verir ki, Azərbaycanın işğal olunmuş və respublikamız tərəfindən nəzarət edilməyən Dağlıq Qarabağ və ətraf ərazilərdən müxtəlif cinayətkar məqsədlər üçün istifadə edildiyi faktlar bu gün də davam etməkdədir. Hazırda həmin nəzarətsiz ərazilərdən narkotik vasitələr nəinki tranzit, habelə orada emal edildikdən sonra İran-Azərbaycan-Rusiya və Ermənistan-Gürcüstan marşrutları üzrə narkotiklərin Avropaya yayılması üçün istifadə olunur”, – deyə MTN-in bəyanatında qeyd olunurdu.
Vüqar İsmayılov