Modern.az

Deputatların hobbisi - Musiqi, mütaliə, bilyard... Kim asudə vaxt tapır?

Deputatların hobbisi - Musiqi, mütaliə, bilyard... Kim asudə vaxt tapır?

Parlament

24 Oktyabr 2013, 15:12


Hobbi, meyl, maraq, həvəs cəmiyyətdə tutduğu mövqedən, vəzifədən asılı olmayaraq hər bir insana xas olan xüsusiyyətlərdir. Hərənin öz maraq dairəsi, daha dəqiq desək, hobbisi var. Kimsə müxtəlif növ markalar, dəmir və ya kağız pullar, kibrit qutusu, açıqca toplamağı xoşlayır, başqa biri rəsm əsərləri, kitablar yığır. Kaset və disk toplamağa, musiqiyə qulaq asmağa, kitab oxumağa, xarici dil öyrənməyə, at sürməyə hobbi kimi yanaşanlar da. Bəzilərinin hobbisi evdə heyvan saxlamaq, digərlərininki maşın sürmək, bir başqalarınınkı telekanalları seyr etməkdir. Saatlarla internetdə «qurdalanmaq», səyahət etmək, ova getmək, qəzet oxumaq, idmanla məşğul olmaq, hətta qumar oyunlarına aludəçilik kimi hobbilər də mövcuddur. Bir sözlə, əlavə məşğuliyyət növü sayılan hobbilər müxtəlif ola bilər.

Bəzən cəmiyyətdə çox ciddi şəxs kimi qəbul olunan adamların əlavə məşğuliyyətinin nə ilə bağlı olduğunu biləndə istər-istəməz təəccüblənirsən. Bu sözləri kiminsə qeyri-ciddi hesab etdiyi adam haqqında da söyləmək olar. Hər bir yaş dövrünə məxsus hobbilərin, maraqların olması mümkündür. Bəzən zaman keçdikcə zövqlər kimi hobbilər də dəyişə bilər. O da mümkündür ki, kimsə uşaqlıqdan məşğul olduğu hobbisini ta qocalanadək davam etdirir.

Milli Məclisdə müxtəlif bölgələrdən təmsil olunan deputatlar hər zaman müəyyən qanunların qəbulu, onlara əlavə və dəyişiklərin edilməsi və s. təşəbbüslərlə çıxışlar edirlər. Eyni zamanda deputatlar müxtəlif beynəlxalq təşkilatların iclaslarında iştirak edirlər. Bəs deputatlarımız özləri üçün asudə vaxt ayırıb öz maraq dairələrində olan işlərlə məşğul ola bilirlərmi? Ümumiyyətlə onlar asudə vaxtlarını necə keçirirlər, hobbiləri varmı?

Modern.az saytı Milli Məclisdə təmsil olunan bütün deputatlardan bu suala cavab almağa çalışacaq.

Vahid Əhmədov asudə vaxtının çox az olduğunu və imkan edən kimi nəvələri ilə vaxt keçirməyə çalışdığını bildirib. Çox az vaxtlarda isə deputat siyasi, iqtisadi məsələlərlə bağlı mütaliə etməyə vaxt tapır. V.Əhmədovun hobbisi idmanla məşğul olmaqdır.

Asim Mollazadə isə vaxt tapan kimi mütaliə etməyə və musiqi dinləməyə çalışdığını deyib: “Xüsusi maraqlandığım bir sahə yoxdur. Boş vaxtlarımda musiqi dinləyirəm, mütaliə edirəm”.

Eldar İbrahimov da digər həmkarları kimi asudə vaxtının az olduğunu və əsasən kabinetində işi ilə məşğul olduğunu bildirib. “Qalan vaxtlarda isə ailə problemləri ilə məşğul oluram. Bir dostum var, onunla hərdən bilyard oynayıram. Xüsusi marağım yoxdur. Ancaq siyasətlə məşğulam, aqrar sahədə qanunların üzərində işləyirəm”.

Fazil Mustafa asudə vaxtının az olmasına baxmayaraq, boş vaxtlarında idman, mütaliə ilə məşğul olmağa çalışdığını vurğulayıb. “Həftədə bir-iki dəfə futbol və şahmat oynayıram. Qalan vaxtlarımda isə ingilis dili ilə məşğul oluram, Facebook-da yazılar yazıram”.

Zahid Oruc faktiki olaraq, siyasi proseslərlə bağlı bu ilin yay tətilində istirahət edə bilmədiyini, mümkün olduğu qədər parlamentin qış tətilində istirahət üçün vaxt ayırmağa çalışdığını bildirib. “Həftəlik şənbə-bazar günləri kimsə asudə vaxt tapa bilmirsə, demək vaxtını bölməyi, bunu təşkil etməyi bacara bilmir. İlk növbədə belə imkanım yaranam kimi çalışıram yaxın ideyalı, elmi insanlarla, universitet müəllimləri ilə görüşüb diskussiyalar aparım. Mütaliəyə diqqət ayırmağa çalışıram. Eyni zamanda şəxsi həyatıma da vaxt ayırıram. Zənn edirəm ki, biz bütün  hallarda ideyalara sahibləniriksə, bunu bölüşəcək mühit olmalıdır”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır