Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli şəhərindəki AtaHoldinq Mərkəzində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın müəllifi olduğu kitabların təqdimat və imzalanma mərasimi keçirilib. Kitaba böyük maraq göstərən Marneuli rayonunun ziyalıları, gəncləri imzalanma mərasimində fəal iştirak ediblər.
Qənirə Paşayeva ilk növbədə onun “imza günü” üçün AtaHoldinq Mərkəzinə gələn çoxsaylı oxucuları, kitabsevərləri, ədəbiyyat dostlarını, sadə insanları bir arada görməkdən məmnun olduğunu bildirib və Gürcüstan azərbaycanlılarına onun müəllifi olduğu kitablara göstərdikləri diqqət və maraq üçün təşəkkür edib. Bunun üçün imzalamaya gələn hər kəsə xüsusi minnətdarlığını bildirən deputat müəllifi olduğu kitabların da onların xoşuna gələrsə, bundan məmnun qalacağını qeyd edib. Millət vəkili Qənirə Paşayeva bir müəllif kimi bu əsərlərin yazılma tarixi haqqında tədbir iştirakçılarına məlumat verib. O, özünün yazdığı kitabların gəncləri düşünməyə çağırdıqlarını bildirib:
“Mən bu kitabları sadə dildə yazmışam. Ümid edirəm ki, şair və yazıçılarımız nəşr olunan kitablarının Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında təqdimatını daha çox keçirəcək və bu kitabları azərbaycandilli məktəblərə, ziyalılara hədiyyə edəcəklər. Mən bütün yazıçılarımızı buna çağırıram”, deyə Q. Paşayeva vurğulayıb.
AMM-in sədri Fazil Həsənov çıxışı zamanı tədbiri “Kitab bayramı, mənəviyyat bayramı” adlandırıb.
Tədbirdə iştirak edən Gürcüstan Parlamentinin deputatları Mahir Dərziyev və Əli Məmmədov çıxış edərək bu cür tədbirlərin Azərbaycan hüdudlarında kənarda yaşayan soydaşlarımız arasında keçirilməsinin vacibliyini qeyd ediblər.
Tədbirdə iştirak edən Himayə və Qayğı fondunun sədri Gülay Rzayeva, Azərbaycanın Əməkdar Artisti Elza Seyidcahan və digər tədbir iştirakçıları fikirlərini bölüşüblər.
Sonra tədbirdə Borçalıda yaşayan qələm sahibləri çıxış ediblər. Təqdimat-imzalanma mərasimində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu “Məndən sonra...”, “Səndən sonra...”, “O...” “Dünyanı dəyişən alimlər”, “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası”, “Tarixə adını yazmış qadınlar” və digər kitabları təqdim olunub.


Modern.az