Prezident İlham Əliyev "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncamı imzalaması ilə Azərbaycanın təhsil sistemində bir sıra islahatlar həyata keçiriləcək.
Modern.az xəbər verir ki, strategiyada 12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumlarının yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə bölünməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının hazırlanması, təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması nəzərdə tutulub. Eyni zamanda strategiyada erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması, 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması, tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi, təhsil müəssisələrinin infrastrukturuna dair norma, standart və qaydaların təkmilləşdirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi, təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi nəzərdə tutulub.Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə bağlı nazirliyin şərhinin oktyabrın 28-də ictimaiyyətə təqdim olunacağını bildirib.
Aytən ƏLİYEVA