Modern.az

Deputat yenə də keçmiş naziri ittiham etdi: “O cəmiyyətə düşmən kəsilmişdi”

Deputat yenə də keçmiş naziri ittiham etdi: “O cəmiyyətə düşmən kəsilmişdi”

Təhsil

25 Oktyabr 2013, 12:03

“Müdafiə Nazirliyi sistemində mühüm dəyişikliklər həm də kadrların düzgün müəyyənləşdirilməsini tələb edir. Zakir Həsənovun yeni müavini Ramiz Tahirov təcrübəli bir hərbiçidir. Hesab edirəm ki, bu proses Silahlı Qüvvələrdə daha da mühüm işlərin görülməsi üçün önəmlidir”.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisinin Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü, deputat Zahid Oruc deyib. O, yeni təyin olunmuş müdafiə naziri, general-polkovnik Zakir Həsənovun kadr islahatlarına münasibət bildirərkən qeyd edib ki, ümumilikdə bu, çox müsbət hadisədir.

Z.Orucun sözlərinə görə, kadrların rotasiyası, vəzifədə yüksəldilməsi normal qarşılanmalıdır. Komitə üzvü vəzifələri aşağı salınmış şəxslər haqqında da ittihamlar səsləndirib.

“Keçmiş dönəmdə xüsusi himayə ilə öz potensialından daha artıq şişirdilmişlərin də öz yerinə qoyulması qayda-qanunun yaradılmasına xidmət edəcək. Hüquqi işlər də görülməlidir. Dövlətin hərbi sahəyə verdiyi önəm və büdcə siyasətində onu birinci sırada qoyması avtomatik olaraq təhlükəsizlik həyatımızda da öz əksini tapacaq. Ayrılan maliyyə vəsaitləri real güc doğurmalıdır”.

Z. Orucun fikrincə, bu vaxta qədər əsgərlərə çatacaq vəsaitlərin mənimsənilməsi halları baş verib və onların hüquqları tapdalanıb. Deputat onu da əlavə edib ki, əvvəllər kadrların müəyyənləşməsində özəl maraqlara üstünlük verilirdi. “Bu faktorlar gücümüzü aşağılayan məqamlar idi”.

Milli Məclisin deputatı keçmiş müdafiə naziri Səfər Əbiyev əleyhinə də ciddi ittihamlar irəli sürüb. “Səfər Əbiyev daha çox Azərbaycan cəmiyyəti ilə və onun təmsilçiləri ilə konfliktdə idi, nəinki düşmənlə. Hesab edirəm ki, Zakir Həsənovun daha operativ qaydada atdığı addımlar onu sübut edir ki, yeni nazirin iradəsi və əzmi var. Çox istərdim ki, Türkiyə ilə yaradılmış əlaqələrin fonunda qonşu ölkənin güclü ordusunun təlimat sistemləri, aparıcı modelləri, silah nümunələri, həmçinin müxtəlif qoşun növlərində əldə etdiyi nailiyyətlər Azərbaycana gətirilsin. Çünki bu vaxta qədər Sovet sistemini ordumuza hakim kəsilmişdi. İndi isə qabaqcıl NATO standartlarına üstünlük verilməlidir”.

 

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat