“Leninin məşhur bir sözü olub. O deyib ki, yaxşı-yaxşı birləşməmişdən qabaq yaxşı-yaxşı ayrılmaq lazımdır. Milli Şura yaxşı-yaxşı ayrılmamış qüvvələrin birləşməsi idi”. Bunu Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. O Milli Şuradakı istefalara münasibət bildirirkən qeyd edib ki, sözügedən qurum demokratik prinsiplərlə təşkilatlanmamışdı.
Onun sözlərinə görə Milli Şura əvvəldən aşağıdan-yuxarıya və ya əksinə təşkilatlanıb. “Ora daxil olan qüvvələr də bir-biri ilə yox, Rüstəm İbrahimbəyovun avtoriteti ilə əlaqələnirdilər. İndi isə Rüstəm İbrahimbəyovun Milli Şuraya hər hansı bir təsiri yoxdur və qurumda söz sahibi deyil. Faktiki olaraq Milli Şurada daha çox İctimai Palataya daxil olan qüvvələrin fəaliyyəti daha çox nəzərə çarpır”-deyən ADP sədri hesab edir ki, iki qurumdan birinin fəaliyyəti dayandırılmalıdır.
“Ya İctimai Palata, ya da Milli Şura buraxılmalıdır. Seçki mərhələsindən sonra hər iki qurum bir-birinin dublikatı kimi fəaliyyət göstərir ki, bu da düzgün deyil”-deyə S.Cəlaloğlu söyləyib. ADP rəsmisi Milli Şuranı nəzərdə tutaraq bildirib ki, seçki ilə bağlı yaradılmış strukturlar seçki bitdikdən sonra dağıdılmalıdır.
“Milli Şura da guya seçki ilə əlaqədar yaranmışdı. Bu baxımdan seçkilərin başa çatması və Milli Şuranın qələbə qazana bilməməsi ilə bağlı olaraq təşkilat öz fəaliyyətini dayandırmalıdır”.
Qeyd edək ki, Milli Şuranın 24 oktyabrda keçirilən sessiyasında 9 nəfər üzvü qurumdan kənarlaşdırılıb. Siyahıya ALP lideri Lalə Şövkət, Gülnarə Qurbanova və Akif Şahbazov, sabiq AXCP-çi Asəf Quliyev, “El” Hərəkatının eks-üzvü İlham Hüseyn, ACP-çilər Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova və İslam Partiyasından iki nəfər - Mövsüm Səmədov, Elçin Manafov daxildir. Eyni zamanda ALP sədri Əvəz Temirxan da Milli Şuradan getdiyini açıqlayıb.
Aqşin Kərimov