Milli Şura Bakıda metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsil stadionunda 9 oktyabr prezident seçkilərinin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsi tələbi ilə mitinq keçirir.
Saat 16.00-da başlamış aksiyada Milli Şuraya daxil olan siyasi qüvvələrin liderləri Cəmil Həsənli, İsa Qəmbər, Əli Kərimli, Mirhamud Mirəlioğlu, İsgəndər Həmidov və digərləri iştirak edirlər.
Mitinqi N!DA Vətəndaş Hərəkatı üzvü Nicat Məmmədov aparır. Yağışlı hava şəraiti olmasına baxmayaraq, mitinqə gələnlərin az olmadığı bildirilir.
Aksiya hazırda davam edir.
***
Mitinqdə AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, VHP İcra Aparatının rəhbəri Samir Əsəsdli, Müsavat Gənclər Təşkilatından Nərgiz Yaqublu və gənc fəallardan Ülvi Həsənli çıxış ediblər.
Daha sonra Milli Şuranın prezidentliyə nazmizədi Cəml Həsənli çıxış edib.
"Bu millətdə demokratiya eşqinə bax ki, başına leysan tökə-tökə meydanlara toplaşıb" deyə Cəmil Həsənli bildirib. O, gənclərin mübarizədə fəal iştirakını təqdir edib, gəncliyin ünvanına xoş sözlər deyib. Bildirib ki, Azərbaycanın qarantı bu gənclik və Milli Şuradır.
Cəmil Həsənli daha sonra seçkilərin dünyada rüsvayçlı hadisələr sırasında olmasından, sirli inauqurasiyadan, siyasi məhbuslardan, qəzetlərə qarşı repressiv siyasətdən danışıb. O, insanların yağışa baxmayaraq mitinqdə iştirakını “fədakarlıq” adlandırıb.
Mitinq qətnamənin oxunması ilə başa çatıb. Qətnamədə seçkidən əvvəl və sonra həbs olunanların azadlığa buraxılması, beynəlxalq ictimaiyyətin seçkilərlə bağlı rəyinin nəzərə alınması, azad mətbuata, o cümlədən "Azadlıq" qəzetinə qarşı təzyiqlərə son qoyulması tələb edilir.
Moden.az