Modern.az

Şuşanın işğal günü hansı redaktor qan verəcək?

Şuşanın işğal günü hansı redaktor qan verəcək?

Media

30 Aprel 2010, 10:53

Parlament Jurnalistləri Birliyi (PJB) və AzərTAc-ın təşəbbüsü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə mayın 8-də saat 10.00-da, Şuşanın işğalının 18-ci ildönümü günündə Elmi Texniki Hemotologiya və Qanköçürmə İnstitutunda qanvermə aksiyası keçiriləcək. PJB sədri Elşad Eyvazlı aksiyada iştirak etmək üçün millət vəkillərinə və bütövlükdə ölkə mediasına müraciət etdiklərini bildirib.   Modern.az bir sıra mətbuat orqanlarının redaktorlarından bu aksiyanı necə qiymətləndirdiklərini və aksiyada iştirak edib-etməyəcəklərini öyrənib.

AzərTac-ın baş direktor müavini Dağbəyi İsmayılov: “Bu təşəbbüsü yüksək qiymətləndirirəm. Əlbəttə belə aksiyalar xeyirxah işdir. Jurnalistlərin də donor rolunda çıxış etməsi yaxşı haldır. Hansısa bir xəstə insan üçün qan vermək savabdır. Həmin insanın həyatı bununla xilas ola bilər. Tələbəlik illərində də qanvermə aksiyalarında iştirak etmişəm. Bu aksiyada da hökmən iştirak edəcəm”.

 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: “Bu aksiya təkcə Şuşanın işğal günündə deyil, hər hansısa formada başqa zamanlarda da həyata keçiriliməlidir. Şuşanın işğal günü isə təkcə 8 mayda deyil, hər gün xatırlanmalıdır. Ancaq hər halda bu aksiya təqdirəlayiqdir. Bu da bir vasitədir. Ancaq daha yaxşı olardı ki, jurnalistlər öz peşə fəaliyyətlərinə uyğun bir iş görsünlər. Və bu daha məqbul sayılardı. Ümumiyyətlə, tanıdığım həkimlərin deməsinə görə, aşura günündə həddən artıq qan yığılır. Qanın da uzun müddət qalması xəstələrə kömək etmir. Əslində belə aksiyalar mütəmadi keçirilsə, daha yaxşı olar. Bu aksiyada isə iştirak edəcəyimi dəqiq bilmirəm. Hələlik qərar verməmişəm. Hər halda qatılmaq olar”.

 

“Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva: “Təşəbbüsü normal qarşılayıram. Bu aksiyaya jurnalistlərin qoşulmasından məmnunluq hissi keçirirəm. Xeyirxah və savab işdir. Vaxtım olarsa, bu aksiyada mütləq iştirak edəcəm. İndiyə kimi qanvermə aksiyasında iştirak etməsəm də, yaxınlarım üçün qan vermişəm”.

 

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “Bu aksiyanı müsbət qiymətləndirirəm. Və çalışacağıq biz də həmin aksiyada fəal iştirak edək. Deputatları və jurnalistləri də bu aksiyada iştirak etməyə çağırıram”.

 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Bütün humanist dəyərləri yüksək qiymətləndirirəm. Bunu tək mayın 8-9-da deyil, başqa günlərdə də keçrməliyik. Mayın 8-də isə bizim qanımızı axıdıblar. Biz həmin gün erməni qanı axıtmalıyıq. Ehtiyac duyularsa, bizim kollektiv də bu prosesdə iştirak edəcək. Hətta belə bir kampaniya keçirliməyəndə də bizim qəzetin əməkdaşları qanvermə aksiyalarında iştirak edir. Özüm əvvəllər bu cür aksiyalara qoşulmuşam. Ancaq indi səhhətimlə əlaqədar iştirak edə bilmirəm. Əslində qan vermək səhhətin normal olması baxımından çox yaxşı bir şeydir”.

“Bizim yol” qəzetinin redaktoru Elçin Rüstəmli: “Jurnalistlərin belə bir aksiya çağırışını müsbət qiymətləndirirəm. Yaxşı addımdır. Həkimlə məsləhətləşəcəm. Əgər səhhətim imkan versə, mən də iştirak edəcəm. İndiyə kimi bir neçə qanvermə aksiyasına qoşulmuşam”.

 

“Medi forum” saytının baş redaktoru Azər Qaraçənli: “Belə aksiyalar dünyanın hər yerində humanist bir addım kimi qiymətləndirilir. Əgər belə bir təşəbbüs varsa,  onu ancaq alqışlayıram. Ancaq “Media forum” saytı heç zaman kollektiv olaraq bu cür kampaniyalara qoşulmur. Əməkdaşlarımızdan hansısa istəsə, iştirak edə bilər. Mənim isə heç zaman qanvermə aksiyasında iştirak etmək fikrim olmayıb. Heç həvəsim də yoxdur. Bir insan kimi heç indi də bunu düşünmürəm. Bəlkə də mən o dərəcədə inkişaf etməmişəm”.

 

APA-nın baş direktoru Vüsalə Mahirqızı: “Aksiyanı müsbət qiymətləndirirəm. Bu, modern cəmiyyətdə qəbul olunmuş bir şeydir. Yəni insanlar müxtəlif xeyriyyə aksiyalarında və kampaniyalarda iştirak edirlər. Əslində bu normal haldır. İndiki qrafikimə görə mən həmin vaxt xaricdə olmalıyam. Ancaq burada olsam, təbii ki, bu aksiyada iştirak edəcəm. İndiyə kimi heç bir qanvermə aksiyasında iştirak etməmişəm. Bunun xüsusi bir səbəbi yoxdur”.

“Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə: “Müsbət qiymətləndirirəm. Bu təşəbbüsü dəstəkləyirəm. Ötən il də Parlament Jurnalistləri Birliyinin belə aksiyasında iştirak etmişəm. Bu il də qatılacam.Yəqin ki, redaksiyamızın digər əməkdaşları da bu aksiyada iştirak edəcək”.

 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: “PJB-nin bu addımını müsbət qiymətləndirirəm. Xeyriyyə hərəkəti kimi bu aksiyanı alqışlayıram. Bizim qəzet də informasiya dəstəyi verməyə hazırdır. Bir dəfə xəstə uşaqlarla bağlı qanvermə kampaniyasında iştirak etmişəm. Əgər mayın 8-də Bakıda olsam,  çalışacam iştirak edim”.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Jurnalistlərin bu addımını yüksək qiymətləndirirəm. Belə aksiyaların keçirilməsinə hər zaman ehtiyac var. Çünki Azərbaycanda talessemiyaya mübtəla olan uşaqlar çoxdur. Atəşkəs rejimi olmasına baxmayaraq döyüş bölgəsində ermənilər tərəfindən yaralanan əsgərlərimizə qan verməyə ehtiyac var. İndiyə kimi bu cür aksiyaya dəvət olunmadığım üçün iştirak etməmişəm. “Şərq” qəzeti də bu aksiyaya qatılacaq”.

 

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov: “Bu tip aksiyaların keçirilməsini dəstəkləyirəm. Çünki Azərbaycanda qana ehtiyacı olan xəstələr çoxdur. Bu cür aksiyaları müxtəlif zamanlarda Qafqaz Müsəlmanları İdarəsi, bir neçə siyasi partiya və təşkilatlar da həyata keçirib. Mən də bir dəfə iştirak etmişəm. Əgər vaxtım olsa, bu aksiyaya qatılacam”.

 

Günay MUSAYEVA

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu