“Müxalif partiyanın üzvü kimi deməliyəm ki, biz prezident seçkilərini uduzmuşuq”. Bunu Modern.az-a ötən gün Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələrini dəyərləndirən “Milli Hərəkat” Partiyasının üzvü, deputat Azər Süleymanov açıqlayıb. O, sabiq prezident Mixail Saakaşvilinin də Georgi Marqvelaşvilini təbrik etdiyin xatırladıb. “Seçkilərin yekun nəticələri elan olunmasa da, Georgi Marqvelaşvilinin səslərin 70%-ə qədərini topladığı artıq məlumdur. Milli Hərəkat Partiyasının namizədi, keçmiş parlament sədri David Bakradze isə təxminən 22% səs toplayıb. Gürcüstan xalqı layiq bildiyi namizədə səs verdi. Lakin güclü ölkəyə güclü müxalifət lazımdır. Müxalifət partiya kimi mübarizəmizi davam etdirəcəyik”.
A. Süleymanov seçkilərin saxtalaşdırıldığını iddia edən Nino Burcanadze ilə razı deyil. Bütün beynəlxalq müşahidəçilər tərəfindən seçkilərin nəticələrinin tanındığını xatırladan deputat N.Burcanadzenin məğlub olmağı bacarmadığını bildirib.
“Saxtakarıq barədə danışmaq artıq gecdir. Burcanadze heç ikinci yer tutmayıb, amma seçki öncəsi qələbədən danışırdı. Halva-halva deməklə ağız şirin olmur. Əgər ona səs verməyiblərsə, seçkilər saxta olub demək də olmaz. Düzdür, müəyyən problemlər olub, amma kütləvi saxtakarlıq olmayıb. Hamı, Gürcüstanda akkreditasiya olan jurnalistlər, beynəlxalq müşahidəçilər seçkiləri tanıdı. Uduzmağı bacarmaq lazımdır. Amma həyatı uduzmamışıq”.
Gürcüstan parlamentinin üzvü azərbaycanlıların toplu şəkildə bir namizədə səs vermədiyini vurğulayaraq bəzi məntəqələrdə müxalif namizəd David Bakradzenin qalib gəldiyini söyləyib. “Buradakı azərbaycanlılar xırda partiyadan tutmuş iri partiyalara qədər bütün siyasi güclərə inteqrasiya olublar. Msələn, Marneulinin azərbaycanlılar yaşayan kəndlərinə, o cümlədən rayonun özündə Bakradze qalib gəlib. Rayon üzrə Marqvelaşvili qalib gəlib”.
Vüqar İsmayılov