Modern.az

Gülər Əhmədovayla Elşad Abdullayevin üzləşdirilməsi - bu necə baş tutacaq?

Gülər Əhmədovayla Elşad Abdullayevin üzləşdirilməsi - bu necə baş tutacaq?

Təhsil

29 Oktyabr 2013, 14:44

Hüquqşünas: “Eks-rektorun şahid ifadələri Fransada da alına bilər”


Həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmə prosesində ən maraqlı məqam üzləşdirmənin olub-olmayacağıdır. Çünki G.Əhmədovaya qarşı irəli sürülən ittihamlar fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin gizli çəkdiyi video-görüntülərə əsaslanır. İstintaq zamanı baş tutmayan bu prosedurun gerçəkləşməsi üçün E. Abdullayevin Azərbaycana ekstradisiya olunması gərəkdir.

Buna görə də məsələ yenidən gündəmə gəlib.

Bundan öncə Türkiyənin “Medicana International İstanbul Hospital” xəstəxanasında dünyasını dəyişən Sevinc Babayevanın ölüm səbəblərini araşdırmaq üçün Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyəyə ezam olunmuşdu. Buna qədər Baş prokuror Zakir Qaralov xüsusi tapşırıq qaydasında Ədliyyə Nazirliyi vasitəsi ilə Türkiyə Ədliyyə Nazirliyinə müraciət edərək Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının ekspertizanın aparılmasında iştirakı barədə məsələ qaldırmış və bu təklifə rəsmi Ankara müsbət cavab vermişdi.

Son məhkəmə iclasında təqsirkar bilinən sabiq millət vəkili Gülər Əhmədova Elşad Abdullayevin məhkəməyə gətirilməsini və ifadəsinin alınmasını tələb edib. Belə olan halda, Baş Prokurorluq G.Əhmədovanın bu tələbini nəzərə alıb, öz əməkdaşlarını Fransaya ezam edə bilərmi?

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev hüquqi baxımdan Elşad Abdullayevin ifadəsinin alınmasının mümkün olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycanla Fransa arasındakı qarşılıqlı hüquqi yardım haqqında müqaviləyə əsasən, Fransaya gedib Elşad Abdullayevin ifadəsini almaq olar. Bundan başqa, oradakı müvafiq qurumlarla əlaqə saxlayaraq və ya istintaq qrupunun üzvləri ora gedərək ABU-nun keçmiş rektorunu dindirmək mümkündür.

“Azərbaycan ekstradisiya haqqında konvensiyaya qoşulub. Həmin konvensiyaya əsaslanaraq, Elşad Abdullayevin Azərbaycana ekstradisiyasını da reallaşdırmaq olar. Təbii ki, artıq bununla bağlı Baş Prokurorluq Fransanın müvafiq orqanlarına müraciət edib. İndi həmin müraciətin cavabı gözlənilir. Bundan sonrası Fransa hökumətinə məxsusdur. Fransa öz qərarını verməlidir”.

Hüquqşünas bildirib ki, ortada kifayət qədər ciddi ittihamlar olduğundan Qərbdə də belə cinayətlər üzrə ittiham olunan şəxslər ekstradisiya edilir. Onun sözlərinə görə, ortada korrupsiya, insan orqanlarının qanunsuz transplantasiyası kimi ittihamlar  olduğundan çox güman ki, müvafiq qərarlar qəbul olunacaq.

“Əgər həmin şəxsin şahid qismində ifadəsi alınacaqsa, o zaman Fransanın Ədliyyə Nazirliyinə sorğu göndərilməlidir. Qarşılıqlı hüquqi yardım haqqında qanuna görə, şahid müstəntiq tərəfindən dindirilir və yaxud da dövlətin müvafiq qurumunun nümayəndəsi dindirməni həyata keçirir. Əgər təqsirləndirilən şəxs qismindədirsə, vəziyyət fərqli olur. Onda ekstradisiya ilə bağlı məsələlər meydana çıxa bilər”.


Gültəkin ƏLƏSGƏR  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat