Avropa Parlamentinin 9 oktyabr prezident seçkiləri ilə bağlı yaydığı bəyanatdan sonra Elxan Süleymanov kəskin çıxış edərək, Azərbaycanın AvroNest Parlament Assambleyasındakı fəaliyyətini dayandıracağını bildirmişdi. Hətta o, bununla bağlı AvroNest PA-ya məktub da göndərmişdi.
Milli Məclisin bu gün keçirilən iclasında deputatlar təklifi ciddi tənqid ediblər. YAP-çı deputatlar isə belə bəyanatın prezidentin səlahiyyətinə müdaxilə olduğunu bəyan ediblər.
Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan AvroNest PA-ya Milli Məclisin qərarı ilə daxil olub və parlamentin qərarı ilə də çıxa bilər.
Modern.az məsələ ilə bağlı Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanovla əlaqə saxlayıb. Milli Məclisin iclasında iştirak etməyən Elxan Süleymanov Modern.az-a açıqlamasında xəstə olduğunu bildirib.
“Məni üzrlü hesab edin, 39 dərəcə temperaturum var, danışa bilmirəm. Bu gün Milli Məclisdə nə fikir söylənildiyi və nələr deyildiyi haqqında məlumatlı deyiləm. Ona görə məlumatlı olmadığım məsələ haqqında heç nə deyə bilməyəcəm” deyə Elxan Süleymanov vurğulayıb.
Aytən ƏLİYEVA