Türkiyənin Bolu şəhərində I Beynəlxalq Koroğlu festivalı keçirilib. Festivalda Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva, Aqil Abbas da iştirak edib. Bu barədə Modern.az-a Qənirə Paşayeva məlumat verib. O, deyib ki, Bolu Bələdiyyəsinin təşkilatçılığı ilə adı çəkilən şəhərdə keçirilən festivalda türk dünyasının 5 ölkəsi ilə ortaq hərəkət edilib.
Tədbirdə Türkiyə Baş nazirinin köməkçisi Bekir Bozdağ və Bolu şəhər rəsmiləri də iştirak ediblər.
Koroğlunun adını daşıyan festivalın təşkil olunmasında məqsəd türk dünyasının qəhrəmanı Koroğlunun dünyaya tanıdılmasıdır.
Festivala Türkiyənin Mehtər musiqi qrupunun çıxışı ilə start verilib. Abdulla Gülün festival barədə məktubu oxunduqdan sonra Bolu Bələdiyyə başçısı Ələddin Yılmaz Koroğlu kimliyi haqqında məlumat verib. O, Koroğlunun dünyada məhşur olan Robin Quddan fərqlənmədiyini hətta onun qılıncla yanaşı digər əlində humanistliyin simvolu olaraq saz tutduğunu dilə gətirib.
Almaniyadan olan millәt vәkillәri Arif Ünal vә Raymond Roys, Bolu valisi Mustafa Kamal Kәskin, Bolu millәt vәkili Fәhmin Küpçü vә başqaları çıxış ediblәr. Onlar ortaq dəyərimiz olan Koroğlunun Bolu ilə bütünləşdiyini bu işin davamında daha böyük uğurların olacağını deyiblər.
Festivalda çıxış edən millət vəkili Qənirə Paşayeva bu gözəl bayramın Cümhuriyyətin qurulması ilə eyni ərəfəyə təsadüf etməsinin sevindirici hal olduğunu söyləyib.
Türk köklərinin birliyi məsələsinə toxunan Qənirə Paşayeva Koroğlunu bütün türk dünyasını birləşdirən böyük dəyər adlandırıb. “Azərbaycanın və eləcə də türk dünyasının hər yerində Koroğlunun izinə rast gəlinir. Azərbaycanda Üzeyir Hacıbəyovun yaratdığı “Koroğlu” operası, Koroğluya çəkilən filmini, Koroğlu üzərinə yazılan kitabları Türkiyədə Koroğlu abidəsini görəcəksiniz . Koroğlu əgər türk dünyasının hər yerində varsa bu bizim birliyimizin göstəricisidir. Festivalın bu cür təşkil olunmasına görə mənsub olduğum millət adına təşəkkürümü bildirirəm”.
Açılış mərasiminin sonunda çıxış edən Baş nazirin müavini Bekir Bozdağ Koroğlunu ədalətin səsi adlandırıb.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan kimi türk dünyasının müxtәlif ölkә vә topluluqlarından Boluya dәvәt olunmuş milli folklor qruplarının rәngarәng rәqslәri, mahnıları ilә festival davam edib. Bolu mərkəzi meydanında milli sәrgilәr nümayiş olunmaqla yanaşı Koroğlu filmlәrindәn parçalar göstәrilib, türk dövlətlərinin rəqsləri nümayiş etdirilib.
Festivala “Koroğlu” filminin Rövşəni Cüneyt Arkın, Nigarı Fatma Girik də qatılıb. Onlar mərkəzi meydanda xalqı salamlayaraq Nəcib Fazil Mədəniyyət Mərkəzindəki film nümayişinə qatılıblar.
Modern.az