Modern.az

Qaz, xəstəxana yoxluğu, bərbad yollar - Deputat və jurnalist Gədəbəydən danışır

Qaz, xəstəxana yoxluğu, bərbad yollar - Deputat və jurnalist Gədəbəydən danışır

Aktual

30 Oktyabr 2013, 10:54


Modern.az
saytı “Bölgələrdəki vəziyyət: Deputat və jurnalist danışır” layihəsini davam edir. Bu dəfə seçilən bölgə Gədəbəydir. Burada olan problemlər haqqında 103 saylı Gədəbəy seçki dairəsindən seçilmiş deputat Sevinc Hüseynova və əslən Gədəbəydən olan Modern.az saytının  əməkdaşı  Gültəkin Quliyeva danışır.

Deputat Sevinc Hüseynova deyir ki, Gədəbəydə olan əsas problemlər infrastukturla bağlıdır. “Doğrudur, həll olunmamış problemlər qalıb. Bunlardan ən əsasları yol, qaz və işıq ilə bağlı olan problemlərdir.  Bununla bağlı tələblər də olub. Artıq Əliismayıllı və Cücanlı kəndinə su çəkilib. Biri dövlət hesabına, digəri isə Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə olub. Hazırda Kiçik Qaramurad kəndində su çəkilməsi ilə bağlı imzalanma tədbiri keçirilib və suyun mənbəyində işlər başlanıb. Digər bir problem yol problemidir. Bununla bağlı həm dövlət xətti, həm də Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə kənd yollarının təmirinə dair layihə var . O layihə çərçivəsində işlər aparılır. Qaravəli kəndində gedən iş  hələ yekunlaşmayıb. İşıq dirəkləri və naqil problemləri insanları olduqca narahat edir. Seçicilər bu məsələni hər zaman qaldırırdılar. Mən özüm də bir neçə dəfə Nazirlər Kabinetinin iclasında bu məsələləri qaldırdım. Artıq həmin məsələlər də öz həllini tapıb. Bu il dövlət proqramı əsasında Gədəbəyə 5 milyon vəsait ayrılıb. Rayonun müəyyən yerlərində tikinti işləri aparılır. Qazla bağlı problemlər də aradan qaldırılacaq. Bununla daimi məşğuluq. Seyidlər kəndində narazılıq var idi. Çünki qazın paylayıcı anbarı həmin kəndin ərazisindən keçdiyi halda, həmin kənd qazlaşdırılmamışdı. Bu il həmin kənddə qaz xəttinin çəkilişinə başlanıb. İlin axırına qədər orada olan işlərin yekunlaşması gözlənilir. Gədəbəylə Tovuz arasında müəyyən yer də təmirsiz vəziyyətdə idi. Həmin yollar prezidentin sərəncamı ilə təmir olunacaq. Ancaq hələ işə başlanmayıb. Gədəbəyin Slavyanka kəndində də işlər gedir. Bütün bu məsələlər tez bir zamanda öz həllini tapacaq. Biz də əlimizdən gələni edirik”. 


Jurnalist Gültəkin Ələsgər Gədəbəyin bitib-tükənməyən problemlərindən danışdı. Həmkarımızın rayonu tərif etməsindən elə başa düşdük ki, Gədəbəy sanki yaşamaq uğrunda mübarizə aparan insanların məskənidir. “Hər bölgədə olduğu kimi bizim bölgənin də problemləri az deyil. Elə hər şeydən öncə yol problemi hələ də öz həllini tapmayıb. Düzdür dağlıq ərazi olmasına görə yolların bərbad vəziyyəti başa düşüləndir. Amma Gədəbəydə qızıl mədəninin olduğunu nəzərə alsaq, gərək Gədəbəyin bütün kəndləri istirahət zonası ola. Bütün bu var-dövlətə baxmayaraq, kəndlər arasındakı yollar çox pis vəziyyətdədir. Bir balaca yağış yağan kimi yollar keçilməz olur. Hətta kəndin ən dözümlü maşınları belə, palçığı yarıb mənzil başına vaxtında çata bilmirlər. Əsas payız və qış aylarında yollar tanınmaz hala düşür. Gediş-gəliş olduqca çətinləşir. Odur ki, kənd arası yolların təmirinə ehtiyac var. Gədəbəydə olan başlıca problemlərdən biri də işıq ilə bağlıdır. Burada zəif külək olan kimi işıq dirəkləri yararsız vəziyyətə düşür. Kənd sakinləri günlərlə, bəlkə də həftələrlə işıqsız qalır. Bununla bağlı tədbir görülməlidir. Bizim bölgənin bir çox yerlərində, əsas da kəndlərində qaz olmadığı üçün kənd sakinləri meşələrdə olan ağacları kəsərək evlərini isitməyə çalışırlar. Hamı bilir ki, dağlıq yerdə qış uzun olur. Ona görə də rayonda demək olar ki, meşə zolağı qalmayıb. Təbii ki, qaz olmaması səbəbindən meşələrin qırılması yaxın vaxtlarda orada da torpaq sürüşmələrinə gətirib çıxaracaq. Neft, qaz ölkəsi olan Azərbaycanda mənə elə gəlir ki, qaz, işıq problemi yaşanmamalıdır. Dövlət Gədəbəyə də diqqət yetirsə, yaxşı olar. İndiki zamanda internetin olmadığı yerlər bəlkə əllə sayılacaq qədərdir. Ancaq Gədəbəyə gedəndə insanın sanki dünya ilə əlaqəsi kəsilir. Bundan başqa kənd xəstəxanaları da çox pis vəziyyətdədir. İnsanlar dərdlərinə çarə tapmaq üçün xəstəxanalara üz tuturlarsa, Yuxarı Qoşabulaqdakı xəstəxanaya gedən azar tapar. Halbuki bir neçə iri kənd həmin xəstəxanaya getməli olur. Totuqlu, Yuxarı Qoşabulaq, Pərzəmanlı kimi kəndlərin sakinləri də xəstəxananın bərbad vəziyyətdə olmasından narazıdırlar. Allah göstərməsin bir nəfər ağır xəstə həmin xəstəxanaya getsə elə oradaca can verər. Odur ki, Gədəbəyin kəndlərində yeni, müasir tipli xəstəxanaların tikilməsinə ehtiyac var”.

Ulduz İBRAHİMOVA 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı