Bakıda və bölgələrdəki qəzalı, bərbad vəziyyətdə olan məktəblərin təmiri və yeni korpusların inşası istiqamətində dövlət tərəfindən mütəmadi addımlar atılır. Təmir bir qayda olaraq şagirdlərin yay tətili dövründə aparılır ki, onların dərs proseslərinə mane olmasın. Lakin paytaxt məktəblərindən birində - Nərimanov rayonu, Böyük şor qəsəbəsində yerləşən 73 saylı məktəbdə dərs ilinin ortasında təmir işlərinə başlanılır. 1000-dən çox şagird, 300-dək müəllim kontingenti olan məktəbin qışda təmirə bağlanması isə valideyinlərin haqlı narazılıqlarına səbəb olub.
Ötən həftə valideynlərə və müəllimlərə xəbərdarlıq olunub ki, məktəbin şagirdləri yaxın günlərdə Nərimanovdakı başqa təhsil ocaqlarına köçürüləcəklər, hazırlaşsınlar. Dərs ilinin ortasında 1000 nəfər şagirdin oxuduğu məktəblə bağlı gözlənilməz qərar valideynlərin və müəllimlərin haqlı narazılığına səbəb olub.
Modern.az-ın məlumatına görə, valideynlər Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə şikayət etməyə qərar veriblər.
Məsələ ilə bağlı məktəbin direktoru Şölə İbrahimova ilə əlaqə saxladıq. Ş.İbrahimova Modern.az-a açıqlamasında artıq bu məsələnin öz həllini tapdığını və məktəbin təmirinin gələn ilin may ayına saxlanıldığını bildirib.
“Dünən bununla bağlı bəzi valideynlər məktəbə gəlmişdilər, narahat idilər. Mən də dünən bütün günü Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın yanında olmuşam. Çünki bizim məktəbə yaxın ərazidə təhsil müəssisəsi yoxdur ki, valideynlər uşaqlarını ora aparmaqda əziyyət çəkməsinlər. Nailə xanım mənə dedi ki, Təhsil Nazirliyinə müraciət edilib və məktəbdə təmir işləri gələn ilin may ayınadək təxirə salınıb”.
Ş.İbrahimova bununla bağlı bu gün səhər valideynlərə məlumat verdiyini açıqlayıb.
“Dünən məsələ aydınlaşan kimi mən aidiyyatı qurumlara zəng edərək, təmirin dayandırıldığını bildirdim. Bu gün isə səhər valideynləri yığıb hamısına təmirin may ayına saxlanıldığını dedim. Artıq heç bir narahatlığa əsas yoxdur” deyə məktəb direktoru vurğulayıb.
Aytən ƏLİYEVA