Modern.az

Azay Quliyev: “Türkiyə-Ermənistan protokollarının dondurulması bir ssenari də ola bilər”

Azay Quliyev: “Türkiyə-Ermənistan protokollarının dondurulması bir ssenari də ola bilər”

Müsahibə

30 Aprel 2010, 16:13

Türkiyə ilə Ermənistan arasında imzalanan və dondurulan protokollar indi ekspertlər tərəfindən dünya dövlətləri tərəfindən yaradılan yeni problem kimi dəyərləndirilir. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev bu kimi məsələlərə Modern.az saytının suallarına cavabında aydınlıq gətirir. 

 

 

- Azay müəllim, Surixdə dünyanın super güclərinin təkidi ilə Türkiyə və Ermənistan arasında imzalanan protokollar artıq dondurulmuş hesab edilir. Bunu siz necə dəyərləndirirsiniz?

- Məncə, bu protokolların tam şəkildə qapadılmasını düşünmək yalnışlıq olar. Ermənistan prezidenti Sərkisyanın əvvəlcə bu il aprelin 12-də Amerikada Obama ilə, Ərdoğanla görüşləri, aprelin 20-də Moskvada Medvedyevlə bir araya gəlməsinin ardından belə bir addımın atılması planın əvvəlcədən razılaşdırıldığı anlamına da gəlir. Protokollar dondurulduqdan sonra ABŞ-ın dövlət katibi Hillari Klintonun da reaksiyasi adekvat olmadı.  Demək ki, bu, əvvəlcədən hazırlanmışdı. Bundan sonra iki bəyanat xüsusilə diqqətə alınmalıdır. Birinci bəyanat Türkiyənin prezidenti Abdulla Gül tərəfindən verildi ki, gizli diplomatiyaya keçəcəklər, indiyə qədər protokollarla bagli aparılan işlər davam etdiriləcək. Amma onun deməyindən belə başa düşdüm ki, mətbuata bu barədə çox məlumat verilməyəcək. İkinci bəyanat isə təxminən ondan dord gün sonra Ermənistan prezidentindən gəldi. Bəyanatda deyilirdi ki, Ermənistan Turkiyəyə ən sərfəli qiymətlərlə enerji satmağa hazırdır. Hesab edirəm ki, bunlar təsadüfi bəyanatlar sayıla bilməz. Bütün bunların fonunda biz 2 nəticəyə gələ bilərik: birinci nəticə ondan ibarətdir ki, həqiqətən də Azərbaycanın ciddi etirazı nəticəsində Türkiyə mövqeyini qəti şəkildə ifadə edərək, təkcə mətbuatda deyil, həm də keçirdiyi görüşlərdə  bəyan etdi ki, Dağlıq Qarabağ problemi həll olunmadan protokolların ratifikasiyası mümkün olmayacaq. Bununla da elə bir razılıq əldə oluna bilərdi ki, artıq bu protokolların dondurulmasi, qeyri-müəyyən bir müddətə təxirə salınması haqqında qərar alınsın. Görünür bu, daha çox Ermənistana lazım idi. Ermənistana ona görə lazim idi ki, həm diasporun təzyiqinə davam gətirsin, həm də Türkiyəni dolayısı ilə suçlamış olsun ki, “biz bu addımı atdıq, amma siz Qarabağı şərt kimi ortaya qoydunuz. Ona gorə də biz artıq geri çəkilirik, protokollari icra etməyin mənası qalmır”. Baxmayaraq ki, elə ilk günlərdən Ermənistan protokolların icrasında qeyri-səmimilik nümayiş etdirirdi, bu ölkənin Konstitusiya Məhkəməsinin mövcud qərarından sonra protokolların Türkiyə tərəfindən keçərlilik əmsalı xeyli aşağı düşdü. Çünki Konstitusiya Məhkəməsi nə soyqrım iddiasindan, nə Türkiyəyə torpaq iddiasindan vaz keçdi, nə də Moskva və Qars müqaviləsini tanımamaqdan vaz keçdi. Bütün bunların hamısı belə bir situasiya yaradır ki, məhz Ermənistan müəyyən manevrlər etsin. Ermənistan həmin manevrləri çox təəssüf ki, birbaşa bu protokolları dəstəkləyən dövlətlərin razılıgi ilə edir. Türkiyə və Azərbaycan dünyaya çatdırdılar ki, protokollar həqiqətən də Qarabağsız mümkün deyil. Ermənistan tərəfi, o cümlədən beynəlxalq təşkilatlar, Rusiya, Avropa Birliyi anlamalıdır ki,  sərhədlərin açılması Qarabağla eyni mərhələdə baş verməlidir. Yəni Dağlıq Qarabağ məsələsi birbaşa bu sərhədlərə bağlıdır. Qarabag problemi həll olunmadan sərhədlərin açılması mümkün deyil. Bu, birinci ssenaridir. Maraqlarımıza uyğundur. İkinci çox qorxulu bir ssenari ola bilər. Mən bunu bəribaşdan dilə gətirmək istəmirəm. Amma bizim fikirləşib-fikirləşməməyimizdən asılı olmayaraq bu ssenarini mütləq nəzərə almalıyıq. Məsələ belədir ki, Azərbaycan və Türkiyə ictimaiyyətinin həssaslığını nəzərə alaraq ümumi bir razılıq əldə oluna bilər ki, protokollar arxivə göndərilir, burada da birbaşa Türkiyəni fakt qarsısında qoymaq istəyi var: “Biz indiyə kimi tab gətirdik, bu protokollar bir ilə yaxındır ki, müzakirə olunur. Bundan sonra Azərbaycanın maraqlarını qoruya bilməyəcəyik”. Artıq bəzi  ekspertlər bu fikri səsləndirirlər. İnanmazdim ki, Türkiyə belə bir oyunda iştirak etsin. Bilərəkdən planlaşdırılmış bir ssenari üzrə bu protokolların dondurulmasına razılıq versin. Bu, Azərbaycan üçün çox pis və mənfi bir ssenari ola bilər. Bütün bu təzyiqlərin fonunda həm bu protokolu dəstəkləyən ölkələr, həm də Turkiyə Azərbaycana belə bir mesaj göndərə bilər ki, “bundan sonra protokollar ratifikasiya olunmalıdır”. Açıq deyim, Ermənistan prezidentinin Türkiyəyə enerji vermək niyətində olduqları ilə bağlı vermiş olduğu bəyanat ikinci ssenarinin cücərtiləri haqqında anonsdur. Çünki iki-üç gun öncə Sərkisyan deyirdi ki, Türkiyəni qeyri-ciddi dövlət hesab edirlər. Protokolları dondururlar. Guya Türkiyə regionda sülh istəmir. Türkiyə ciddi partnyor deyil. Ondan dörd gün sonra tamam başqa bir bəyanat verilir. Mənə elə gəlir ki, əvəllcədən razılıq varsa, artıq ssenari işə düşüb. Bu bəyanatları verməklə erməni tərəfi Türkiyə və dünya ictimaiyyətinə yumşaldıcı mesajlar verməyə başlayıb. Əgər belə bir ssenari həyata keçirilsə, əlbəttə ki, bizim xeyrimizə olmayacaq. Türkiyə Ermənistandan necə enerji ala bilər? Ümumiyyətlə, bu təklifin arxasinda nə dayanır? Belə situasiya xeyrimizə olmayacaq. Bu, növbəti erməni hiyləsidir, yoxsa razılaşdırılmış bir ssenaridir? Əlbəttə ki, bütün bu suallara  birmənalı cavab vemək mümkün deyil. Bir neçə həftə içərisində biz bilıcəyik ki, proseslər hansı istiqamıtdə gedir,  konkret olaraq bu protokolların dondurulmasının qarşısında nə dayanır?

Deməli, cəmiyyətimiz belə bir situasiyaya hazır olmalıdır...

Mən hesab edirəm ki, bu ikinci varianta nəinki Azərbaycan cəmiyyəti, Türkiyə cəmiyyəti də hazır olmalıdır. Bu, çox həssas məsələdir. Mən buna inana bilmirəm və inanmaq istəmirəm. Amma hadisələrin tərsinə çönərək inkşafı da prinsip etibarı ilə bizim hesablayacağımız variantlar əsasında olmalıdır. Biz ən müxtəlif A, B, C variantlarına da, ssenarilərə də hazır olmalıyıq. Mən dediyim ən pis ssenaridir və belə olacağı təqdirdə əlbəttə bölgədə çox ciddi qarşıdurmalar yaranacaq. Ümumiyyətlə, bölgədə sülhün və əmin-amanlığın bərqərar olunması perspektivi qeyri-müəyyən bir vaxta qədər təxirə salınacaq. Azərbaycanı istənilən halda bu prosesdən kənarda qoymaq, Azərbaycanın maraqlarını nəzərə almamaq və işğalçı dövlətə yeni bir nəfəslik vermək, onu bu gun boğulduğu iqtisadi məngənədən  xilas etmək- hesab edirəm ki, butövlükdə işğalçılığa haqq qazandırmaq anlamına gələcək. Həm də bölgədə yeni quvvələr sistemin yaradılmasına təkan vermış  olacaq.

- Bəlkə ABŞ-ın Türkiyə və Azərbaycana son münasibəti də buradan qaynaqlanır..?

- Biz hər zaman Amerikanı özümuzə strateji müttəfiq hesab etmişik. Bu strateji muttəfiqliyə də həmişə sadiq olmuşuq. Bunu bəyanatlarımızla deyil, konkret addımlarımızla göstərmişik. Biz bütün mövcud və malik olan enerji resurslarımızı məhz Qərbə yönəltməklə, Rusiya və İranın təhdidinə, onların şantajına baxmayaraq birmənalı mövqe tutduq. Məhz Qərbin marağını öz milli marağımızın, müstəqilliyimizin təminatı kimi Qərbə ümidli olaraq belə enerji siyasəti yürütdük. Təhlükəsizlik sistemində Azərbaycan həmişə ABŞ-n yanında olub. Bakı - Tiflis - Ceyhan neft kəməri, Bakı - Tiflis - Ərzurum qaz kəməri və digər bu kimi layihələr birbaşa Qərb lahiyələri hesab olunmalıdır. Azərbaycandan fəqli olaraq Ermənistan bunun tam əksini edib. Bu gun o, Rusiyanın diktəsində olan Kollektiv Təhlükəsizlik Şurasının üzvüdur. Ermənistan Qərblə hər hansı bir formada ciddi əməkdaşlıq siyasətini ortaya qoymayıb. Biz NATO-nun ən yaxın Sülh Tərəfdaşlığı Proqramının iştrakçısıyıq. Bütün bunların fonunda, Azərbaycanın cəsarətli addımlarının fonunda təssuflər olsun ki, ABŞ-dan gözlədiyimiz dəstəyi ala bilmədik. Biz bunun əksini 907-ci düzəlişin qüvvədə qalmasında, Alt komitədə qondarma “soyqırım”la bağlı qərarın qəbul olunmasında, Dağlıq Qarabağ ermənilərinə qanunsuz olaraq maddi yardımın göstərilməsində gördük. Biz bunun muqabilində Ermənistana bir dəfə də olsun “Sən işğalçısan, sən Azərbaycan ərazisindən çıxmalısan,  çıxmayacağın təqdirdə beynəlxalq hüquq normalarına uyğun olaraq sanksiyalara məruz qalacaqsan” bəyanatların şahidi olmadıq. Bir dəfə beynəlxalq hüquq normalarına riayət etməsini tələb  etmədilər Ermənistandan. Belə bir qeyri-bərabər vəziyyətdə biz əlbəttə ki, yumşaq desək, xəyal qırıqlığına uğradıq. ABŞ-dan, Avropadan gözlədiyimiz dəstəyi təəssuf ki, ala bilmədik. Bütün bunlarla yanaşı, indi ABŞ Türkiyəyə bir nömrəli təzyiq edən ölkədir ki, protokollar təsdiq olunsun və sərhədlər açılsın. Bu faktlar ictimai rəydə də təəssüf doğurmaya, iz buraxmaya bilməz. Bundan sonrakı müddətdə çox istərdim ki, strateji müttəfiqliyimizin ruhuna xələl gətirilməsin. Bu strateji müttəfiqlik qarşılıqlı olsun, qarşılıqlı maraqlar nəzərə alınsın. ABŞ bizim üçun önəmli və həssas məsələlərdə ən azı haqq-ədalətin yanında olsun. Ermənilərin başını nə qədər tumarlamaq olar? Onların başını tumarladıqca daha da azğınlaşır, qondarma “soyqırım”a cavab verdikcə, onlar danışıqlarda daha da mövqesizlik, qeyri-konstruktiv mövqe sərgiləyirlər. Amma İranla bağlı Avropadan, ABŞ-dan başqa bir mövqe gördük. Mən İranın nüvə silahı əldə etməsinin tamamilə əleyhinəyəm, İranın qonşusuyuq, bu silah həm də bizə təhdiddir. Amma təcavüzkarlıq, işğalçılıq da nüvə silahından az təhlükəli deyil. Ona görə də heç olmasa Ermənistana İrana yönələn təzyiqlərin yarısı qədər təzyiq göstərilməli, sanksiyalar tətbiq olunmalıdır. Bizim gözləntilərimiz bundan ibarət idi. İnanmaq istərdim ki, ABŞ-ın bu məsələdə siyasətində pozitiv istiqamətdə dəyişiklər olacaq.

- Azay müəllim, yeri gəlmişkən, deyəsən GUÖAM da ömrünü bitirdi. Siz necə düşünürsünüz? - Mənə elə gəlir ki, Ukraynada baş verən hadisələr tam şəkildə bu məsələni doğrultdu. Rusiya demək olar ki, Ukraynaya tam şəkildə hakim oldu. Sevastopol Hərbi Dəniz Donamasını 25 illiyə icarəyə götürməsi və digər şərtlər əlbəttə ki, Rusiyanın Ukraynada nüfuzunu tam şəkildə bərpa etmək istiqamətində çox ciddi bir addım oldu. Demək olar ki, prinsip etibari ilə GÜÖAM bir lahiyə olaraq öz əhəmiyyətini itirdi. GÜÖAM-da faktiki olaraq bir Ukrayna qalmışdı. O de ele. Gürcustanın isə Rusiya ilə munasibətlərində kifayət qədər gərginlik var. Burada əsas aparıcı ölkələr Azərbaycan və Ukrayna idi. Ukraynanın mövqeyi belə olandan sonra əlbəttə ki, Azərbaycan çox praqmatik siyasət yeridəcək. Fikrimcə, bundan sonrakı proseslərdə Azərbaycan GÜÖAM-ın sözçusu kimi və yaxud da GÜÖAM-ın məsuliyyətini öz üzərinə göturən bir ölkə kimi çıxış etməyəcək. Çunki Ukraynada baş vermiş son hadisədən sonra GÜÖAM bir lahiyə olaraq aktuallığını itirdi. Bu quruma vaxtında lazımi səviyyədə dəstək verilmədi. Hansı ki, GÜÖAM birbaşa Qərb və ABŞ-ın marağına uyğun bir qurum idi. Birbaşa onun xeyir-duası ilə və butövlukdə bu bölgəni Rusiyanın nəzarətindən çıxarmaq üçun ortalığa qoyulmuş bir layihə idi. Amma Ukrayna, Qırğızıstan və Moldova  hadisələri və Azərbaycana olan munasibət yavaş-yavaş Qərbin mövqeyinin zəifləməsinə gətirdi. Deyərdim ki, Qərb öz mövqeyini itirə-itirə gedir. Qərb mövqeyini itirirsə, demək burda yeganə güclənəcək  namizəd  Rusiyadır. Rusiya da bunu edir.

 

Günay MUSAYEVA

Mail AĞAXANOV          

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi