“Hacı Şahin Həsənli QMİ-nin axundudur. Onun hüquqları bizim tərəfimizdən daim qorunub və qorunacaq”. Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Hacı Fuad Nurullayev deyib. “Təkcə Hacı Şahinə yox, istənilən axunda qarşı yanlış addımlar atılarsa, buna biganə qala bilmərik. Onu müdafiə etmək üçün əlimizdən gələn addımı atmalıyıq və atırıq da”, – o, deyə əlavə edib.
QMİ-nin sədr müavinin sözlərinə görə, istənilən terror təhdidi yolverilməzdir. “Nəinki QMİ-nin tabeliyində olan axunda, hətta qeyri-müsəlmana qarşı hədə cinayətdir. Azərbaycan məscidlərində azərbaycanlı dindarlara qarşı təxribatın qarşısı alınmalıdır”. Qeyd edək ki, bir neçə gün əvvəl “Meşə qardaşları” qanunsuz silahlı qruplaşması QMİ-nin axundu Hacı Şahin Həsənli ölümlə təhdid edilib.Bu gün isə QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayının başlaması ilə bağlı keçirilən tədbirdə qeyd edib ki, Azərbaycanda mövcud sabitliyin davam etməsini istəməyən qüvvələr məzhəblər arasında iğtişaş salmaq istəyirlər. “Mən qəti çağırış edirəm ki, buna imkan yaratmamalıyıq. Bizim hamımızı birləşdirən Allahdır, Qurandır, Peyğəmbərdir və imamlardır. Biz bunların kölgəsinin altında axirətimizi qazanmaq istəyirik”.
Namidə BİNGÖL