Modern.az

Türkiyədəki Qərbi Azərbaycanlılar - 5 İLDƏ 500 MİN SOYDAŞIMIZ KÖÇÜRÜLÜB

Türkiyədəki Qərbi Azərbaycanlılar - 5 İLDƏ 500 MİN SOYDAŞIMIZ KÖÇÜRÜLÜB

Təhsil

31 Oktyabr 2013, 10:02


“Ermənistan Respublikasında azərbaycanlıların deportasiyası zamanı-zaman təkrarlanıb. Nəticədə yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın ev dağıdıb, qoca, uşaq və qadınların da daхil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb”.

Bu sözləri Modern.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı deyib. O, qeyd edib ki, “Azərbaycanlıların Ermənistandan dövlət səviyyəsində kütləvi deportasiyası əsasən 1948-1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilıb. “Əgər Krım tatarlarını çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edib. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər”.

Q. Çaxmaqlının sözlərinə görə, indiki Ermənistan ərazisində yaşayan əhalinin böyük bir hissəsi Türkiyəyə keçib. “Əsasən 1915-1920-ci illərdə Türkiyə ərazisinə 500 mindən çox insan köç edib. Bu insanlar əsasən Qars, Ərzurum, Muş vilayətlərinə yerləşiblər. 1920-ci illərdə bağlanan müqavilələrdən sonra (Qars və daha sonra Moskva müqavilələri) sovetlərin əsarətində qalmaq istəməyən yüzlərcə kəndli kütləvi şəkildə Türkiyəyə pənah aparıb. Mənim də doğulduğum Ağbaba bölgəsindən 12 kənd elliklə Türkiyəyə gedib. Türkiyənin keçmiş Genel Kurmay başkanı Yaşar Büyükanıt bizim qonşu kəndlərdən birindən idi. Bunu onun özü söyləmişdi. İndinin özündə Türkiyə ilə sərhəddə yaşayan insanların eləsi olmaz ki, onun Türkiyədə qohumu olmasın. Bizim nəslin həm ana tərəfdən, həm də ata tərəfdən çoxlu türkiyəli qohumlarımız var. Onları ötən əsrin 90-cı illərində axtarıb tapdıq”.


Tarixçi bildirib ki, köçkünlərin bir hissəsi Türkiyənin Amasiya bölgəsində yerləşməsi məlumdur. “Orada bir Merzifon qəsəbəsi var. Bura Qafqazdan gələn türklərin sığınacaq yeri olub. Buraya hələ XIX əsrdə də Azərbaycan türkləri yerləşdirilib. Hətta İkinci Dünya müharibəsi zamanı əsir düşən azərbaycanlıları da burada yerləşdiriblər. İndi onların nəvə-nəticələri bu gerçəyi bilir və Azərbaycanda qohumlarını axtarırlar. İndi Türkiyənin hər yerində irəvanlıya , ağbabalıya, şörəilliyə, gümrülüyə, göyçəliyə, qəmərliyə rast gəlmək mümkündür”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir