Parlamentin son iclasında millət vəkili Zeynəb Xanlarova qarabağlı deputatları Qarabağdan danışmamaqda ittiham edib. Modern.az-a açıqlamalarında məsələyə 122 saylı Xankədi seçki dairəsindən parlamentə seçilmiş deputat Flora Qasımova, 124 saylı Şuşa –Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin seçicilərini təmsil edən Elman Məmmədov münasibətlərini bildiriblər.
Bu mövzuya 121 saylı Laçın seçki dairəsindən deputat seçilmiş Nazim Fərəcovun da münasibətini öyrənmək istədik. Təəssüf ki, o, sullarımıza parlament üzvünə (özü də doğma dədə-baba torpağı işğal altında olan) yanaşmayan bir tərzdə cavab verərək telefonunu qapatdı.
MM üzvü Nazim Fərəcovla telefon söhbətimizi olduğu kimi nəzərinizə çatdırırıq:
- Salam, Nazim müəllim.
- Salam.
- Zəhmət olmasa, bir neçə sualımıza cavab verin.
- Buyurun.
- Zeynəb Xanlarova parlamentin son iclasında qarabağlı deputatları Qarabağ haqqında danışmamaqda qınadı. İşğal altında olan Laçın bölgəsinin deputatı kimi buna sizin münasibətiniz necədir?
- Lazım olan yerə münasibətimizi bildirmişik...
- Mətbuatda münasibətinizə rast gəlməmişik. Konkret sizin fikrinizi bilmək istəyirik.
- Hərənin öz fikri var. O da millət vəkilidi. Hər bir deputatın fikrinə hörmətlə yanaşmaq lazımdı. Onun da fikrinə hörmətlə yanaşmaq lazımdı...
- Siz, ümumiyyətlə, deputat seçiləndən bəri parlamentdə Qarabağ mövzusunda danışmısız?
- Sizə lazımdı bu?
- Biz bilmək istəyirik ki, siz parlamentdə bu mövzuda danışmısız, yoxsa yox?
- Sizə lazımdı bu?
Sultan Laçın