Modern.az

Qətərin Bakıdakı səfiri: “Prezidentinizlə görüşlərdə yüksək mədəniyyət görmüşəm” - MÜSAHİBƏ

Qətərin Bakıdakı səfiri: “Prezidentinizlə görüşlərdə yüksək mədəniyyət görmüşəm” - MÜSAHİBƏ

31 Oktyabr 2013, 11:47

Şeyx Mübarək bin Fəhd Əl Tani: “Suriyada rejim öz vətəndaşlarını qətlə yetirməyə başladıqda Qətərin mövqeyi prinsipial oldu


“Özümü Azərbaycanda qəriblikdə hiss etmirəm. Azərbaycanlılar çox istiqanlı, qonaqpərvərdir. Son beş ildə bunun şahidi olmuşam. Prezidentlə görüşlərdə yüksək mədəniyyət görmüşəm, özümdə doğmalıq hiss edirəm”.
Bunu bizimlə söhbətində Qətər dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şeyx Mübarək bin Fəhd Əl Tani deyib. Modern.az saytına müsahibə verən səfir ölkələr arasındakı əlaqələrdən, Qətərdə baş verən hakimiyyət dəyişikliyindən, Suriyadakı olaylardan söhbət açıb.

- Cənab səfir, ölkələrimiz arasında ikitərəfli əlaqələrin indiki vəziyyətini necə qiymətləndirirsiniz?

- Əsası Qətər dövlətinin əmiri, əlahəzrət Şeyx Həməd bin Xəlifə Əl Tani və onun qardaşı, Azərbaycan Respublikasının prezidenti, əlahəzrət İlham Əliyev cənabları tərəfindən qoyulmuş və Qətərin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Əl Tani tərəfindən davam etdirilən ikitərəfli əlaqələr hazırda siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə olduqca yüksək səviyyədədir. Onların qarşılıqlı səfərləri iki ölkə arasındakı əlaqələr üçün  möhkəm baza yaradıb. Bildiyiniz kimi hər iki ölkədə səfirlik açılıb və onlar ikitərəfli əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməyə çalışır.

- Beş ilə yaxındır ölkəmizdə fəaliyyət göstərirsiniz. Çalışdığınız bu müddət ərzində bu əməkdaşlığa hansı töhfəni vermisiniz?

- İkitərəfli əlaqələr hər iki dövlətin liderlərinin himayəsi altında əhəmiyyətli dərəcədə inkişaf edib. Onların qarşılıqlı səfərləri iki ölkə arasında bir sıra sazişlərin imzalanması ilə nəticələnib. Eyni zamanda, ikitərəfli əlaqələr iki xalqın müştərək xüsusiyyətləri, adətləri, oxşarlıqları və həmçinin,  iki paytaxt arasında birbaşa aviareyslərin açılması sayəsində daha da möhkəmlənib. Artıq Bakıdan Qətər Hava Yollarından (QHY) istifadə etməklə sərnişinlər üçüncü ölkələrə səfər edir. Səfər zamanı 8 saatlıq fasilə yaranır ki, bu da sərnişinlərin hava limanından çıxıb Qətərlə tanış olmasına imkan yaradır. Bundan əlavə, gələcəkdə iki ölkə arasında birgə əməkdaşlığı genişləndirmək imkanlarından istifadə etmək üçün səylərimizi birləşdirməliyik.

- İqtisadi əlaqələrin hazırkı səviyyəsi sizi qane edirmi?                                                                            

- Ölkələrimiz arasında iqtisadi və investisiyalar sahəsində əməkdaşlığın səviyyəsi siyasi əlaqələrin səviyyəsindən geri qalır. Müştərək əməkdaşlıq komitəsinin daxili nizamnaməsinin hazırlanması və onun imzalanması iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə, o cümlədən, iqtisadi sahədə əməkdaşlığın inkişafına yardım edə bilər. Onu da qeyd edim ki, iki ölkə arasında iqtisadi əməkdaşlıqda irəli getmək üçün imkanlar kifayət qədərdir. Çünki, ölkələrimiz arasında qarşılıqlı anlaşma protokolu ilə birgə Azərbaycan və Qətərin ticarət və sənaye palataları arasında iş adamlarının müştərək komitəsinin yaradılması haqda müqavilə də imzalanıb. İqtisadi inkisaf naziri Şahin Mustafayevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti Dohaya səfəri zamanı bir sıra mühüm görüşlər keçirilmişdi. Bundan başqa, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da 4-6 fevral 2013-cü il tarixlərində Dohada keçirilmiş “Məkanın məlumatlarının inkişafının gələcək istiqamətləri“ adlı II beynəlxalq konfransda iştirak etmişdi.

- Ölkənizə səfər zamanı vizayla bağlı problemlər yaranmır ki?

- Viza üçün bəzən bizə, ya da QHY-na müraciət edəndə kömək edirik. Bilirsiniz ki, hər bir ölkədə vizayla bağlı problemlər yaranır. Bu da ölkələrin vizayla bağlı prosedur qaydalarıyla bağlıdır.

- Ərəb dövlətlərində baş vermiş hadisələr zamanı Dohanın mühüm roluna işarələr var idi. Suriyadakı hadisələrə onun müdaxilə etməməsinin səbəbi nədir? 

-  Ola bilsin ki, sualınızdakı  təhlil və nəticələrlə razılaşmayaq, çünki, Qətər dövləti lap əvvəldən qardaş Suriya xalqının yanında olmuş,  mövcud rejimi xalqın istəklərini həyata keçirməyə çağırmışdı. Amma rejim öz vətəndaşlarını qətlə yetirməyə başladıqda Qətərin mövqeyi prinsipial oldu və o, xalqın yanında idi. Eyni mövqeni biz öz qanuni haqqını tələb edən başqa ərəb xalqları barəsində də tutmuşuq.


-  Qətər dövlətinin 61 yaşda olan əmiri  televiziya  ilə  25 iyun tarixindəki çıxışında qeyd etdi ki, hakimiyyəti gənc nəslə vermək vaxtı yetişib və o, hakimiyyəti 33 yaşlı vəliəhd Şeyx Təmim bin Həməd Əl Taniyə verir. Bəziləri bu dövretməni “dinc ərəb baharı” adlandırırdı...

-   Ata əmir həzrətləri müasir Qətəri quraraq gəmini hazırlamış, xalqın istəklərini həyata keçirmək məsuliyyətini daşımaq və rəhbərlik etmək, region ölkələrinə örnək olmaq üçün ən yaxşı kapitanı seçmişdi. Eyni zamanda, sabitlik, inkişaf və dirçəlişi təmin etməklə xalqının yaddaşında qalan böyük liderlərin tarixində ata əmir öz təşəbbüsü ilə yeni səhifə açdı.

- Amerikalıların bir sözü var: “Ən son variant, ən yaxşı variantdır”.  Bəzi mütəxəssislər deyir ki, bu dövretmədə ABŞ-ın təsiri olub...

- Əlahəzrət əmir demişdi ki, oğlu bu vəzifəni daşımağa hazırdır. Qeyd edib ki, o, bu vəzifəyə şəxsi mənafeyini güdərək gəlməyib. Xalqın çağrışıyla, istəyi ilə öz dövlətə rəhbərlik edib. Əlavə edib ki, gənclər daha çox enerjiyə, potensiala malikdir. Dövlət idarəçiliyində indiki əmirin atasıyla çox yaxşı əlaqələri var. Artıq ona “Ata əmir” adını verib. Rəsmi tədbirlərdə belə o, yüksək səviyyədə qarşılanaraq, yüksək kürsüdə əyləşdirilir. 

-  Yeni əmir bildirdi ki , xarici siyasətdə dəyişiklik olmayacaq. Hazırda Qətər dövlətinin xarici siyasətində hansısa dəyişiklik varmı?

-  Əlahəzrət Şeyx Təmim bin Həməd Əl Tani (Allah onu hifz etsin) atasının beynəlxalq səviyyədə Qətər dövlətinin mövqeyinin  möhkəmləndirilməsi, dost və qardaş ölkələrlə müştərək mənafelərə və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin genişləndirilməsinə yönələn kursunu davam etdirir. Bu da, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına, bütün dövlət və xalqların rifahına xidmət edir. Qətərin xarici siyasətinin uğurları, onun hədəfləri aydındır. Bu da, dövlətimizin ən böyük nailiyyətlərindən hesab olunur. Bu siyasət müxtəlif səviyyələrdə hörmətlə qarşılanır və öz uzaqgörənliyi ilə fərqlənir, dünyada baş verən siyasi dəyişikliklər və hadisələrlə ayaqlaşır. Bir sıra münaqişələrdə o, tərəfsiz vasitəçi kimi böyük rol oynamış və bu məsələdə böyük uğurlar əldə edib.

- Gələcəkdə yeni əmirin Azərbaycana səfəri gözlənilirmi?

-  Əlahəzrət ata əmir 2012-ci ilin mayında Azərbaycana səfər etmişdir. O, 7 günə yaxın  müddətdə ölkənin qonağı olmuş, Azərbaycanın istiqlaliyyət qazandığı vaxtdan  keçən  qısa zaman ərzində əldə etdiyi nailiyyətlərə heyran qaldığını bildirmiş, xalqın qonaqpərvərliyini, əxlaqını yüksək qiymətləndirmişdir. İki ölkə arasında olan əlaqələrin möhkəmliyini nəzərə alaraq, əlahəzrət yeni əmirin ən münasib yaxın vaxtda Azərbaycana səfər edəcəyinə ümid edirik. İnanırıq ki, iki ölkə arasındakı müxtəlif səviyyələrdə olan səfərlər iki qardaş xalqın əlaqələrini gücləndirir. Şübhəsiz ki, biz liderlərin qarşılıqlı səfərlərinin təşkili məsələsi üzərində də işləyəcəyik.

Laçın SƏMLA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar