Modern.az

Özümüz gedək, ya xarici universitetləri bura gətirək?

Özümüz gedək, ya xarici universitetləri bura gətirək?

Təhsil

31 Oktyabr 2013, 15:59
 “Əvvəllər analar qızlarına cehiz pulu yığardı, indi isə institut pulu toplamağa məcburdurlar. Çünki hamısı xaricdə oxumaq istəyir”. Həmsöhbətim bank mütəxəssisi Almaz Həşimovanın bacısı Gülnarə də bu arzu ilə yaşayır. Dediyinə görə, bu il orta məktəbi bitirən Gülnarə London İqtisadi Kollecinə sənəd göndərməyi planlaşdırır.  

Lakin Almaz Həşimova bacısını həvəsdən salmasa da, bu xülyanın reallaşacağına inanmır. Problem Gülnarənin savadında deyil, təhsil xərcinin və dünyanın ən bahalı şəhərində yaşayış xərclərinin ödənilməsindədir. Ailənin yeganə işləyən üzvü kimi Almaz xanım bu xərcləri ödəyə biləcəyinə inanmır.  

550 nəfər xaricdə oxuyanımız var 

  Halbuki, Azərbaycandan son 6 il ərzində artıq 550 azərbaycanlı gənc xarici ölkələrin ali təhsil müəssisələrinin məzunu adını qazanıb. Özü də onların əksəriyyəti - 179 nəfəri məhz Gülnarənin arzuladığı ölkənin - Böyük Britaniyanın ali məktəblərində oxuyub. Bu, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" sayəsində baş tutub. Məlum olduğu kimi, Azərbaycan hökuməti xarici universitetlərə qəbul olan ,amma təhsil haqqını ödəmək imkanı olmayan gənclərə yardım edir, onların təhsil və yaşayış xərclərini tamamilə öz üzərinə götürür. Proqram Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir. Bu ilin oktyabrın 1-ə olan məlumata görə, artıq 1752 nəfərin təhsil haqları DNF tərəfindən ödənilib. Hazırkı da 550  nəfər  məzun arasında Böyük Britaniyadan sonra Rusiya,  Türkiyə, Fransa,    Almaniyada oxuyan uşaqlar sayca üstünlük təşkil edir. Belə ki, bu ölkələrin hə birində proqram üzrə təxminən 57-58 gənc təhsil alıb. Dövlət  proqramı  çərçivəsində  xarici  ölkələrdə  təhsil  alan  gənclərin  əksəriyyəti  (76,5%)  bakalavr  və  magistratura  pillələrində  oxuyanlardır.   Əlbəttə, Həşimovlar ailəsinin xaricdə təhsil proqramı haqqında məlumatları var.  Amma onları narahat edən əsas məqam proqram üzrə təhsil alanların sonradan Azərbaycana qayıdıb minimum 5 il ərzində burada işləməsi ilə bağlı qoyulan tələbdir. Çünki Gülnarə nəinki Qərb ölkəsində oxumaq, həmçinin karyerasını orada davam etdirmək niyyətindədir. Lakin təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanan müqavilənin 5.2.-ci bəndinə əsasən, tələbə təhsilini başa vurduqdan sonra 2 (ay müddətində ölkəyə qayıtmadıqda və könüllü olaraq təhsilini davam etdirmədikdə, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilən bütün faktiki xərcləri 2 aydan gec olmayaraq qaytarmalıdır.   Bundan əlavə, Təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır.

 Proqrama 67 milyon manat xərclənib

Əslində, dövlətin gənclərin geri qayıtması tələbini anlamaq olar. Çünki proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsini təmin etməkdir. Məhz bu məqsədin təmin edilməsi üçün proqramın icrasına külli miqdarda vəsait xərclənir. Məsələn, Azərbaycan hökuməti Dövlət  proqramının  maliyyələşdirilməsi  məqsədilə  2008-2013-cü  illər  ərzində  Dövlət Neft Fondu tərəfindən ümumilikdə 67 milyon 170 min, o cümlədən 2013-cü ilin 9 ayı ərzində  12 milyon 380 min  manat  məbləğində  vəsait  sərf edib.  

 Heç də hamı qayıtmır

     Lakin tələblərə baxmayaraq, dövlət hesabına xaricdə təhsil alan gənclərdən xarici ölkələrdə qalıb, təhsilini növbəti səviyyələr üzrə davam etdirən və ya nüfuzlu beynəlxalq təşkilat, şirkətlərdə aparıcı mövqelərdə çalışanlar var. Məsələn, İndiyədək məzun olanların 118 nəfəri Azərbaycana qayıtmayıb. 18 nəfərin hazırda ölkədə olub-olmaması və iş yeri barədə nazirliyə məlumat təqdim edilməyib. Qayıtmayan məzunların 34-ü öz hesabına davam etdirir, 33-ü isə xaricdə çalışır. Azərbaycana qayıdan 342 nəfərdən isə 204-ü ölkədə çalışır, 131-i iş yeri barədə nazirliyə məlumat daxil etməyib, 7-si hərbi xidmətdədir. Təhsil eksperti Məlahət Mürşidli xaricdə təhsil alan, geri qayıtmaq istəməyənlər üçün sərt tədbirlərin qoyulmasını düzgün sayır. Həmçinin ekspertin fikrincə, Azərbaycana lazım olan ixtisaslar müəyyən edilməlidir ki, dövlət vəsaitləri hansısa inkişaf etmiş qərb ölkəsindəki kadr ehtiyacını ödəməyə xərclənməsin. Yəni xaricdə təhsilə xərclənən hər qəpiyin qiyməti bilinməlidir və bu pulu xərcləmiş adamlardan hesabat tələb edilməlidir.

  Azərbaycanda “Silkway University” yaradaq

     Xaricə tələbə göndərib, onları oxutdurmaq, sonra da bəzilərini istəklərini ziddinə geri qaytartdırmaq əvəzinə xarici təhsili Azərbaycana gətirmək olar. Yəni, daha az xərc çəkməklə eyni nəticə əldə etmək olar. Almaniyada iki pillə üzrə təhsil alan, orada işləyib sonradan Azərbaycana qayıdan Anar Şükürov bu fikirdədir. Anar “Təhsil 2020-vision” adlı təkliflər paketi hazırlayıb. Onun iddiasına görə, Azərbaycanda şərti olaraq “Silkway University” adlı güclü bir təhsil ocağı yaratmaq olar: “Bu, Orta Asiyanın, Yaxın Şərqin, ümumiyyətlə, regionun ən güclü universiteti ola bilər. Hətta onu Bakıda yox, regionlardan birində yaratmaq yaxşı olardı. Bu universitetin bir neçə milyardlıq büdcəsi, ən yaxşı infrastrukturu, son texnologiyalara uyğun laboratoriyaları olmalıdır. Çalışmaq lazımdır ki, Silkway-da dünyanın qabaqcıl professorları ilə müqavilə imzalansın. Belə olan halda, Azərbaycan elm idxal edən yox, ixrac edən ölkəyə çevrilə bilər”. Anar Şükürov əmindir ki, belə bir layihə Azərbaycan iqtisadiyyatına böyük töhfə verməyə qadirdir: “Təsəvvür edin, belə bir universitetin regionda tikilməsi kənardan şirkətlərin cəlb olunması deməkdir. Tələbə olacaqsa, yataqxanası tikiləcək, regiona digər infrastruktur yönəldiləcək. Həmçinin, yüksək səviyyəli elmi mütəxəssislər hazırlamaq imkanımız olacaq. Yəni, Azərbaycana beyin axınını təmin etmiş olacağıq”.  Anar həm də “Professor exchange” proqramını təklif edir. Onun fikrincə, xarici professorların Dövlət Proqramı səviyyəsində Azərbaycana dəvət edilməsi, onların mütəmadi və ya daimi olaraq Azərbaycan universitetlərində master-klass və mühazirələr oxuması çox effektiv olar: “Bir professor gətirmək xaricə 50-100 tələbə göndərmək effektini verə bilər. Hazırda Azərbaycan yüzlərlə  tələbəni xarici ölkələrə göndərir, xüsusi sistem qurulub, müsahibələr keçirilir, tələbələr oxudulur. Lakin eyni zamanda həmin yüzlərlə tələbəyə dərs deyə biləcək professorları bura gətizdirmək sərfəlidir”. Anar Şükürov onu da qeyd edir ki, bir addımda, bir neçə islahatla hər şeyin kökündən dəyişməyəcəyini bilmək lazımdır və cəmiyyət də buna hazır olmalıdır.  

F.Məmmədova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir