Modern.az

“Azadlıq” qəzetindən "Yeni Müsavat" qəzetinə: Biz borcumuzu bilirik, bəs siz?

“Azadlıq” qəzetindən "Yeni Müsavat" qəzetinə: Biz borcumuzu bilirik, bəs siz?

Təhsil

31 Oktyabr 2013, 16:38


““Azadlıq” qəzeti ilə bağlı çox ağır bir vəziyyət yaranıb. Gecə-gündüz bu problemlərlə məşğuluq. Digər tərəfdən, “Yeni Müsavat”la birləşmə kimi mövzularda danışmağa həvəsim yoxdur. Belə təkliflərin də ortaya çıxması çox təəccüblüdür”. Bunu Modern.az-a “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib. O, Müsavat Partiyası başqanının müavini Mustafa Hacıbəylinin ““Azadlıq” və “Yeni Müsavat qəzetləri birləşdirilsin” təklifinə münasibət bildirərkən qeyd edib ki, Azərbaycan mətbuat tarixinin ən parlaq, xüsusən də son 20 ildə iz qoymuş “Azadliq” qəzeti haqqında bu cür təkliflərin səsləndirilməsi başadüşülən deyil: “Hazırda qəzet real olaraq bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Demokratik ictimaiyyət “Azadlıq” qəzeti ilə bağlı dəstəyini nümayiş etdirməlidir. Başlıca olaraq biz qəzeti xilas etməliyik, sonra başqa məsələləri müzakirə etməliyik. Bu məsələnin çox da üzərinə getmək istəmirəm. Təklifin reallaşdırılması sadəcə mümkün deyil. Yəni bu, obyektiv situasiyadan asılıdır. Təkliflə iş bitmir”, – deyə R. Hacıyev qeyd edib.

Baş redaktorun birinci müavini “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun “Azadlıq” qəzetinin “Yeni Müsavat”a dəstək verməməsi ilə bağlı iradına da cavab verib: “Dəfələrlə birgə tədbirlərimiz olub. Dünən keçirilən tədbirdə də bildirdim ki, “Yeni Müsavat” qəzeti satışına məhdudiyyətlər qoyulur. Diplomatik korpuslarla da görüşlər keçirəndə də mətbuatın ümumi vəziyyəti haqqında məlumatlar verirəm. Yəni təkcə “Azadlıq” qəzeti haqqında danışmıram. Bunu özümə borc bilirəm. Sadəcə, hazırda ən ağır durumda olan qəzet “Azadlıq”dır. Bu qəzeti xilas etmək mümkün olacaqsa, başqalarının da xilası mümkün olacaq. Hakimiyyət ilk növbədə “Azadlıq”ı susdurmaq istəyir. Bu məsələni yüksək səviyyədə qabartmaq lazımdır. Jurnalist həmrəyliyi olaraq həmişə öz borcumu yerinə yetirmişəm. Bundan sonra da belə olacaq, nədənsə imtina etmək fikrində deyiləm”. 

İlkin PİRƏLİ  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir