“ATƏT-in DTİHB-nun rəyi obyektiv reallığı əks etdirir. Gürcüstanda keçirilən prezident seçkiləri ilə Azərbaycanda keçirilən seçkilər arasında çox böyük fərq var idi. Azərbaycanda seçkilər kütləvi surətdə saxtalaşdırılmışdı. Bu faktlar təkcə ATƏT-in DTİHB-nun deyil, ümumiyyətlə, seçkini müşahidə edən digər müşahidəçilər tərəfindən də qeydə alınmışdı. Seçkilərin bu cür keçirilməsi Azərbaycan xalqının iradəsinə qarşı çıxmaq idi”.
Bunu Modern.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın üzvü Fuad Qəhrəmanlı deyib. O, ATƏT-in DTİHB-nun Azərbaycanda keçirilən prezident seçkilərinə mənfi, Gürcüstandakı seçkilərə isə müsbət rəy verməsinə münasibət bildirərkən deyib ki, həqiqi mənada Gürcüstanda seçkilər şəffaf keçirilib: “Seçkidə iştirak edən tərəflərin heç biri saxtalaşdırma ilə bağlı ortaya iddia qoymadılar. Burada məğlub tərəf belə seçkinin obyektiv keçirildiyi bildirdi. Bunun özü reallığı göstərir. Əgər seçkilərdə iştirak edən tərəflər şərtlərin düzgün olduğunu etiraf edirsə, başqa rəyə ehtiyac yoxdur. Bu mənada ATƏT-in müşahidə missiyasının da mövqeyi tam doğrudur. Söhbət Avropaya hansısa məsafədə durmaqdan getmir, əsas seçkini necə keçirməkdir”.