Modern.az

Əli Həsənov: “Bu il isə qaçqın-köçkünlərə 700 milyon dollar sərf olunub”

Əli Həsənov: “Bu il isə qaçqın-köçkünlərə 700 milyon dollar sərf olunub”

Təhsil

2 Noyabr 2013, 11:25

 

Baş nazirin müavini Əli Həsənov Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Deputatlar Palatasının müvəkkili Klaudio Kajadonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.  Bu barədə Modern.az-a  Qaçqınkomun mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov noyabrın 1-də Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Deputatlar Palatasının müvəkkili Klaudio Kajadonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib. Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyon iki yüz min soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan olunduğunu, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırıb. Əli Həsənov vurğulayıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul olunub. Ermənistanın təcavüzkar siyasəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilib. “Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir.  ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür”. Qaçqın və məcburi köçkünlərin sosial problemlərində də danışan Əli Həsənov bildirib ki, bu problemlərin həlli məqsədi ilə Azərbaycan hökuməti son 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib. “Dövlət Neft Fonduna yığılan vəsait hesabına 180 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb. Təkcə bu il isə qaçqın və məcburi köçkünlər üçün 700 milyon dollar vəsait sərf olunub ki, bunun 300 milyon dollarını komitənin, qalan 400 milyon dollarını isə Dövlət Neft Fondunun büdcəsi təşkil edir. Ermənilərin  yürütdüyü təcavüzkar siyasət nəticəsində  regionda Azərbaycan tərəfindən həyata keçirilən bütün irimiqyaslı layihələrdən kənarda qalıb. Baş nazirin müavini həmçinin Azərbaycan ilə Braziliya arasında əlaqələrdən danışıb. “ Azərbaycan Braziliya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf etdirmək üçün kifayət qədər imkanlar vardır”. Klaudio Kajado ətraflı məlumata görə, Əli Həsənova təşəkkürünü bildirərək, Azərbaycanda onlara göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirdiklərini vurğulayıblar. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışan qonaq qeyd edib ki, bu mötəbər tədbirdə müzakirə olunan məsələlər bütün dünya, o cümlədən Braziliya üçün çox önəmlidir. Klaudio Kajado nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələrin hələ də icra olunmamasından təəssüfləndiyini  bildirib.

Azərbaycanın geosiyasi baxımdan əlverişli mövqedə yerləşdiyini deyən qonaq parlamentlərarası dostluq qrupunun sədri kimi ölkəmiz ilə münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinə çalışacağını diqqətə çatdırıb. Sonda qonaqlara Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən məlumat kitabçası və videodisk təqdim olunub.

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir