Modern.az

“İndiki ağlım olsaydı, uşaq vaxtı qaşımı aldırardım” – “Unudulmuş adətlər” rubrikasında

“İndiki ağlım olsaydı, uşaq vaxtı qaşımı aldırardım” – “Unudulmuş adətlər” rubrikasında

Təhsil

2 Noyabr 2013, 14:41

Azərbaycanda belə bir adət var ki, qız yalnız evlənəndən sonra qaş almalıdır. Lakin buna əlbəttə, indi hamı əməl etmir. Kimisi elə məktəb vaxtından qaşlarını alır. Bu həmin xanımların qaşlarının normadan çox qalın və ya tüklü olmasından irəli gəlir ki bu da estetik cəhətdən heç də yaxşı görünmür. Lakin oğlanların bəziləri qaşını alan xanımlara başqa cür baxırlar (Təbii ki, bunu hamıya aid etmək olmaz). Onlar düşünürlər ki, qız qaşını alırsa, deməli, o, düz yolda deyil və s. Lakin çağımızda bir çox ölkədə qızlar hətta məktəb yaşlarından qaşlarını alırlar. Bu o demək deyil ki, həmin qızlarda əxlaqi cəhətdən nə isə çatışmazlıq var. Bunu xanımların çoxu sırf gözəl görünmək üçün edirlər. Aydın məsələdir ki. bu da birmənalı qarşılanmır və qızlarımızın adət-ənənələrimizdən uzaqlaşdığı da deyilir.

Modern.az saytının “Unudulmuş adətlər” rubrikasında budəfəki mövzusu qızlarımızın vaxtından əvvəl qaşlarını alması ilə bağlı olacaq.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay bunu adət-ənənə olaraq görmədiyini söylədi: “Artıq elə bir dövr gəlib çatıb ki, bu kimi şeylər getdikcə önəmini itirir. Biz elə bir bölgədə yaşayırıq ki, burda gün işığı və radiasiya boldur. Ona görə də qızlarımız ya çatmaqaş olur, ya da onların tük örtüyü sıx olur. Və tükdə müəyyən bir yaşdan sonra qızlarımızda çox eybəcər bir forma alır. Həmin dövrdə də onlarda psixoloji dəyişikliklər baş verir. Qızlarda qalın qaşların olması onlarda kompleks yaradır. Məncə, bunu qabartmaq olmaz. Bəzən buna bənzər elə şeylər var ki, qızlarımızda çox-qeyri etik görünür. Mənim vaxtımda qızlarımızı etdikləri bir çox şeylərə görə qınayırdılar. İnanın ki, qızlarımız indi özlərinə fikir verməsələr heç onları alan olmaz. Avropada da qızların qaş alması və s. kimi şeylərə insanın mahiyyətini bəlli edən bir vasitə kimi baxmırlar. Məncə, qaş əgər pis görünürsə, qalındırsa, bunu niyə də almasınlar. Mən ərə gedəndən sonra və hətta əvvəl da qaşıma əl vurmamışam. Amma müəyyən yaşdan sonra qaşlarımı əl vurmağa məcbur oldum. Bu keçmişdə olan bir adət-ənənəmiz olub və keçmişdə də qalıb. Bu kimi şeyləri adət kimi qəbul edib, bugünkü günümüzə daşımaq olmaz. Qızlarımızın subay, ya da evli olmasını qaşla bəlli etmək lazım deyil. Onlar özlərini cəmiyyətdə normal aparırlarsa, baxın o zaman onlara “qiymət” vermək olar”.

Etnoqraf Məhəbbət Paşayeva bu məsələnin insanları çox məşğul etmədiyini və adətlərimiz sırasından getdikcə çıxarıldığı qənaətindədir: “Xarici görünüşünə görə insanlara, o cümlədən qızlara dəyər verilməsinin tərəfdarı deyiləm. Əsas odur ki, qızlarımız daxili gözəlliklərini, ismətini qoruyub saxlasınlar, ailədə böyük-kiçik yerini bilsinlər. Təbii ki, müasirliklə ayaqlaşmaq lazımdır. Sadəcə hər işdə olduğu kimi bunun da qədərini bilmək lazımdır.  Əgər bu, qızlarımızın gözəlləşməyinə xidmət edirsə, niyə də olmasın. Mən bu işdə qızlarımıza bir qədər azadlıq verilməsinin tərəfdarıyam”. 

 

“Azadqadın.az” saytının rəhbəri Aynur Qurbanqızı bu kimi adət ənənələri XXI əsr üçün artıq hesab etdiyi düşüncəsində olduğunu bildirdi: “Nə qədər internet əsridi, nə qədər ki dəyişikliklər baş verir, amma düşüncələrimizdə elə stereotiplər var ki, onları yox edib keçə bilmirik. Bunlar müasir dövrlə uyğunluq təşkil etmir. Uyğunluq təşkil etməyən belə şeylər isə çox sönük görünür. Elə qızlarımızın qaşlarını alması kimi. Biz bəzi qızların qaşlarını almasına pis baxırıq, amma elə şeylər var ki, onları müzakirə etməliyik.  Əsas insanın ağlı və düşüncəsi yerində olsun. Əvvəllər hətta qısa və şalvar geyinməyinə də pis baxırdılar, indi bunlar çox normal qarşılanır. İndi qaşlar məsələsinə toxunubsuz, təsəvvür edin ki, çox gözəl bir xanımın qalın qaşları var, o necə özünə bunu kompleks etməsin. Mən düşünürəm ki, bu adət-ənənə tamamilə götürülməlidir. Mən demirəm ki, qızlarımız bunu elə həddə etməlidirlər ki onların qız və ya gəlin olması fərqlənməsin. Amma səliqəli görünsün deyə, bunu azda olsa qaydasına salmalıdırlar. Hətta indi bəzi oğlanlar var ki, bu şeylərə görə qızlara qəribə baxırlar. Məncə, bu adət-ənənə tədricən itəcək. Qızların subay və evli olmasını bunlarla müəyyənləşdirmək lazım deyil. Daha vacib olan adətlərimiz var. O vaxtlar qaşları alınmamış qızları bakirəliyin bir növü olaraq əlaqələndiriblər. Mən o vaxtlar qaşlarıma əl vurmamışdım. Bu da əlbəttə, adətimizlə bağlı idi. Amma indiki ağlım olsaydı edərdim. İndi hətta o şəkillərə baxanda belə utanıram”.

 

Pərvin ARZUQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir