Ölkəmizin Qırğızıstandakı səfirliyi bir ilkə imza atdı. Zaman-zaman azərbaycanlı və türk olduqlarına görə doğma vətənlərindən sürgün olunan həmyerlilərimizin Mərkəzi Asiyaya sürgün edilmələrinin 80 illik tarixnə həsr olunmuş “Küldən oda çevrilənlər” adlı konfrans keçirdi. Azərbaycanlıların repressiyaya məruz qalmalarının 80 illiyinə həsr olunmuş konfransa Qırğızıstan dövlətinin rəsmiləri- Baş nazirin birinci müavini Comərd Otorbayev, Xarici İşlər Nazirlinin müavini Erines Otorbayev, Qırğızstan Respublikası Prezident aparatının etnik və dini siyasət və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq şöbəsinin rəisi Mira Karıbayeva, Qırğızıstan Parlamentinin deputatları, Qırğızıstanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri və səfirlər, Qazaxıstan, Özbəkistanda Qırğızıstanda yaşayan repressiya illərinin adlı-sanlı şahidləri, eyni zamanda ölkə ictimaiyyətinin mötəbər xadimləri dəvət olunmuşdu. Qırğızıstanın tarix muzeyində tədbir iştirakçılarına əvvəlcə repressiya qurbanlarının, taleyindən bəhs edən film nümayiş göstərildi. Repressiya qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Səfir Hidayət Orucov, Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına uğurlar arzuladığını və salamını çatdırdı.
Daha sonra səfir ötən əsrin 20-ci illərindən başlayaraq 30 il ərzində işıqlı insanların sürgün edilməsi, Azərbaycanın 100 mindən artıq ziyalısının, ədəbinin, alim, ruhani və zadəganlarının Stalin repressiyasına məruz qaldığını qeyd edərək, onların ötən 80 il ərzində milliliyini, dilini, inamını, adət-ənənlərini, vətənə olan məhəbbətlərini qoruyub saxladıqlarını dedi. Bildirdi ki, onları yandırdılar, məhv etmək istədilər, lakin o qədər güclü idilər, canlarında o qədər Vətən eşqi var idi ki, küllərindən od törədi.
Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayevin konfrans iştirakçılarına müraciəti oxundu. Qırğızıstan Respublikası Baş nazirinin müavini Comərd Otorbayev və Xarici İşlər nazirinin müavini Erines Otorbayev öz çıxışlarında azərbaycanlıların Qırğızıstanda xüsusi hörmətə malik olduğunu, cəmiyyətin quruculuğunda misilsiz xidmət göstərdiklərini, Qırğızıstanın elm, təhsil, tibb sahəsində mövqe tutduqlarını bildirdilər.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Asiya ölkələri üzrə idarəsinin rəisi Füzuli Nəcəfov, “Azəri” Qırğızıstan Azərbaycanlıları İctimai Birliyinin sədri Əziz Əliyev, Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov Mərkəzi Asiyada və Qırğızıstanda yaşayan soydaşlarımızın ağır illərdən, oddan-alovdan keçmələrinə baxmayaraq, cəm halında, toplu şəklində dillərini, adət ənənlərini qoruyub saxlaya bilməklərindən danışdılar.
Tədbirdə iştirak edən repressiya illərinin şahidləri, yaşları 1 əsrə yaxın olan Flora Şıxlinski Şirinova, Əsəd Həsənov, Zülfüqar Əzimov o illərin acı günlərini xatırladılar.
Qırğızıstanın ictimai xadimi, türkoloq Dastan Sarıkulov isə Mərkəzi Asiyada repressiya illərində əsas zərbənin azərbaycanlılara dəydiyini söylədi.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayevə konfrans iştirakçılarının müraciti qəbul edildi.
Ləman Ağayeva, Bişkek