Modern.az xəbər verir ki, bu gün Moskvanın Lyublino rayonunda millətçi ruslar tərəfindən ənənəvi “Rus Marş”ı aksiyası keçirilib. “Rus Marşı”nı yüzlərlə polis və OMON-çu müşahidə edib. Aksiyanın əsas təşkilatçılarından olan Dmitri Demuşkinin sözlərinə görə, aksiyada 20 min nəfər iştirak edib. “Kolonların düzülüşündən ayın olur ki, burada azı 20 min nəfər var. Bu il ilk dəfə aksiyaya gələnləri girişdə saya alırıq. İştirakçıların dəqiq sayı axşam məlum olacaq”.
Rusiya Daxili İşlər Nazirliyi isə iştirakçıların sayının 8 min nəfər olduğunu bildirir. Bəzi millətçilər nasist simvolikası və şüarları səsləndirdiyinə görə polis tərəfindən saxlanılıblar. İştirakçıların tərkibinə gəldikdə isə hadisə yerini müşahidə edən jurnalistlər daha çox gənclərin, xüsusən futbol fanatlarının çoxluğuna diqqət çəkir.
“Rus marş”ında provaslav kilsəsinin nümayəndələri, kazaklar da ayrı-ayrı kolonlarda yürüşdə iştirak edib. Xatırladaq ki, təşkilatçılar yürüş üçün 30 min nəfərin iştirakına nail olmaq istəsələr də, Moskva meriyası yalnız 15 min nəfərin iştirakına icazə verib.
Digər bir aksiya isə “Oktyabrskoe Pole” metrostansiyası yaxınlığında keçirilib. Romanovlar sülaləsinini 400 illiyinə həsr olunan bu aksiyada isə artıq 5 nəfər həbs olunub. Polislə toqquşmaya gedən üzü maskalı şəxslər saxlanılıblar.
Bu arada Moskvanın şimal-qərbində bir qrup radikal gənc 42 yaşlı Yuri Doljenkoya hücum edib. Xarici görünüşünə görə qafqazlı sandıqları Yuri Doljenko 14-17 yaşlı 6 gənc tərəfindən döyülüb. Kritik vəziyyətdə xəstəxanaya çatdırılan Doljenkonun həyatını xilas etmək mümkün olub.
Ərazidə quraşdırılan kameraların köməyi ilə hadisəni törədən gənclər saxlanılıb. Əvvəllər də analoji cinayətlər törətdiklərini etiraf edən cinayətkarlar əməllərini Moskvanı miqrantlardan təmizləmək istəyi ilə izah ediblər.
Vüqar İsmayılov