Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Aleksandr Vasyak www.net-fax.org saytına müsahibəsində sabiq nazir Səfər Əbiyevi ittiham edib. “Media forum”un məlumatına görə, Vasyak deyib ki, Əbiyevin günahından ordu quruculuğunda və onun modernləşdirilməsində durğunluq yaranmışdı: “Cənab Əbiyev ordu sistemini özünə uyğun şəkildə qurmuşdu – məsul vəzifələrə ona sərfəli və sadiq adamları təyin edir, professional zabitləri isə ordudan tərxis edərək və ya üçüncü dərəcəli vəzifələrə keçirərək yolundan kənarlaşdırırdı.
Əbiyev Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovla da belə davranmışdı. Bütün bunlar Silahlı Qüvvələrə təsirsiz ötüşə bilməzdi. Komandir heyətində korrupsiyadan, mənfəətpərəstlikdən tutmuş qeyri-professionallıq, gözdən pərdə asmaq, sui-istifadə, qeyri-nizamnamə davranışları kimi hallar son nəticədə ordunun döyüş hazırlığının və döyüş qabiliyyətinin aşağı düşməsinə səbəb olub”.
Vasyak əlavə edib ki, Əbiyevi nazir vəzifəsindən götürməklə ali baş komandan onun fəaliyyətinə qiymət vermiş olub və bu qərarı cəmiyyətin bütün sağlam qüvvələri, ilk növbədə əsgər, zabit və generallar alqışlayır.
Modern.az