“İctimai Palatada təmsil olunan ictimai birliklər, vətəndaş cəmiyyəti nümayəndələri əksəriyyəti Milli Şurada təmsil olunurlar. Bu da təbii ki, eyni iki paralel təşkilatın fəaliyyəti anlamına gəlir”. Bunu Modern.az-a açıqlamasında İctimai Palata Koordinasiya Şurasının (İPKŞ) və Milli Şuranın üzvü Ədalət Yusubov deyib.
İctimai Palatanın buraxılmasından barədə danışan Ə.Yusubov deyib ki, bunu üçün Milli Şurada dəyişikliklər edilməlidir: “Milli Şura özünün məram və məqsədlərinə, statusuna dəyişikliklər edəndən sonra, eyni zamanda fəaliyyətində İctimai Palatanın məqsədlərini ehtiva edəcəksə, artıq, İP-in mövcudluğuna ehtiyac qalmayacaq. Yalnız bu halda qurumun buraxılması məqsədəuyğun ola bilər. Hesab edirəm ki, Milli Şuranın həm seçkilərdə, həm də seçkilərdən sonrakı düzənlədiyi tədbirlər İctimai Palata ilə müqayisədə daha üstün mövqeyə malik görünür”.
Ə. Yusubov Milli Şuradan istefa verənlərin qurumun AXCP və “Müsavat”ın inhisarında olması ilə bağlı fikirlərinə də münasibət bildirib: “Siyasi maraqları uzlaşmayan Milli Şura üzvlərinin qurumdan getməsi riskləri hələ də davam edir. Bu o qədər də əhəmiyyətli deyil. Milli Şuraya Azərbaycanda fəaliyyət göstərən müxalifət düşərgəsinin əksər nümayəndəsi qoşulub. Milli Şura təkcə AXCP və Müsavatdan ibarət deyil. Siyasi mənzərə göz qabağındadır. Mən bu cür deyilənləri qəbul etmirəm”.
İlkin PİRƏLİ