Modern.az

Televiziyanın böyük yolu

Televiziyanın böyük yolu

5 Noyabr 2013, 10:59

Xalid NİYAZOV,
Əməkdar jurnalist

Böyük işlərin altında böyük insanların imzası durur. 

Adətdir; insan getdiyi yolun zirvə hesab elədiyi növbəti mərhələsinə yetişəndə əlini günlük eləyərək keçib gəldiyi yollara nəzər salır, arıdır, axtarır, sərf-nəzər edir və düşünür.

Azərbaycan televiziyası da hər qarışı örnək ola biləcək belə bir mənalı yol keçib. Kimsəni pərişan etməyəcək, laqeyd buraxmayacaq, şərəfli, zəhmət və əziyyətlə dolu bir yol. Bu, belə deyək, həm də sənətlə istedadın qaynayıb qarışdığı, sonunda yaradıcılıq şövqü ilə peşəkarlığın çox uğurlu bir xəlitəsinin zühur etdiyi yoldur. Nəhayət, bu camiədən çoxlarının hər yanından ötəndə qibtə ilə köks ötürdüyü Mehdi Hüseyn, 1-  peşəsinə dəlicəsinə vurulanların ünvanı olub. Həmişə! Çörək təknəsindən daha çox könül məbədinə aparan bu yoldan kimlər keçməyib?!

* * *

Bu gün özünün sırf professional öhdəliklərinə uyğun olaraq çeşidli xəbər daşıyan, maarifləndirən kütləvi informasiya vasitəsi olmasının fövqündə bir də funksional baxımdan cəmiyyətin altsisteminə çevrilmiş televiziya toplumun  mənəvi səhhətinin, dəyərlərimizin, belə demək mümkünsə, ekologiyasının məsuliyyətini bölüşür.

Televiziyanın bütövlükdə cəmiyyət qarşısındakı sosial məsuliyyəti, çoxdan bəri obıvatellikdən çıxmış müasir tamaşaçının dünyagörüşünün formalaşmasında, etik-əxlaqi və mənəvi-estetik dəyərlər sisteminin, eləcə də dünyaya pozitiv baxışların formalaşmasındakı rolu ölçüyəgəlməzdir. İnformasiyanın strateji məhsula çevrildiyi müasir cəmiyyətdə orta statistik tamaşaçı sövq-təbii televiziya ekranında gördüyünün total psixoloji təsirinə düşərək özünü “efir qəhrəmanı” ilə bütövləşdirir, öz hərəkət və dünyaduyumunu ona uyğunlaşdırır. Və heç şübhəsiz, münasibətlərin belə bir düzülüşündə televiziyadan umduğumuzun ictimai çəkisi qat-qat artır.

Cəsarətlə söyləmək olar ki, ölkə teleməkanının şəriksiz lideri, ağsaqqalı və universiteti sayılan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti özünün həm texniki, həm də intellektual-yaradıcı potensialı ilə bu vəzifənin öhdəsindən məharətlə gəlir. Heç şübhəsiz, bu gün AzTV-nin Bakının ən yüksək nöqtələrindən birində qərar tutmuş əzəmətli binasına, xüsusilə də bu yaxınlarda tikintisi başa çatmış yeni studiyalardan ibarət korpusunun yaxınlıqdakı möhtəşəm “Fairmont Baku” otel kompleksinin, Milli Məclisin binalarının memarlıq hüsnünə yeni bir rəng və uyum qatan gözəlliyinə tamaşa edən ixtiyar televiziya işçilərinin xəyalı istər-istəməz 57 il əvvələ dönərək Azərbaycan televiziyasının yarandığı ilk günün xatirələrinə qovuşur. 1956-cı ilin, el arasında çilə adlandırılan fevralında səhnəmizin və kinomuzun gözəl siması Nəcibə xanım Məlikova ekranda göründü və evində televizor adlı “sehirli qutu”nun olduğu azsaylı paytaxt sakinlərini “Göstərir Bakı!” kəlmələri ilə salamladı.

Tamara Gözəlova, Gültəkin Cabbarlı, Nizami Məmmədov kimi diktorlardan estafeti 70-ci illərdə Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Gülşən Əkbərova və başqaları kimi istedadlı diktorlar qəbul etdilər. Ümumiyyətlə, parlaq şəxsiyyətlər sarıdan Azərbaycan Televiziyasının və Radiosunun bəxti həmişə yüyürək olub. İlk vaxtlarda peşəkar televizyonçu qıtlığı üzündən radio, qəzet və hətta teatrda çalışanlar əməkdaşlığa cəlb olunurdularsa, sonralar AzTV-də ölkə mədəniyyətinə  əvəzsiz töhfələr vermiş, ad qoymuş bütöv bir peşəkarlar nəsli yetişdi.

AzTV-nin bugünkü, belə deyək, cah-calalını görən gənclər üçün bunları eşitmək nə qədər qəribə görünsə də, yarandığı dövrdə "Bakı studiyası" 30 kv. metrlik iki otağa sığınmışdı. Üç kameradan biri studiya telekamerası idi, ikisi isə film üçün nəzərdə tutulmuşdu. Ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmış"Bakı studiyası" əvvəllər həftədə iki saatlıq proqramla efirə çıxırdı.

1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi. Təməli 1981-ci ildə qoyulmuş yeni televiziya qülləsi isə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra – 1996-cı il iyunun 7-də istismara qəbul edildi.

Hazırda Azərbaycan televiziyasının verilişləri nəinki respublikanın ən ucqar kəndlərinə, habelə süni peyklər, o cümlədən “Azerspace-1” vasitəsilə dünyanın əksər ölkələrinə translyasiya edilir. Yəni indiki informasiya əsrində Yer kürəsinin ixtiyari bir məntəqəsindəki əcnəbi seyrçi rahatlıqla Azərbaycan televiziyasının verilişlərini seyr etmək imkanı əldə edib. Ölkə auditoriyasını operativ və keyfiyyətli xəbər məhsulu ilə təmin etmək məqsədilə AzTV-nin keçmiş MDB ölkələrində, habelə Türkiyə, İran, ABŞ, Avropa və Ərəb ölkələri üzrə büroları fəaliyyət göstərir.

İdarəçilikdə belə bir vazkeçilməz prinsip mövcuddur ki, istənilən qurum texniki cəhətdən nə qədər güclü təminata malik olsa belə, onun fəaliyyətinə canlı ahəng və dinamikanı bəxş edən insan amili və bu intellektual-yaradıcı təbəqəni yönəldən komanda anlayışıdır. Və televiziya fəaliyyətin elə bir spesifik sahəsidir ki, buradakı inkişaf, yayım siyasətindəki mütərəqqi tendensiyalar, efir məhsulunun keyfiyyətini şərtləndirən texniki-yaradıcı potensialın səviyyəsi daim göz önündədir. Ölkə tamaşaçısı “pultun” düyməsini basa-basa izlədiyi proqramlara əsasən, bu və ya digər telekanal haqqında fikir yürüdə bilir. Birmənalı olaraq söyləmək olar ki, son illərdə Azərbaycan televiziyası özünün zəngin efir “setkası”, səviyyəli verilişləri, maraq doğuran başlanğıcları və kreativ layihələri ilə efir məkanının “ bir nömrəli kanalı” statusunu daha da möhkəmləndirib.

Etiraf etmək lazımdır ki, ölkənin əsas televiziyasındakı sonuncu komanda islahatı yaxşılığa doğru radikal keyfiyyət dəyişikliklərinin möhkəm özülünü qoymaqla, mürgüləməkdə olan böyük bir təsərrüfatda yaradıcı və texnoloji yenidənqurmanın zərurətini də önə çəkdi. Bütün səy və çəkilən zəhmət qısa bir zamanda bəhrəsini verdi. Təsadüfi deyildir ki, 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası “Avropa keyfiyyət” medalına layiq görüldü. Yenə də həmin illərdə peşəkarların iş başına gətirilməsi sayəsində efirdə yeni verilişlər, proqramlar və tamaşalar görünməyə başladı, gənc aparıcı və reportyorların işə qəbulunda ədalət və peşəkarlığın yeganə meyarı kimi müsabiqələrdən istifadə edildi, efirə və kanalın infrastrukturuna kapital qoyuluşu həyata keçirildi. Beləliklə, bir vaxtlar şəriksiz lideri olduğu teleməkanda AzTV ortaya qoyduğu “əmtəə” ilə yenidən ən peşəkar kanal kimi üstün mövqeyini təsbit etdi, belə demək mümkünsə, televiziya dəbinin qanunvericisinə çevrildi.

Son illərin qarşısıalınmaz inkişaf meyilləri cəmiyyətin bir altsistemi və dövlətin informasiya siyasətinin qüdrətli seqmenti kimi televiziyadan da yan keçməmişdir. Ulu öndər Heydər Əliyevin teleradioməkanın inkişafına qayğı və himayəsi Prezident İlham Əliyevin fəaliyyətində də varislik əlamətlərini göstərməkdədir.Vaxtilə AzTV-nin ləğv olunması kimi cəfəng bir iddianı gündəmə sırıyanların arzusunu dövlət başçısının bu xüsusda müvafiq qərarı gözlərində qoydu. Məhz Pezident İlham Əliyevin güclü dəstəyi sayəsində AzTV özünə mükəmməl maddi-texniki baza qurmuş, yaradıcı potensialı ilə yenidən ölkə teleməkanında liderliyi ələ almışdır. Bundan başqa, dövlət başçısı mədəniyyət və idmansevərlərin istək və arzularını nəzərə alaraq, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində “Mədəniyyət” və “İdman Azərbaycan” telekanallarının yaradılmasına şərait yaratdı. Bununla da birinci teleradio kanalımızın iri media holdingə çevrilməsinə yol açdı.

Televiziya və radio işçiləri günü ərəfəsində Azərbaycan Televiziyasında daha 3 yeni studiya təhvil verilib. Hazırda “Xəbərlər”, “Həftə” və digər ictimai-siyasi proqramlar Avropa standartlarına tam şəkildə cavab verən geniş studiyalardan efirə çıxır. Belə bir öyünəsi faktı da əlavə etmək qalır ki, yaxın xaricdəki bir sıra ölkələrin telekanalları yüksək texnologiya ilə təchiz edilmiş bu tip studiyalara, azərbaycanlı həmkaları üçün yaradılmış belə bir ideal şəraitə, sözün əsil mənasında, həsəd apara bilərlər.

Azərbaycan Televiziyası və Radiosunun hazırladığı bütün verilişlərdə maarifçilik xətti üstünlük təşkil edir. Bu istiqamət siyasət, fəlsəfə, dil, ədəbiyyat, tarix, folklor, kino, tamaşa, musiqi və hətta intellektual oyunlara həsr olunmuş bütün veriliş və proqramlarda özünü qabarıq şəkildə göstərir. Son illər Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Dostları Fondunun təşəbbüsü ilə keçirilən Muğam televiziya müsabiqəsi milli musiqimizin incisi sayılan, Dünya Mədəni İrs siyahısına daxil edilmiş muğamın təbliği ilə yanaşı, həm də gənc istedadların seçilib üzə çıxarılması kimi nəcib bir məqsədə xidmət edir. Bu müsabiqədə hər bir detal – ifa edilən muğamların şöbələrinin titrlər vasitəsilə diqqətə çatdırılmasından tutmuş ta ki, alətlərdən, səhnə mədəniyyətindən və geyimədək hər bir element, bu qədim sənətin yüksək səviyyədə təbliğinə xidmət edir.

Ucuz SMS asılılığından kənar olan və ustad sənətkarların qiymətilə dəyərləndirilən hər bir müsabiqə iştirakçısının səsi isə öz unikallığı, zənginliyi və fərqliliyi ilə seyrçini heyran edir. Məhz bu amillərə görə, mütəxəssislər hesab edirlər ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam televiziya müsabiqəsi teleməkandakı digər yarışları kölgədə qoyur. Adəti üzrə Beynəlxalq Muğam Mərkəzində keçirilən müsabiqənin seçim konsertlərinin bu il Qarabağın dilbər guşələrindən və qədim Naxçıvandan yayımlanması bu unikal musiqi bayramına bir özgə rəng qatdı.

Əvvəliki müsabiqələrdə uğurlu çıxışları ilə yadda qalan istedadlı gənclərin  əksəriyyəti bu gün AzTV-də solist qismində çalışır. Bu isə muğam sənətimizin inkişafına xidmətlə yanaşı, həm də gənc istedadlara böyük sənət məbədinin cığırları ilə irəliləmək üçün real imkanın verilməsidir.

Efir məkanındakı bəzi duzsuz, nimdaş, bədii-estetik çəkidən xali, ictimai zövq deyil, ucuz sensasiya və qalmaqal üzərində köklənmiş dəyərsiz şoulardan fərqli olaraq AzTV-də sanballı intellektual oyunların artması da sevindirici haldır. MDB məkanında məşhur olan “Nə? Harada? Nə vaxt?”, “Breyn rinq” oyunlarının məhz ölkənin birinci kanalında yayımlanması ölkə intellektuallarının üzə çıxarılması məqsədlərinə xidmət edir. Gənclərimizin Rusiyanın intellektual elitasının toplaşdığı “Nə? Harada? Nə vaxt?” verilişində təmsil olunması ölkəmiz üçün qürurverici məqamlardandır. Çünki bu verilişdə Rusiya telekanallarındakı informasiya və şou-biznes proqramlarında üstünlük təşkil edən üzdəniraq qonşularımızın nümayəndələri təşəbbüsü ələ ala bilməyiblər və bu, azərbaycanlıların bilik və savad meydanında üstün olduqlarının daha bir bariz nümunəsidir.

Qeyd edək ki, intellektual gəncliyin məhz bu verilişlərdə görünməsinə şərait yaradan Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun “Nə? Harada? Nə vaxt?” verilişinin beynəlxalq çempionatlarının bir neçə dəfə ölkəmizdə keçirilməsi təşəbbüsü ilə çıxış etməsi, həmin verilişdə fərqlənən azəbaycanlı gəncləri dəstəkləməsi ölkə intellektuallarının sırasını daha da genişləndirib.

AzTV-də nümayiş olunan digər intellektual verilişlər – “İntellekt”, “Min bir sual”, “Biz Azərbaycanlıyıq!” və s. tamaşaçılarda böyük maraq doğurur. Elə bu yaxınlarda “Min bir sual” verilişinin beynəlxalq “Tefi” mükafatına layiq görülməsi bu telekanalın son illərdə əldə etdiyi növbəti uğurlardandır.

Ümumiyyətlə, AzTV efiri zənginliyi, rəngarəngliyi və zövqlülüyü ilə tələbkar seyrçini özünə cəlb etməkdədir. Müəyyən səbəblər üzündən bir neçə il əvvəl fəaliyyətində tənəzzül əlamətlərinin hiss olunduğu AzTV-nin efiri ötən bir neçə ildə kardinal şəkildə dəyişmişdir. Hiss olunur ki, ölkəmizin görkəmli siyasət, elm, incəsənət və mədəniyyət xadimləri yenidən bu kanalın efirində görünmələrindən, veriliş və proqramlarda yaxından iştirak etmələrindən, hətta aparıcı qismində çıxış etdiklərindən qürur duyurlar.

Təqdirəlayiqdir ki, AzTV-nin siması dəyişir və gəncləşir. Bu gün AzTV-nin efirində gənc aparıcılar və solistlər nəinki əsl istedad nümayiş etdirirlər, hətta teleradiokanaldakı yüksək vəzifələr də gənc kadrlara etibar edilir. Bu addım həm yaşlılarla gənclər arasında nəsillərarası varisliyin yaradılmasına xidmət edir, həm də teleradioməkanda kadr boşluğunun aradan götürülməsini təmin edir.

AzTV-nin ürəyi onun Baş Proqram direktorluğunda döyünür. Dörd növbəli iş rejimində işləyən mütəxəssislərin hesabına televiziyanın 24 saatlıq efiri müxtəlif verilişlərlə təmin edilir. “Ədəbi-dram verilişləri” redaksiyasında ərsəyə gələn “Poeziya”, “Vətəndaş”, “Qobustan”, “Əbədi abidələr”, ”Zamanın sorağında”, “Ovqat” kimi ədəbiyyatın, incəsənətin, mütəfəkkirlərimizin, görkəmli şair və yazıçılarımızın təbliğinə xidmət edən verilişləri tamaşaçılar həmişə maraqla izləyirlər. “Musiqi və əyləncəli proqramlar” redaksiyasının “Məclisi-üns”, “Yada düşər xatirələr”,  “Musiqi xəzinəsi”, “Maarifçilik” redaksiyasının müasir təhsil sisteminin və elmin aktual problemlərindən bəhs edən verilişləri çoxsaylı auditoriyanın müntəzəm olaraq izlədiyi və dəyər verdiyi verilişlərdəndir. “Hərbi-vətənpərvərlik” redaksiyasının hazırladığı verilişlər müharibə vəziyyətində olan ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində yaxından iştirak edir.

* * * 

Ümummilli lider Heydər Əliyev həmişə deyərdi ki, millətin mədəniyyətini qorumaq təkcə mədəniyyət xadimlərinin, təkcə bu sahədə işləyən insanların, ziyalıların işi deyil, eyni zamanda dövlət rəsmilərinin, bütün dövlət strukturlarının, qurumlarının vəzifəsidir. Mədəniyyət millətin vizit kartıdır.

Qısa müddətdə ölkənin düşünən, ziyalı, elmi-intellektual auditoriyasının rəğbətini qazanmış  “Mədəniyyət” kanalı məhz belə önəmli missiyanın öhdəsindən uğurla gəlir. Kanalın əsas məqsədlərindən biri zəngin Azərbaycan mədəniyyətinə xas bəşəri dəyərləri  dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövgünün düzgün formalaşmasına töhfəsini verməkdir. Müəllif proqramları və xüsusi layihələr baş redaksiyasının hazırladığı “Bəşəri irs”, “Mühazirə”, “İdrak”, “Zaman və məkan”, “Buta xeber”, “Klassik irsimizdən”, “Sənət cərəyanları”, “PalitraART”, “Unudulmayanlar, “Dadlı dünya”, “Şəfa yolu”, “Səadət”, “İntellekt” kimi verilişlər konkret mədəni dəyərlərin təbliği istiqamətində maarifçi təşviqat aparmaqla yanaşı, öz intellektinə görə fərqlənən tamaşaçı auditoriyasına bu və ya digər tarixi hadisəyə kulturoloji yanaşmanın əsaslarını təlqin edir.

“İdman Azərbaycan” kanalı qısa bir zamanda Azərbaycan idmanının güzgüsünə çevrilməklə yanaşı, müxtəlif idman növləri üzrə beynəlxalq əhəmiyyətli yarışları heç bir maddi vəsait ödəmədən, şifrəsiz tamaşaçılara təqdim edir.

2005-ci il avqust 29-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İctimai televiziyanın açılış mərasimində iştirak etməsi də TV tarixində unudulmaz hadisələrdən biridir. Həmin gün Prezident kollektivin qarşısında duran vəzifələrdən danışdı, tapşırıqlarını verdi, onu böyük və məsiliyyətli bir yola uğurladı. O dövrdə Azərbaycanda İctimai Televiziyanın yaranmasını labüd edən səbəblər kompleksi mövcud idi: bu, azad sözə, fikir plüralizminə, mədəni-mənəvi-əxlaqi maariflənməyə olan tələbat idi, cəmiyyətin demokratikləşməsi və ölkəmizin Qərb dəyərlərinə qovuşmaq istəyindən irəli gəlirdi.

 Səkkiz il əvvələ qayıdaraq deyək ki, İctimai Televiziyanın yayıma başlamasını cəmiyyət səbirsizliklə gözləyirdi. Bu, ölkə teleməkanında yeni format idi. Mass-media, efir-cəmiyyət münasibətlərində yeni səviyyə idi. Nəhayət, bu sosial sifariş idi. Çünki ictimai TV həm də cəmiyyətin, ictimaiyyətin televiziyası deməkdir. Həmin ictimai layihə uğurla reallaşdı və bu gün də ikiqat müvəffəqiyyətlə fəaliyyətini davam edir.

İTV ölkə teleməkanının, efir ailəsinin sonbeşiyi olsa da, heç vaxt şıltaqlıq, tənbəllik etmədi, ortaya əzm qoydu, əziyyət qoydu, zəhmət, iş qoydu. Və nəticə etibarilə ölkənin seyrçi auditoriyasının ən çox izlədiyi və gözlədiyi, verilişlərinin keyfiyyət və peşəkarlığından məmnun qaldığı telekanallardan birinə çevrilməyi bacardı.

Etiraf edək ki, İctimai televiziyada adamın içinə sinən, ürəyinə yatan, zövqünü oxşayan və bütövlükdə, seyrçidə zövq mədəniyyətini tərbiyə edən və formalaşdıran verilişlər yayımlanır. Bəzən deyirlər ki, İTV filan şeyi AzTV-dən götürüb. Burada qeyri-adi heç nə yoxdur, bu təbii yaradıcılıq prosesidir. Həyatda yaxşılar həmişə bir-birilərinə oxşayırlar. Yaxşılar  bölünə-bölünə artıb çoxalırlar.

* * *

İnsanın tərbiyəsində, mədəni-intellektual fərd kimi formalaşmaşında ailənin rolu nə qədər böyükdürsə, millətin də millət kimi təşəkkül tapmasında, zövq və mədəni səviyyəsinin yüksəlməsində teleradiokanallar eyni önəmi daşıyırlar. Bu gün televiziya və radio təkcə kütləvi informasiya sistemində deyil, incəsənət sahəsində də auditoriyasının əhatə dairəsinə görə aparıcı mövqeyə sahibdir. Televiziya cəmiyyətlə birlikdə XXI əsrə qədəm qoyaraq kibernəhayətsizliyin əlamətlərini əxz etsə də, informasiyanın ötürülməsində ən müasir və perspektiv vasitə olaraq qalmaqdadır.

Bu müstəsna vəzifəni daşıyan tele və radiojurnalistlərin bu gün peşə bayramıdır. Və qəzetçi olaraq başda AzTV olmaqla teleməkanın bütün iştirakçılarının – İTV,  “Mədəniyyət”, “İdman Azərbaycan”, “Xəzər”, “Lider”, ATV, “Space”, ANS kanallarının kollektivini təbrik edir və yaradıcılıq uğurları arzulayırıq.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü