“Biz Gömrük İdarəsi olaraq bu günə qədər genetik modifikasiya olunmuş məhsulların (GMO) tam olaraq laboratoriyada müəyyən olunması və buna qiymət verilməsi halları ilə rastlaşmamışıq”.
Bu sözləri Modern.az-a açıqlamasında Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib. O, qeyd edib ki, genetik modifikasiya olunmuş məhsullar Azərbaycana gəlmir.
“Gömrük orqanı olan Azərbaycana sərhəddən mallar idxalı zamanı fitosanitar xidmətimiz tərəfindən ölkəyə idxal olunan məhsulların bütün sənədləri, mənşə, uyğunluq sertifikatını və digər sənədləri əldə etməklə, eyni zamanda baytarlığa uyğun olaraq baytarlıq sertifikatını almaqla mallar ölkə ərazisinə buraxılır. Genetik modifikasiya olunmuş məhsulların Azərbaycana idxalına gəlincə isə, bunun üçün xüsusi avadanlıqlar təchiz olunmuş laboratoriyalarımız var. Mən bu günə qədər o qədər də məlumatlı deyiləm aşkar elədik və ilaxır. Amma biz gömrük idarəsi olaraq bunun tam olaraq laboratoriyada müəyyən olunması və buna qiymət verilməsi tədbirləri keçirməmişik. Çünki rastlaşmadığımız üçün tədbirlər keçirməmişik”.
M.Vahabov bildirib ki, Gömrük Komitəsinin Ekspertiza idarəsi malların laboratoriyadan keçirilməsi və onlara qiymət verilməsi ilə bağlı fəaliyyət göstərir və kifayət qədər avadanlıqlarla təchiz olunub. “Amma biz dünya standartlarına cavab verən yeni avadanlıqlar sifariş etmişik və yaxın vaxtlarda onlar ölkəyə gətiriləcək. Dünyada bu və ya digər malların laboratoriya qeydiyyatına və ya emalından keçirilməsinə böyük ehtiyac duyulur ki, bu baxımdan yeni avadanlıqların alınması gündəmdir, almışıq və davam edir”.
Aytən ƏLİYEVA