Modern.az

Azərbaycanlı jurnalistlər: “Xarici həmkarlarımızın Qarabağa səfərinə etiraz etmirik”

Azərbaycanlı jurnalistlər: “Xarici həmkarlarımızın Qarabağa səfərinə etiraz etmirik”

Media

5 Noyabr 2013, 16:11


Bir qrup xarici jurnalistin Azərbaycan icazəsi olmadan Dağlıq Qarabağa səfəri artıq Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır. Bəs Azərbaycandakı jurnalist təşkilatları bu qanunsuz səfər barədə nə düşünür? Onlar beynəlxalq jurnalist təşkilatları və ya həmin qəzetlərə etiraz müraciətləri ünvanlaya bilərmi?

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Modern.az-a açıqlamasında jurnalistin harasa gedib nəsə yazmağının əleyhinə olmadığını bildirib.

“Tutaq ki, mən Rusiya Jurnalistlər İttifaqına məktub yazıb deyirəm ki, bu jurnalistləri göndərməyin. O da deyir ki, jurnalist redaksiyanın tapşırığı ilə gedib və onun qarşısını heç kim ala bilməz. İkincisi, jurnalistlərin gedib nəsə yazmağının əleyhinə deyiləm. Jurnalist hər yerə gedə bilər. Tutaq ki, Suriyaya getsək, necə qiymətləndirməlidirlər? Suriyada Bəşər Əsədin əleyhinə vuruşanlarla görüşüm və reportaj hazırlayım və s. Sadəcə olaraq xaricdən Azərbaycana jurnalist gələndə rəsmi strukturların canına vəlvələ düşür ki, “xaricilər gəldi, görəsən bizdən nə yazacaqlar”. Onların bir çoxunu içəri buraxmırıq, buraxanda da dallarınca qarabaqara izləyirik. Belə olan halda həmin jurnalistlər də fırlanıb Dağlıq Qarabağa gedirlər. Ümumiyyətlə, mən heç bir təşkilata, yaxud jurnalistə deyə bilmərəm ki, filan yerə getmə”.  

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov da jurnalistlərin səfərinin əleyhinə deyil. “Sadəcə onlar gördüklərini obyektiv və ikili standartlara uymadan yazsınlar. Azərbaycan iqtidarının çox qəti mövqeyi var. İnsanlar Azərbaycan dövlətinin razılığı və icazəsi olmadan Dağlıq Qarabağa gedir, onlar Azərbaycanın “qara siyahısı”na düşür və aruzolunmaz şəxslərdir. Bu mövqeyi dəstəkləyirəm, belə də olmalıdır. Amma jurnalistlərin Dağlıq Qarabağa –işğal zonalarına səfər etmələrinə müsbət yanaşıram. Bir şərtlə ki, bu insanlar gedib gördüklərini obyektiv, olduğu kimi yazsınlar. Əgər vicdanlı və həqiqəti deyəndirsə, eybi yox səhv edib gedib, amma qayıdanda öz qəzetində gördüklərini ikili standartsız, obyektiv təsvir etsinlər. Bu məni qane edər. Bütün hallarda Azərbaycan icazəsi olmadan səfər diplomatik qaydaya, qanunlara sığışmır”.  

Qeyd edək ki, Dağlıq Qarabağa səfər edən jurnalist qrupunun tərkibində, Rusiyanın “Novıye İzvestiya” qəzetinin baş redaktoru Valeri Yakov, Almaniyanın “Rufa” agentliyinin baş redaktoru Hizbert Mrozek, Ukraynanın “İzvestiya” qəzetinin baş redaktoru Yanina Sokolovskaya, “La Tribun” qəzetinin baş redaktoru Emmanuel Qrispen, İspaniyanın “EFE” informasiya agentliyinin əməkdaşı Orteqa Vasalo Xose İqnasio, “Oqonyok” jurnalının əməkdaşı Olqa Çipenyuk, “Dojd” telekanalının əməkdaşı Anastasiya Olesik daxil olub. 
Bir gün davam edən tanışlıq xarakterli səfərdən sonra jurnalistlər Qarabağı tərk ediblər.  

Aytən ƏLİYEVA      
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır