Modern.az

Televiziya əsarəti

Televiziya əsarəti

Media

6 Noyabr 2013, 11:32

Televiziya çağımızın informasiya savaşının uzaqvuran silahı olaraq qalır.  Onillərdən bəridir ki, televiziya insanların yaşamını idarə edir, onlara bütünlüklə yiyələnir: həm ruhlandırır, həm də əsarətə salır. Həm ümidləndirir, həm də ümiddən salır. Həm sevindirir, həm də ölümcül kədərləndirir. İnsanlar dünyanın o başındakı ölüm-itim, qırğın dəhşətlərini canlı görürlər, hər şeyə reaksiya verməyə məcbur olurlar, xəstəlik tapırlar. İnformasiya bolluğu adamları keyləşdirir, özündən ayırır. Bir sözlə, zamanın bütün antiinsani aşıntıları, şəri televiziya vasitəsilə ömrümüzə, yaşamımıza təsir edir, hamını əldən salır.  

***

Televiziyalar indi hər şeydən danışır, hər şeyi görüntüləyir, sirli nəsə qoymur, insan pünhanlığını, sirrini-sehrini yoxa çıxarırlar. Adamların faciəsi əyləncə mövzusuna çevrilir, saatlarla dartışılır. Fikirsizlik tüğyan edir. Mənasızlıq başa çıxır. Adamlar yorulurlar, bezirlər.

Bu gün dünyanın ən inkişaf etmiş ölkələrində belə ruhsuzluq, ümidsizlik tüğyan edir. Elmli, bilikli olmaq, hər cür maddi ehtiyacları ödəmək, qayğıları önləmək adamları xilas etmir. Adamlar sanki nəyinsə çatışmadığını duyurlar, düşünürlər, bundan şikayətlənirlər, qeybətə bulaşırlar, dalaşırlar, həşirə qatılırlar, cəfəngiyyata qapılırlar, ancaq xilas olmurlar! Başlarını qatırlar ki, başları açılsın, daha da düyünə düşürlər! Televiziya bu əhvalların alışdırıcısı, qızışdırıcısı olur.

İnsandakı «çatışmayan nəsə» özünə yetmək ehtiyacıdır ki, heç nə onu əvəz edə bilmir. Özünə yetmək – insanın özüylə üz-üzə qalması, insani imkanlarını aşkarlaması, var etməsidir.

***

Əyləncəylə gün keçirənlərin sayı artır, adamlar dərin düşünmək istəmirlər. Bunu zamanın üstünə atırlar ki, zaman qoymur. Ancaq gerçəkliyi yaradan insandır axı? Hər sayaq gərginliyi, çıxılmazlığı yaradan, sonra da onun əlində çabalayan insanın özüdür. Pis musiqilər, filmlər, oyunlar, vərdişlər, insanın daxilinin yarımçıqlığından, bir sözlə, insansızlığından yaranır. Hamı başqasına insan kimi yaşamaq dərsi keçir, ancaq dediyi kimi yaşayanlar yaranmır. İnsanlığın faciələri bu səbəbdən də qalaqlanır, çıxış yolu görünmür.

***


Dünya mənasızlıq bataqlığında çabalayır. Adamlar gözəlliyin içərisində, sorağında olmaqdan bezirlər, nəsə bir cəfəngiyyat, oyuna qapılmaq, qatılmaq istəyirlər. Ona görə ki, adam psixologiyası çətinlik əsasında, tələbində yaşamaq istəmir. Adam psixologiyası asanlığı sevir. Asanlıqla isə insani yaşam yaranmaz! Asanlıqla yüzillərdir ki, davam edən enişli-yoxuşlu, adam əhvallı durum yaranıb, bəşər çıxa bilmir.

Televiziyanın kəşfi bəşərin həyatında irəliyə doğru ciddi bir addım olsa da, insanı gerçəkdən öz əsarətinə saldı. O şey ki, əvvəllər insan üçün möcüzəli, sirli-sehrli idi, insan onlara yetməyi, görməyi yalnız arzulayırdı, o gerçəkləşən diləklərin soraqçısı televiziya oldu. Ancaq bu mərhələdən sonra insanların ümidsizliyi azalmadı, daha da artdı…

***

Bu gün televiziya əsarəti dünyanın qlobalçılığını, birrəngliyini, mənasızlığını təsdiq edir. Düzdür, mənalı filmlər də göstərilir,  musiqilər səsləndirilir, misilsiz sənət inciləri nümayiş etdirilir, ancaq dünyanın yönü əyləncəyədir! Bu, faciədir! Çağdaş tamaşaçının zövqü bəsitləşdirilir, olaylardan asılı duruma salınır… İnsanların özüylə üz-üzə qalması, düşünməsi mümkünsüzləşir. Televiziyaların düşündürücü verilişləri yoxa çıxır. İnsan dünyada kimdir, onun dünyaya gəlməsinin, yaşamasının məqsədi nədir; Vətən nə deməkdir, Yurdsevərlik nədir; millət niyə gərəklidir, qaçılmazdır; sənətin insançılığı nə deməkdir; minimalla yetərlənmək nə deməkdir, dəbdəbə ilə yaşamaq niyə insanlıq sayılmır; ömrü mənalandırmaq üçün nə eləmək gərəkdir və s. Ardıcıl, özümlü, ulusal-insançı əhvalların sənətin bütün sahələrinə gəlişini yaratmaq, insanı vicdanı ilə üz-üzə qoymaq, onu yaşamağa ümidləndirmək, var etmək… Ancaq əyləncəyə köklənən əhvallar yalnız «pul, pul» deyir. Hər şey pulla ölçülür. Hər şey reklamlaşır. Fədakarlıq da. Fədakarlıq reklamlaşırsa, deməli, o, fədakarlıq deyilmiş…

***

Bəşərin sabahı necə olacaq? Axı insansız sabah olmur. Bəşərin insanlığa əsaslanmayan inkişafı onu xoşbəxt etməyəcək, daha da əsarətə salacaq. İnsanın yaratdıqlarının əsarətinə düşməsi əsarətlərin ən pisidir. Bəşər yalnız əlvanlığın, müxtəlifliyin birliyi kimi var ola bilər, yeknəsəqliyin təsdiqi kimi yox! Dünyanı qloballaşdırmaqla, siyasətləşdirməklə, pulçulaşdırmaqla var etmək olmaz!

***

Dünyanı ovuc içinə döndərən peyklər, sosial şəbəkələr, internet adamları yalqızlaşdırır, yurdsuzlaşdırır, xalqsızlaşdırır… İnsan əyləncədən ibarət görünür, bilinir.

Dünyanın gedişatından üstün olan, insani əhvalla yaşayan, zamanın həşirinə uymayan insanlar gərəkdir!  Ardıcıl olaraq ulusallığa, bəşəriliyə çağıran, mənaçılıq üstə köklənən,  əyləncədən qurtulan, insanı, Yurdu var edən televiziya gərək!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür