Modern.az

Fəxri Uğurlu: “Nazirlər pul gücünə qəzetləri özəlləşdiriblər”

Fəxri Uğurlu: “Nazirlər pul gücünə qəzetləri özəlləşdiriblər”

7 Noyabr 2013, 11:35


Azərbaycanda müxtəlif nəsildən olan jurnalistlər var və qələmə sarılanların sayı artmaqdadır. Bəzən jurnalistika sahəsindən danışılarkən peşəkarlıq göstəricilərinin aşağı düşdüyü barədə fikirlər səsləndirilir. Bunun əksini söyləyənlər, yerimizdə saydığımızı deyənlər də var.

Modern.az saytı müasir Azərbaycan jurnalistlərinin xarakteristikasını tanınmış qələm sahibi, fəaliyyəti dayanmış “Avropa” qəzetinin baş redaktoru Fəxri Uğurludan soruşub.

Fəxri uğurlu Azərbaycan jurnalistlərinin  bugünkü  durumunu qiymətləndirərkən,  peşəkarlıq səviyyəsinin aşağı düşdüyünü vurğulayıb.

“Bu gün jurnalistikada rəqabət yoxdu. Təbi yolla bunun qarşısı alınıb. Jurnalistlərin vəziyyəti ürəkacan deyil. Azərbaycanda azad jurnalistika yoxdu, bəzi qurumlar, bəzi nazirlər pul gücünə qəzetləri özəlləşdiriblər. O qəzetlərə həqiqətləri yazmağa imkan vermirlər. Ona görə də jurnalist fikirləşir ki, nə yazsam eyni maaşı alacam. Halbuki, demokratik ölkələrdə jurnalistika ən gəlirli sahədir. Normal ölkələrdə jurnalist dövləti saxlayır, dövlət jurnalisti yox”.

Fəxri Uğurlu jurnalistikamızda vəziyyətin əvvəllər indikindən fərqli olduğunu düşünür:

”Əvvəllər jurnalistlər arasında rəqabət vardı. Jurnalist çalışırdı ki, yeni xəbərlər, məlumatlar əldə etsin. İndi isə bu qədər imkanlar varkən, jurnalist asan yola qaçır. Yüzlərlə qəzetlər, saytlar var,   hamısı da eyni yalanları yazır, ölkədə baş verən gerçəklərə susmaqla məşğuldurlar. Əgər bu sahədə iqtisadi, siyasi azadlıqlar olsa, media da inkişaf edər. Yoxsa heç nə dəyişməyəcək”.

”Son zamanlar mediaya dövlət tərəfindən yardımlar ayrılır, bu, vəziyyətə təsir göstərə biləcəkmi” sualına F.Uğurlu “bu, vəziyyətdən çıxış yolu deyil” deyə cavab verdi:

”Normal ölkələrdə media özü dövləti saxlayır. İndi çoxlu sayda yeni saytlar, internet TV-lər,  xəbər portalları yaradılıb. Yenə onlarda bir az azadlıq var. Ümumilikdə götürdüksə isə vəziyyət ürəkaçan deyil”.

Gülnarə Bünyatova  

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü