Modern.az

İsdedadlar marafonunun iştirakçıları qızıl kürsüdə

İsdedadlar marafonunun iştirakçıları qızıl kürsüdə

7 Noyabr 2013, 19:32

Akif Cabbarlı

Noyabrın 6-da Televiziya və Radio işçilərinin peşə bayramı daha bir əlamətdar hadisə ilə mədəniyyət və incəsənət tariximizin yaddaqalan səhifələrindən birinə çevrildi. "Muğam Televiziya Müsabiqəsi - 2013" - ün qalibləri paytaxtın ən şöhrətli və möhtəşəm salonlarının birində - Akademik Milli Dram Teatrının səhnəsində tər-təmiz səsləri, avazları ilə yüzminlərin heyrəti, təəccübü vurğunluğu, alqışı ilə süslənmiş mənzərənin müəllifləri kimi yaddaşlarda qalacaq hələ neçə-neçə illər bundan sonra da...

Bir həmkarımın "nə görmüsən axı, bu muğamda. Hər dəfə səni bu uşaq-muşaqın konsertində görürəm, ekrandan düşmürsən." - iradını müxtəlif rakurslardan cavablandırmaq mümkündür. Doğrudur, fikrimi ona dərhal bildirmişəm, yenə də deyirəm; şəxsən mənə bu uşaqlara qulaq asmaq akademik muğamçıları dinləməkdən daha ləzzətli gəlir. Bunu bir növ şüşələrə doldurulmuş suyun əvəzində dizlərini yerə söykəyib qaya döşündən çağlayan bulağın suyunu içməyə üstünlük verənlərin vəziyyəti ilə müqayisə etsək yerinə düşərdi. Dağ havası kimi saf, irmaqlardan axıb gələn su qədər təmiz, abır-həyalı, ismətli aul gözəli tək bakirə olan səs adamın ürəyini bahar nəsimi kimi oxşayırsa bundan gözəl nə ola bilər...

Olsun ki, muğamın çərçivələri, qayda-qanunları, "ayaq"ları, zili-bəmi hələ sənətdə, səhnədə bişib-düşməyən yeniyetmələri bəzən çaşdırır, təngidir, qorxudur- amma bunun özündə də bir gözəllik, bir ecazkarlıq var. Yüzlərlə muğamsevərin, sənət bilicisinin qarşısında oturasan, özü də biləsən ki, səni televiziya ekranlarından milyonlar izləyir, oxumağına, davranışına qiymət verəcəklər, müzakirə edəcəklər, bu cür imtahandan üzüağ, nöqsansız çıxmaq özü bir cəsarət, risk nümunəsi deyilmi?! Bir halda ki, münsiflər heyətinin üzvləri də muğam sənətinin əsl biliciləri bəziləri elə müəllimindirsə səhnədə keçən beş-on dəqiqədə muğamla qol-boyun olub cəngə çıxan uşaqların hansı hisslər keçirdiyini təsəvvür etmək o qədər də çətin deyil.

Bu uşaqlar isə oxudular! Özü də lap əla oxudular. 500 namizədin 21-i paytaxtda əsl "döyüşə" atıldı. Muğamat adlı pəhləvanla "rinq"ə çıxdılar. Əsl cəngavərlər axırda - 6 noyabrda öz möhtəşəm qələbələrinə layiqli imzalarını qoydular. Bəlkə də inanmazsınız, bu sətirlərin müəllifi hələ sentyabr ayından xəyalında elə bu cür də sıralamışdı; Mirpaşaya "Qran-pri", Sərxana, Zümrüdə,

Xətaiyə, Gülnara, Babəkə, Ramiqə də aldıqları mükafatları necə ki, münsiflər heyəti layiq gördü, o cür də təsəvvürümdə yaşadırdım. Çox güman ki, mənim kimi fikirləşən, ölçüb-biçən beş deyil, on deyil, yüzlərlə, minlərlə olub. Fikirlərin üst-üstə düşməsi isə ilk növbədə münsiflərin obyektivliyindən, qərəzsizliyindən qaynaqlanır. Xalq artisti Əlibaba Məmmədov noyabrın 6-da müsabiqənin bağlanışında Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın muğam sənətinə verdiyi qiyməti, mədəniyyət və incəsənətimizin inkişafına göstərdiyi misilsiz xidməti xüsusi vurğulamışdı. Gənc muğam ifaçılarımızın bu sənətə cəsarətli və vüsətli gəlişli bu qayğıya layiqli bir cavab, gənclik ehtirası ilə yoğrulmuş bir reaksiya kimi də yozulmalıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi