Modern.az

Xarici vətəndaşla evlənən azərbaycanlı jurnalistlər - ev qayğıları onları qələmdən uzaq salıb

Xarici vətəndaşla evlənən azərbaycanlı jurnalistlər - ev qayğıları onları qələmdən uzaq salıb

8 Noyabr 2013, 10:08


Son dönəmlər azərbaycanlı jurnalist xanımların xarici ölkə vətəndaşları ilə ailə qurması halları çoxalıb. Onların demək olar ki, hamısı Türkiyə vətəndşları ilə, ya da digər ölkələrdə yaşayan türklərlə ailə qurublar. Bəs Azərbaycanda müxtəlif KİV-lərdə çalışmış bu xanımlar gəlin köçdükləri ölkədə nə işlə məşğuldurlar? Jurnalist olaraq çalışmaqda davam edirlər, yoxsa necə? Buyurun, jurnalist xanımlarımız yaşadıqları ölkədəki fəaliyyətləri haqqında danışır:

Jurnalist İlhamə Qasımlının Bakıda sonuncu iş yeri “525-ci qəzet” olub. Qardaş Türkiyəyə gəlin köçüb. Hazırda Ankarada yaşayır, Azad adlı bir oğlu var:


- 2009-cu ilin oktyabrında ailə quraraq Ankaraya gəldiyimdə elə düşünürdüm ki, jurnalistik fəaliyyətimi həmən davam etdirə biləcəm. Amma gördüm ki, mənə adaptasiya olunmaq üçün xeyli vaxt lazımdır. Əvvəlcə adaptə, sonra oğlumun qayğıları. Bundan sonra işləmək üçün özümü toparladım. İndi sərbəst çalışıram.
“BBC Azərbaycanca” üçün aktual mövzularda reportaj və köşə yazıları, “525-ci qəzet” üçün isə "Qərib söhbət" müəllif layihəmi hazırlayıram.

ANS-in keçmiş aparıcısı, “Səs” internet televiziyasının “Xəbərlər” bölümünün sabiq baş redaktorunun adı və soyadı indi tam olaraq belədir - Məhsəti Şərif Özyürək.
Məhsəti xanım hazırkı fəaliyyəti barədə bunları dedi:


- Əslində ailə qurandan sonra çalışmaq istəyirdim. Hətta burda iş təklifi də almışdım. Amma analıq üstün gəldi. Məzuniyyətə çıxdım. Bir müddət heç bir işlə məşğul olmadım. Vaxtımı oğlumla keçirmək istədim. Çünki hər anı yaşamaq lazımdı ki, sonra həsrətini çəkməyəsən. Amma artıq başlamışam. Türkiyədə deyil, Azərbaycanla əməkdaşlıq edirəm. Bir neçə sayt var və artıq bir müddətdi onlara yazıram. Həm köşə yazıları, həm də sosial reportajlar, musahibələr. Hətta 17 illik jurnalistlik həyatımda ilk dəfə mədəniyyətdən də yazdım. Artıq işə başlamışam. Publika.az və Modern.az saytı ilə də əməkdaşlıq edirəm. Türkiyədə işləməyi düşünürəm. Oğlumun yaşı tamam olsun və mən vətəndaşlıq alım. Çünki vətəndaşlığı almadan çox prosedurlar lazımdı. Ona səbrim çatmaz.
Əslində jurnalist dərzi kimidir, iynəsini götürüb gedir. İndi qələm də lazım deyil, kompüter yetir.

Elza Alışova Quzey Kipr Türk Cümhuriyyətində yaşayır. Kipr türkü Salih bəylə ailə qurmazdan öncə Bakıda “Üç nöqtə”, “Mərkəz”, “Xalq Cəbhəsi”, Cümhüriyyət”, “Yeni Müsavat”, “Bakı-Xəbər” qəzetlərində işləyib. Bir oğlan anası olan Elza xanım indi jurnalist kimi aktiv deyil: 


-  7 ildir Kiprdə yaşayıram. İlk zamanlar işləmək istəmirdim. Oğlumu özüm böyütmək istəyirdim. Oğlumun 3 yaşı olandan sonra işləməyə başlamışam. Bu illər ərzinde fərqlı sahələrdə işləmişəm. Ən son olaraq indi kompüter sahəsində işləyırəm. Ancaq bu iller ərzində elmi yaradıcılıqla da məşğul olmuşam. Keçən il müdafiə eləmişəm. Filologiya üzrə fəlsəfə doktoru olmuşam. Bundan sonra Kiprdə öz ixtisasım üzrə işləməyi düşünürəm. Eynı zamanda Kıbrlısın yerli qəzetləriylə də əməkdaşlıq təklifi almışam ve yaxın zamanlarda buna başlayacam. Kitab üzərində də işləyirəm. Bir zamanlar “Parents” jurnalı çıxırdı, ona köşə yazırdım. Ancaq sonra bağlandı. Elə Modern.az saytına da arada yazıram.

Türkiyə vətəndaşı ilə evlənərək Ankaraya gəlin köçən jurnalist Şəhla Əbusəttar Bakıda yaşadığı müddətdə “7 gün”, "Olaylar", "Reytinq", "Azadlıq" qəzetlərində,  “Himayədar” jurnalında işləyib, "Yeni Müsavat", "Kriminal" qəzetləri ilə əməkdaşlıq edib: 


- Mən artıq jurnalistlik etmirəm. Son illər dünyada trend sayılan butik tort (pasta) və kurabiye işiylə məşğulam. Burda həm yaradıcı fikir, həm estetik, həm gəlir, qısası dilədiyim hər şey var. Bir türk dostla bərabər çalışıram. Facebook-da və instagram-da sifariş üçün səhifələrimiz var.

Şeyda Nəsibli (Kamaloğlu) 1996-cı ildən 2006-cı ilədək Bakıda nəşr olunan “Hürriyyət”, “Bu gün”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. Türkiyə vətəndaşı Məhəmməd Kamaloğlu ilə ailə qurub, artıq iki oğlu var. 


- Həyat qəribədir. 30 yaşıma qədər oxudum, işlədim, karyeramı yaxşı, ya da pis qurdum. 30-40 yaş araları tanrı mənə ana olmağı və uşaq dünyaya gətirib, böyütməyi qismət etdi. Evdə uşaq böyüdürəm. 5 və 2 yaşında 2 oğlum var. Artıq işləmək istəyirəm. Yəqin, 40-50 yaş arası da başqa bir işdə işləyərəm, amma mən yazarlığı dünyada heç bir şeyə dəyişmərəm. Bir kitab üzərində işləməyə başladım. Oğlum fürsət versə 1 ilə yazacam. Kitab haqqında daha heç nə deyə bilmərəm, sirrdir. Amma çox gözəl bir kitab olacağına qaranti verirəm.

Jurnalist Kəbutər Haqverdi “Azərbaycan”, “Şans” qəzetlərində tanınmış jurnalistlərlə bərabər çalışıb. Son iş yeri isə 14 il çalışdığı “Yeni Azərbaycan” qəzeti olub:


- Hazırda kitab evləri ilə çalışıram. Konkret sifarişlə tərcümələr edirəm. Bundan başqa “Qurd” romanım yanvarın sonu çıxacaq. Hekayələrim isə çapa hazırlanır. Hazırda “Türkan xatun” və “Nüşabə” adlı 2 roman üzərində işləyirəm. Amma deyim ki, onlar ən azı 2-3 il vaxt alacaq.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir