Modern.az

Eldəniz Quliyev: “Hakimiyyətlə dialoq lazımdır” - MÜSAHİBƏ

Eldəniz Quliyev: “Hakimiyyətlə dialoq lazımdır” - MÜSAHİBƏ

8 Noyabr 2013, 10:53

Modern.az Ziyalılar Forumunun və Milli Şuranın üzvü Eldəniz Quliyevlə müsahibəni təqdim edir.

– Milli Şurada sakitlikdir, hərəkətlilik görünmür. Bunun səbəbi nədir?

– Bəzən daha uzaq tullamaq üçün bir az geri çəkilməli olursan. Sakitlik də heç zaman sükutdan xəbər vermir. Bəzən görürsən ki, sakitlikdən sonra çox möhkəm tufan qopur.

– Yaxın günlərdə tufan qopa bilərmi?

– Bəli. Milli Şuranın sessiyası keçiriləcək. Həmin sessiyada ciddi məsələlər müzakirə olunacaq.

– Milli Şuranın yaranmasında və sonrakı proseslərdə Ziyalılar Forumu aktiv fəaliyyət göstərirdi. Amma indi bu, hiss olunmur. Hətta Eldar Namazov da mətbuatdan gizlənir...

– Bunun səbəbini Eldar Namazov özü cavablandıra bilər. Mən nə deyə bilərəm ki?! Hesab edirəm ki, Eldar Namazov Milli Şuranın işi ilə ciddi məşğul olur.

– Milli Şurada həmsədrlik institutunun yaradılmasında fikir ayrılıqları mövcuddur. Bunun səbəbi nədir?

– Fikir ayrılıqları var. Bu da normal qəbul olunmalıdır. Milli Şura demokratik bir qurumdur. Amma hər halda istənilən ciddi məsələni sessiyada həll etmək lazımdır. İlk dəfə həmsədrlik institutunun yaradılmasını Rüstəm İbrahimbəyov təklif edib. Bu, çoxluq tərəfindən optimal fikir kimi qəbul olunur.

– Fikir ayrılıqları ciddi hal alarsa, növbəti istefalar ola bilərmi?

– Bu məsələdə öncəgörümlük etmək istəmirəm. Ola da bilər, olmaya da. Amma Milli Şurada gedənlərin yerinə gəlmək istəyənlərin daha çox olduğunu görürük.

– Yaxın zamanlarda Milli Şuraya yenə üzvlər qəbul ediləcəkmi?

– Şübhəsiz, Milli Şura daha güclənəcək. Yeni üzvlər də qəbul ediləcək. Bir sözlə, Milli Şura demokratik dəyərlər uğrunda mübarizəsini birə beş artıracaq.

– Hazırkı durumda sizcə, Milli Şura hansı addımları atmalıdır?

–Şuranın görəcəyi işlər çoxdur. Sadəcə, atacağı addımları sərgiləməyə səlahiyyətim yoxdur. Çox istərdim ki, həmsədrlik institutu məsələsi həll edilsin, müəyyən konsensusa gəlinsin. Bu istiqamətdə mübarizəsini daha sərtləşdirsin, demokratik dəyərləri uca tutaraq avtoritarizmdən çıxış yollarını bəyan etsin. Yaxın günlərdə bu addımlar atılmalıdır.

– Milli Şuranın növbəti seçkilərə hazırlaşması gündəmə gətirilə bilərmi?

– Seçkilərə hazırlıq hər zaman gündəmdə olmalıdır.

– Rüstəm İbrahimbəyovun iqtidarla müxalifətin dialoq təklifini necə qarşıladınız?

– O, müdrik insandır. Dialoq ünsiyyət vasitəsidir. Cəmiyyətlə hakimiyyət arasındakı uçurumun genişlənməməyi üçün müəyyən dialoqa getmək olar. Məsələn, Qarabağ münaqişə ilə bağlı... Hakimiyyətlə dialoqa getmək olar, hakim partiya ilə deyil.

– Tanımadığınız hakimiyyətlə necə danışıqlara gedə biləsiniz ki?

– Təkid etdiyimiz başqa, reallıq başqadır. Reallıq odur ki, Azərbaycanda seçki keçirilib və saxtakarlıqla da olsa, hakimiyyətdə adam var. Belə vəziyyətdə nə etmək lazımdır? Əbədi düşmənçilik də sonda xalqın başında çatlayır. Xalqa, onun istəyinə, iradəsinə görə istənilən, hətta saxta seçilən hakimiyyətlə belə dialoqa getmək olar.

– Seçkilərdən əvvəl və sonra Azərbaycan ictimaiyyətinin seçkilərə reaksiyasını necə qiymətləndirdiniz?

– Bilirsiniz, cəmiyyət uzun illərdir, əl-qolu bağlanıb, yarış rinqinə buraxılmış idmançıya bənzəyir. Bu situasiyanı cəmiyyət üçün Azərbaycan hakimiyyəti yaratmışdı. Yaxşı ki Milli Şura cəmiyyətin əl-qolunu açdı. İnsanlar gördülər ki, demokratiyanı mübarizə ilə almaq mümkündür və mübarizə aparmaq lazımdı. Hesab edirəm ki, irəliləyiş var və hələ də bu irəliləyiş davam edəcək.

– Bəs beynəlxalq təşkilatların, dövlətlərin  münasibətini necə dəyərləndirdiniz? Bilirsiniz ki, onların bəziləri hazırkı hakimiyyətlə əməkdaşlığı üstün tutdular...

– Siyasətin mənəviyyatsız tərəfləri də var. Çox təəssüf ki, siyasət həmişə mənəviyyatsız olur. Belə deyək, mənəviyyatsız siyasətlə mənəviyyatlı adamlar məşğul olanda faciəyə aparan yol xoşbəxtliyə tərəf istiqamətlənə bilər. Beynəlxalq qurumların bəziləri bu məsələyə ikili standartlarla yanaşdılar, bəziləri sözün həqiqi mənasında satın alındı.  Amma bəzilər ləyaqətlə sözlərini dedilər və bunun üstündə də durdular. Yəni onlar üçün demokratiya, demək olar, tanrı ilə eyniləşdirilir. Onlar sona qədər bildirdilər ki, Azərbaycanda seçkilər total şəkildə saxtalaşdırılıb. 3-cü dəfə prezidentik hər şeyin pozulması demək idi. Hesab edirəm ki, demokratik düşərgənin beynəlxalq təşkilatlarla işi qənaətbəxş olmadı. Amma bir məsələ var, demokratik düşərgənin istinad nöqtəsi Azərbaycan xalqıdır.

– Bəziləri ekspertlər hesab edirlər ki, müxalifət  zəif olduğundan beynəlxalq aləm hazırki iqtidarla əməkdaşlıq etməyə davam etdi. Bu fikirlə razılaşırsınız?

– Həmin beynəlxalq təşkilatlar həm də onu da bilirlər ki, ictimaiyyəti qınamaq olmaz. Çünki buna qədər ictimaiyyətin öz haqqını, hüququnu müdafiə etməyi çox böyük əngəllərlə başa gəlirdi. Onlar bilməlidirlər ki, Azərbaycan jurnalistlərin həbsi olunduğu, azad sözə basqı, hətta mitinqlərin keçirilməsinə icazə verilməyən bir ölkədir.

İlkin

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir